Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov həbsdən buraxılıb. Sentyabrın 14-də Şəki Ağır Cinayət Məhkəməsində onun işinə baxan hakimlər bu barədə qərar çıxarıb. Məhkəmə sabiq icra başçısının səhhətindəki problemləri əsas gətirərək onun barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Səmədovun haqqında başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.
Məlumatı Səmədovun vəkili Elnur Vəliyev də AzadlıqRadiosuna təsdiqləyib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin ürəyində ciddi problemlər var. Bundan əlavə, o, kəskin hipertoniya (təzyiq xəstəliyi) və şəkərli diabetdən də əziyyət çəkir. Müdafiəçinin sözlərinə görə, sabiq icra başçısı həbs olunmamışdan əvvəl açıq ürək əməliyyatı keçirib: "Ürəyinə stendlər qoyulmuşdu. İstintaq dövründə DTX-da saxlanılanda da vəziyyəti pisləşmişdi, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü. Bəlkə də orada aldığı müalicənin nəticəsi olaraq həyatda qaldı".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Oradan rəy verildi ki, vəziyyət ciddidir"
Səmədov məhkəməsi başlayandan sonra Şəkidəki Penitensiar Müəssisəyə köçürülüb. Vəkil deyir ki, orada vəziyyəti getdikcə ağırlaşırdı. Bununla əlaqədar bir neçə dəfə vəsatət qaldırıb, həbsdən buraxılmasını istəsə də, həmin vəsatətlər təmin olunmayıb.
"Deyirdilər ki, həkim nəzarəti altındadır, problem yoxdur. Amma mən hər dəfə görüşəndə görürdüm ki, vəziyyəti pisləşir. Dörd-beş gün əvvəl durumu kəskin ağırlaşdı. Onu əvvəlcə Şəkidəki Mərkəzi Xəstəxanaya apardılar. Oradan rəy verildi ki, vəziyyət ciddidir. Hazırda Bakıda xəstəxanadadır. İstisna olunmur ki, ürəyində yenidən əməliyyat keçiriləcək", – vəkil Vəliyevin sözləridir.
Səmədovun məhkəməsi 2021-ci ilin yanvarından başlayıb və hələ də davam edir. Hazırda məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
61-yaşlı Qoca Səmədov 2011-2019-cu illərdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan öncə isə o, 5 il icra başçısının müavini və birinci müavini olub.
2019-cu ilin dekabrında DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Səmədov vətəndaşların ictimai işlərə cəlb edilməsi məqsədilə əməkhaqqı kimi ayrılan vəsaitləri ələ keçirməkdə suçlanır. İddia olunur ki, müxtəlif dövlət orqanlarına işçi kimi rəsmiləşdirilmiş 133 nəfər üçün açılan maaş kartlarından çıxarılan 236 min manat vəsaiti sabiq icra başçısı mənimsəyib. Səmədov həmçinin 2017-2019-cu illərdə Yevlaxda abadlıq işləri üçün büdcədən ayrılan və müxtəlif şirkətlərin hesablarına köçürülmüş vəsaitlər nağdlaşdırılandan sonra onun 616 min manatını geri alıb mənimsəməkdə ittiham edilir.
Səmədov və ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.
Adları çəkilənlərdən yalnız Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyevin məhkəməsi yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il 6 ay həbs cəzası kəsilib. Hökmdən narazı qalan sabiq icra başçısı apellyasiya şikayəti verib. Lakin sentyabrın əvvəlində Quliyev koronavirusdan vəfat edib.