Yaxınları deyir ki, Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya paltar, dərmanı çatdıra bilmirlər.
Bu barədə AzadlıqRadiosuna T.Yaqublunun qızı Nigar Həzi danışıb. Onun sözlərinə görə, bir aydan çoxdur ki, T.Yaqublu az qala eyni paltardadır: "Nə evdən ona zəruri əşyalar apara bilirik, nə də ki, paltar. Ölkədə və həbsxanada karantin olduğunu bilirik. Amma adam bir ay eyni paltarda necə qala bilər? Özü də gigiyenanın bu qədər önəmli bir vaxtında (koronavirus pandemiyasını nəzərdə tutur-red.). Atanın sağlığına görə, narahat oluruq. Heç dərmanlarını da verə bilmirik. Qadağaları qoyanda hər şeyi nəzərə almaq lazımdır…".
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə "Turan” agentliyinə bütün bu deyilənlərlə bağlı bunları söyləyib: "Bildiyiniz kimi, penitensiar müəssisələrində karantin rejimi mövcuddur. Bu üzdən sovqatların qəbulu və görüşlər müvəqqəti dayandırılıb. Eyni zamanda, paltarın və dərmanların ötürülməsi ilə bağlı hər hansı bir problem yoxdur".
Xatırlatma
T.Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsi ilə suçlanır. İddia olunur ki, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı.
T.Yaqublu ilə münaqişə yaşadığı bildirilən şəxs isə onun hücumuna məruz qaldığını iddia edib.
T.Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaş yaratmaqda günahlandırılaraq 3 il həbsdə saxlanıb. (5 il həbs cəzası almışdı, əfv sərəncamı ilə azadlığa çıxıb) O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında da 30 sutkalıq həbs olunmuşdu. Bu həbs zamanı T.Yaqublu işgəncələrə məruz qaldığını bildirmişdi. Daxili İşlər Nazirliyi isə işgəncələr barədə deyilənlərin böhtan olduğunu bəyan edib.
Yaxınları onun səhhətində problem olduğunu söyləyirlər.