Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Karantin martın 24-dən aprelin 20-dək davam edəcək.
Bu müddətdə yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxması qadağan edilir. Xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara evlərində sosial xidmətlər göstəriləcək.
Yaşlıları həkimə kim aparacaq?
Xəstə, yaşlı insanların həkimə getməsi necə həll olunacaq? Şükufə xala diabet xəstəsidir, ayda bir dəfə müayinədən keçməli, analiz verməlidir. Bundan başqa, ayağındakı ağrılarla bağlı yazda müalicə götürmək üçün həkimə getməlidir. Ancaq evdən çıxmaq yasağından sonra o da sual edir: «Mən həkimə necə gedəcəm? Qadağa mənə də aiddirmi?».
Xərçəng xəstələri, yenicə əməliyyat edilən insanlar da eyni sualla üzləşiblər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıbov AzadlıqRadiosuna deyir: «Bu, bizim səlahiyyətimiz çərçivəsində deyil. Yəqin, Səhiyyə Nazirliyi və ya Təcili Tibbi Yardım Xidmətinin yardımından istifadə olunacaq».
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə belə deyir: «Bu cür hallar tək-təkdir. Bununla bağlı nəsə hazırlanır. Bunu yenə də operativ qərargah bilər. Bəlkə ahıllara sosial xidmət göstərəcək işçilər bu məsələni də həll edəcəklər? Detalları bilmirəm. Yəqin, müzakirə olunacaq».
Buna da bax: ABŞ əhalisinin yarısına evdən çıxmamaq tapşırılıb
AzadlıqRadiosu bununla bağlı Nazirlər Kabineti yanında Operativ qərargahdan açıqlama ala bilməyib.
Ahıllar özləri 142-yə zəng etməlidir, bəs etməyənlər?..
Yaşlı və xəstələr sosial xidmət üçün ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınmalıdırlar. Yalnız bundan sonra qeyd edilən xidmətlər onlara göstəriləcək. Bu haqda nazirliyin saytında məlumat yerləşdirilib.
Sual yaranır: «Yaşlı şəxs özü müraciət etməsə, o, baxımsız, qulluqsuz qalacaq?».
AzadlıqRadiosunun suallarını nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıbov cavablandırır. O deyir ki, maksimum məlumatlandırma işləri aparılacaq, amma mətbuata çıxışı olmayan, proseslərdən xəbərsiz yaşlı insanlarla bağlı da addımlar atılacaq: «Əvvəlki dövrdə nazirlik yaşı 70-dən yuxarı olan, tənha insanların qeydiyyatını aparıb. Qanunvericiliyə əsasən, ahıl şəxslərə sosial xidmətlər artıq göstərilməkdədir. Bu baxımdan, mexanizm artıq mövcuddur, problem yoxdur. Qalır indi 65-70 yaşın nümayəndələrini müəyyənləşdirmək. İcra nümayəndələri, Mənzil İstismar Sahələri ilə əlaqə saxlayaraq siyahıları istəyəcəyik. Beləliklə, yaxın günlərdə tənha yaşayan, yaşı 65-dən yuxarı olanların siyahısı hazır olacaq və onlara sosial xidmətlərin göstərilməsinə başlanacaq».
Buna da bax: Karantində saxlananlar narazılıq edir
F.Talıbovun sözlərinə görə, sosial xidmətçilər ev təsərrüfatına kömək edir, təmizlik aparır, əsas tələbat malları, ərzaq, dava-dərman alınmasında, kommunal xidmətlərin ödənilməsində yardımçı olacaqlar: «Zəruri ehtiyacdan yaranan bütün köməklik göstəriləcək ki, yaşlı vətəndaşımız evindən çıxmasın. Məqsədimiz həmin vətəndaşların evlərdən çıxmamasına yaxından yardımçı olmaqdır».
Züleyxa nənə və nəvəsi...
68 yaşını haqlayan Züleyxa Məmmədova da bu sadalananlar sırasındadırmı görəsən? İki oğlu Türkiyədə, qızı ailəsi ilə Bakı ətrafında yaşayır. Nənə iki aydır ana olmuş nəvəsi Təranə ilə birgə qalır.
