Son vaxt bəzi sosial şəbəkə istifadəçiləri şikayətlənirlər ki, dükan və marketlərdə xaricdən gətirilən bir çox məhsulların qiyməti ilə yerli eyniadlı məhsulların qiyməti arasında ciddi fərq müşahidə edilmir.
Azərbaycanda məhsulun maya dəyəri baha başa gəlirmi? Gəlirsə, enerjidaşıyıcılar ilə zəngin ölkədə bunun səbəbləri nədir? Hökumət məhsulların maya dəyərini aşağı salmaq üçün hansı addımlar atır?
"Əlavə etdiyi məbləğdən ƏDV ödəyəcək"
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzindən "Turan"a bildirilib ki, bu yaxınlarda məhsulların maya dəyərini aşağı salmaq üçün Vergi Məcəlləsinə dəyişikliklər edilib. Mərkəzdən əlavə edilib ki, əvvəllər topdansatış şəbəkəsi qurmaq istəyən bir sahibkar bütün dövriyyəyə görə Əlavə Dəyər Vergisi (ƏDV) ödəyirdi: "İndi isə dəyişikliyə görə, o, yalnız ticarət əlavəsindən vergi verməli olacaq. Yəni, əvvəl məhsulun maya dəyərinin üstünə əlavə məbləğ qoyandan sonra ümumi məbləğdən 18 faiz vergi verirdisə, indi sahibkar yalnız malın üzərinə əlavə etdiyi məbləğdən ƏDV ödəyəcək. Bu da qiymətlərə təsir edəcək".
Buna da bax: Yerli meyvə-tərəvəz niyə bahalaşıb?Qurumdan vurğulanıb ki, bu il ölkədə bir sıra aqrar məhsullarının, o cümlədən taxıl, pambıq, meyvə-tərəvəzin istehsalında artım gözlənilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən də bildirilib ki, 2022-ci ilin yanvar-aprel aylarında meyvə-tərəvəz istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 23.6 faiz artaraq 162.6 milyon ABŞ dolları təşkil edib.
"Süd tozu xaricdən gətirilir"
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanda istənilən sahədə istehsalın müxtəlif komponentləri xaricdən gətirilir: "Məsələn, yerli sayılan süd məhsulları üçün süd tozu xaricdən gətirilir. Ya da yerli məhsul kimi bazara çıxarılan 20 brend adı ilə çay məhsullarının 90 faizi xaricdən gətirilib burada qablaşdırılır".
Onun sözlərinə görə, Azərbaycanda bu məsələdə ən çatışmayan cəhət istehsal zəncirinin olmamasıdır.
Buna da bax: 'Monopolistlər həm istehsal, həm də satış bazarını ələ keçiriblər'N.Cəfərlinin fikrincə, digər bir səbəb gömrük, vergi qanunvericiliyində istehsalçını nəzərdə tutan yumşalmalar və güzəştlərin az olmasıdır.
"Sahibkarlar rüşvət verməyə məcbur edilir"
Başqa bir iqtisadçı, işadamı Nazim Bəydəmirli isə hesab edir ki, maya dəyərinə həm də korrupsiya amili təsir göstərir: "Azərbaycanda korrupsiyanı qavranma indeksi çox yüksəkdir. Sahibkarlar rüşvət verməyə məcbur edilir. Təbii ki, bu, böyük bir mexanizmdir ki, rəqabətli iqtisadiyyat olmadığına görə sahibkarlardan rüşvət tələb edirlər".