Son iki gündə Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayında azalma olduğu bildirilir. Bəs bunu artıq yeni virusun yayılmasının ölkədə nəzarətə götürülməsi hesab etmək olarmı? Bu məsələ ilə bağlı rəsmi statistikanın açıqladığı rəqəmlər reallığı nə dərəcədə əhatə edir?
Tibb sahəsi üzrə professor Adil Qeybulla AzadlıqRadiosuna açıqlamasında belə bir proqnoz dilə gətirib ki, aprel ayının sonuna koronavirusun "pik" vaxtı bitir, enmə başlayır:
"Bu yayı virussuz keçirəcəyik"
"May ayında azalma baş verəcək. İyun ayında isə virus yoxa çıxacaq. Bu yayı virussuz keçirəcəyik".
Bu sahədə rəsmi rəqəmlərin gerçəkliyi nə dərəcədə əks etdirməsinə gəlincə, A.Qeybulla deyib ki, real rəqəmlər həmişə elan edilən rəqəmlərdən çox olur. Onun fikrincə, bu, hətta statistikası düzgün aparılan ölkələrdə də belədir:
"Bizdə vəziyyəti pisləşdirən bir cəhət odur ki, insanlar miqrasiya durumundadır. Qaçqınlar, xarici ölkələrdə yaşayanlar, dəqiq uçotda olmayanlar var. Əhalinin bir hissəsi Rusiya, Türkiyəyə gedib, gəlirlər. Bunlar hamısı statistikaya təsir edir".
"Nə qədər manipulyasiya olsa da..."
Amma A.Qeybulla vurğulayıb ki, istənilən halda Azərbaycanda virusun intensiv yayılması müşahidə edilmir: "Nə qədər manipulyasiya olsa da, reallığı tam itirə bilməz. Bu mənada, Azərbaycanda epidemioloji vəziyyət başqa ölkələrlə müqayisədə nisbətən qənaətbəxşdir".
Buna da bax: Koronavirusdan sağalan Elvin Əliyev başına gələnləri danışır
Aprelin 20-də xüsusi karantin rejiminin başa çatmasına gəlincə isə, A.Qeybulla deyib ki, sonrakı vaxtla bağlı qərar ölkədə epidemioloji durumdan asılı olacaq. Onun fikrincə, bundan asılı olaraq xüsusi karantin rejimi yüngülləşdirilə də, müddəti uzadıla da bilər.
Deputat Zahid Oruc isə deyib ki, Operativ qərargahın koronavirusa yoluxma ilə bağlı açıqladığı gündəlik rəqəmlər qətiyyən şübhə yeri qoymur. Onun fikrincə, qərargah kifayət qədər açıq siyasət yürüdür, məlumatların ictimailəşdirilməsi mənəvi, psixoloji baxımdan mənzərəni tam görməyə imkan verir və ictimai inamı qazanmadan belə hərəkət etmək çox çətin olardı.
"Müəyyən qədər proseslərin nəzarət altında saxlandığı aydındır"
Z.Oruca görə, koronavirusla bağlı ölkədə tendensiyanı tam müəyyən etmək, hələlik, mümkün deyil. O vurğulayıb ki, dalğalanmalar davam etməkdədir və bu halda konkret orta həddi təyin etmək asan deyil: "Ancaq müəyyən qədər proseslərin nəzarət altında saxlandığı aydındır".
Deputatın vurğulamasına görə, Azərbaycan dövləti xalqın sağlamlığı və sosial rifahı üçün 2.5 milyard manat cəlb etməklə karantin dövrünün ən tez bir zamanda başa çatmasını hədəfləyir: "Biz də ümidvar olmaq istəyirik ki, Çindən sonra Azərbaycan bu prosesi lokallaşdıran, karantin rejiminin yumşaldılmasına gedən ilk dövlətlərdən biri olacaq".
Buna da bax: 3 uşaq atası Vasifə deyirlər ki, sənə yardım düşmür, çünki...
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 115 min civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 1098 nəfərin koronavirusa yoluxduğu, onlardan 250 nəfərin müalicə olunaraq sağaldığı, 11 nəfərin də vəfat etdiyi açıqlanıb. Rəsmi açıqlamaya görə, son sutkada virusa 40 yeni yoluxma müəyyən edilib, 50 nəfər isə sağalıb. Halbuki, iki gün əvvəl ölkədə yoluxanların sayı ilə bağlı üçrəqəmli statistikadan söhbət gedirdi.
Artıq bir neçə aydır dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.
Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən də ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.