«Uşağa süd verir, ona xəstələnmək olmaz. Bu halda küçəyə çıxmasına icazə vermirdim, özüm hər şeyi alıb gətirirdim, yeməyi də, dərmanı da, uşağın pampersini də, hər şeyi... Amma indi necə olacaq, bilmirəm. Nəvəmin yoldaşı da Azərbaycanda deyil», – Z.Məmmədova deyir.
İqtisadçı Rövşən Ağayev isə Facebook-da yazır ki, yaşlı, ahıl, tənha, xəstə insanların məcburi şəkildə evdə qalması ilə bağlı qərar siyasi sistemin daha bir boşluğunu ortaya çıxardı. Onun sözlərinə görə, normal ölkələrdə ən ucqar kəndlərdə belə sosial xidmət funksiyasını bələdiyyə üzərinə götürür. İqtisadçı hesab edir ki, Azərbaycanda bələdiyyə sisteminin varlığı yoxluq kimidir: «Heç nə demirəm, TV-lərdə baxın, görün, Türkiyədə şəhər bələdiyyələri bu günlərdə nə dərəcədə fövqəladə rejimdə çalışır. Hətta küçəyə çıxma qadağasını pozan yaşlıların belə əhvalını pozmadan küçə və parklarda onların arxasınca sürünür, maşınlara mindirib evlərinə çatdırırlar. Bələdiyyə əvəzsiz bir institutdur - əlində çoxlu pulu və səlahiyyəti olan heç bir təyinatlı icra qurumunun heç vaxt əvəz edə bilməyəcəyi təsisat».
Buna da bax: Rasim Balayev: 'Qurban olduğum qudurmuş adamları cəzalandırır'
«Dede toplama aracı»
Türkiyədə yaşayan jurnalist İlhamə Qasımlı yaşlıların evdə oturması üçün ciddi addımlar atıldığını deyir. O, yaşlıların ehtiyacı olan ərzağın, dərmanın və tələbat mallarının alınması üçün «Vəfa» qaynar xəttinə zəng vurduqlarını söyləyir.
«Hətta bugünlərdə bir yaşlı zəng edib qazlı su istədiyini demişdi. TV-lər də verdilər ki, yox artıq, bu qədər də olmaz», – jurnalist gülərək danışır. İ.Qasımlı yaşlıların evdə qalması üçün cərimələr tətbiq edildiyini də deyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
«İlk gün inzibati cəzaların ola biləcəyini düşünmədikləri üçün yaşlılar evdən çıxdılar. Türk kültüründə belə bir şey var, yaşlı kişilər məhəllədə, çayxanada və ya parkda toplaşıb söhbətləşirlər. Bu, gündəlik oturuşmuş qaydadır. Ona görə də xüsusi ilə yaşlı kişilərə evdə oturmaq psixoloji baxımdan çox çətindir. Amma ilk gündə çölə çıxanların polisə aparılıb cərimələnməsi və həmin halın təkrarlanacağı halda həbs cəzası xəbərdarlığından sonra küçəyə çıxanların sayı azaldı. Hətta bələdiyyələr şəhərlərdə «Dede toplama araçı» ilə reydlər apardı», – o əlavə edir.
Çexiyada hökumət, sadəcə, səhər saatlarında bəlli vaxtda sahəsi 500 kvadratmetrdən yuxarı marketlərdə yaşlı şəxslərin alış-verişinə icazə verir, bu zaman başqa yaş kateqoriyasından olanlar marketlərə buraxılmır. Başqa xüsusi qadağa və ya güzəşt yoxdur.
Almaniyada yaşayan jurnalist Maarif Çingizoğlu deyir: «Dünən şəhərdə idim, lap yaşlı adamları küçədə, alış-verişdə gördüm. Əvvəlki kimi kütləvilik yoxdur, amma yaş məhdudiyyəti də yoxdur». O, ayrı-ayrı adamların kampaniyalar apardığını, yaşlı adamların qapılarına ərzaq və dezinfeksiya məhsulları olan zənbillər qoyduqlarını söyləyir.
Azərbaycanda isə, hələlik, yaşlı insanların siyahısı hazırlanmaqdadır. Fazil Talıbov deyir, adlar bəlli olduqca, sosial xidmət göstərilməsinə başlanacaq.