Yaşayış minimumu: faiz ilə, yoxsa dəfə ilə

Sizin brauzer HTML5-i dəstəkləmir

'Prezident də, Mehriban xanım da gəlsinlər kasıb-kusubun evinə' (Video arxiv)

Azərbaycanda gələn il üçün yaşayış minimumu bu illə müqayisədə 14 manat (təqribən 8 dollar) çox ola bilər.

"Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Qanun layihəsində onun həddi 210 manat müəyyən edilib. 2021-ci ildə yaşayış minimumu 196 manat olub.

Yaşayış minimumu haqqında qanunda qeyd edilir ki, o, minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Həmin norma istehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlərin orta bazar qiymətləri ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır.

R.Quliyev

"İnflyasiya rəqəminə uyğundur"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, yaşayış minimumunun artırılması inflyasiya gözləntiləri ilə bağlıdır: "Yaşayış minimumun artma faizi təxminən Azərbaycan hökumətinin nəzərdə tutduğu inflyasiya rəqəminə uyğundur".

Deputat qeyd edib ki, yaşayış minimumunun artırılması insanların rifahına inflyasiyanın təsirinin qarşını almağa yönəlib: "İstehlak səbətindən danışanda onun 75-85 faizi insanların fizioloji yaşaması, qalan 15-25 faiz isə onların sosial formada özünü idarə etməsi üçün nəzərdə tutulan xərclərdir".

Buna da bax: Uçot dərəcəsinin yüksəldilməsi bahalaşmanı dayandıracaqmı?

"Azərbaycanda normal inflyasiya var"

Komitə üzvü vurğulayıb ki, bazar iqtisadiyyatının iki böyük bəlası var: "Biri inflyasiyadır, o biri isə işsizlikdir. Bu bəlalar istənilən ölkədə var. Təbii ki, dövlət elə sosial-iqtisadi siyasət qurur ki, insanların rifahı ən azından eyni tərzdə qalsın. Azərbaycanda dövlət qurumları çalışır ki, inflyasiyanın artımını eyni diapazonda saxlasınlar. Dünya standartlarına görə, normal inflyasiya səviyyəsi 2.5-3 faizdən 6 faizə qədərdir. Azərbaycanda da bu normal inflyasiya var".

Onun sözlərinə görə, gələn ildən prezident İlham Əliyevin tapşırığı ilə əmək haqları, müavinətlər artacaq: "Bu, sosial yardımlara da müəyyən qədər təsir edəcək. Bununla dövlət birmənalı öz borcunu həll edir".

N.Əliyev

"Rüsumlar və vergiləri isə 50-100 faiz qaldırılır"

İqtisadçı Nemət Əliyev də AzadlıqRadiosuna bildirib ki, yaşayış minimumu 7 faiz artırılır: "Dövlət rüsumları və vergiləri isə 50-100 faiz civarında qaldırılır. Bu qeyri-mütənasiblik əhalinin həyat səviyyəsini pisləşməsi ilə nəticələnəcək".

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin rəsmi məlumatından görünür ki, 2020-ci ildə ölkəyə idxal olunan malların qiyməti 22.7 faiz, bu il isə 21.7 faiz bahalaşıb: "Azərbaycanın daxili bazarlarında isə idxal olunan malların həcmi təxminən 50-60 faizdir. Bu o deməkdir ki, bu 1 il 9 ay ərzində Azərbaycan bazarlarında böyük çəkisi olan idxal malları təxminən 50 faiz bahalaşıb. Bu da o deməkdir ki, bizim ümumi əmtəə bazarında təxminən 25 faiz bahalaşma qeydə alınıb. Bu gün də bahalaşma davam etməkdədir".

Buna da bax: Rüsumların artırılması hansı sahələrdə qiymət artımına səbəb olacaq?

"Bu, yetərli olmayan bir qərardır"

N.Əliyev deyir ki, əhalinin çox böyük sürətlə yoxsullaşması faktı ortalıqdadır: "Bu vəziyyətdə yaşayış minimumunun 7 faiz artırılması haqqında qərar verirlər. Bu, əhalinin yaşayış səviyyəsi ilə uzlaşmayan və yetərli olmayan bir qərardır".

O vurğulayıb ki, hökumət indiki yaşayış minimumunun məbləğini baza kimi götürüb və ilin əvvəlindən başlayaraq ölkədə yaşanan faktiki bahalaşma səviyyəsini indeksasiya edib artırsaydı, onu əhəmiyyətli hesab etmək olardı: "Halbuki, indiki yaşayış minimumunun məbləği də real vəziyyəti əks etdirmir. Hökumət indeksasiya etsəydi, yaşayış minimumunun məbləği ən azından 235-250 manat olmalı idi. Lakin ərzaq və qeyri-ərzaq səbətini hazırkı qiymətləri ilə dəyərləndirəndə məlum olur ki, yaşayış minimumu qat-qat artıq olmalıdır".