Yeni Yasamalda polislərin başına zibil atmaqda suçlanaraq həbs olunan Elvin və Kərim Süleymanov qardaşlarından birinin cəzası dəyişdirilib. Bu barədə AzadlıqRadiosuna apellyasiya məhkəməsindən məlumat verilib.
Qardaşların hər ikisinə Yasamal Rayon Məhkəməsinin qərarıyla 15 gün inzibati həbs cəzası verilmişdi. Bir gün sonra K.Süleymanlı səhhətindəki problemlərə görə azadlığa buraxılıb. Bu əsasla da onun cəza çəkməsi təxirə salınıb.
Qardaşlar haqqında həbs qərarından verilmiş apellyasiya şikayətlərinə ayrı-ayrılıqda baxılıb. E.Süleymanov haqqındakı qərar qüvvədə saxlanılıb. K.Süleymanlının qərarı isə dəyişdirilib. Onun 15 günlük həbs cəzası 200 manat cərimə ilə əvəzlənib.
Sosial şəbəkələrdə yayılmış videogörüntülərdə evdən yarıçılpaq vəziyyətdə aparılan 32-yaşlı E.Süleymanov, onun geyimsiz aparılmasına etiraz edən, heç olmasa, şalvar geyinməsini istəyən isə qardaşı, 29-yaşlı Kərimdir. Başqa bir videogörüntüdə polisin "dovşan" dediyi qadın isə onların anası Gülər Süleymanovadır.
Ailə polislərin hərəkətlərindən şikayət edib
K.Süleymanlı bir gün sonra azadlığa buraxılanda jurnalistlərə sifətində və bədən nahiyəsindəki xəsarət izlərini göstərərək, polis bölməsində 5 saata yaxın döyüldünü bildirmişdi. Kliniki Tibbi Mərkəzdə müayinə olunan K.Süleymanlının xəsarətləri həkim rəyi ilə də təsdiqlənib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev isə K.Süleymanlının polisə müqavimət göstərərkən xəsarət aldığını bildirib.
Süleymanovlar ailəsi polislərin hərəkətlərindən Yasamal Rayon Prokurorluğuna şikayət edərək, onların cəzalandırılmasını istəyib.
Qardaşların vəkili Cavad Cavadov AzadlıqRadiosuna K.Süleymanlının cəzasının dəyişdiyini və prokurorluğa şikayət etdiklərini təsdiqləsə də, bu barədə əlavə məlumat vermək istəməyib.
Yeni Yasamalda həbs olunanlardan Amil Mahmudovun haqqındakı 20 günlük inzibati həbs cəzası da qüvvədə saxlanılıb. Onun həyat yoldaşı Lalə Mahmudova AzadlıqRadiosuna bildirib ki, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib: "Artıq ölkədaxili hüquqi müdafiə vasitələri tükəndi. Avropa Məhkəməsinə şikayət edəcəyik. Eyni zamanda, prokurorluğa da şikayət etmişik. Nə qədər yalvar-yaxar elədim ki, onkoloji xəstəyəm, kimyaterapiya olunmalıyam, evin çörəkgətirəni yoldaşımdır, buraxsınlar. Gözünün qarşısında atasını döyə-döyə aparanda 8-yaşlı uşaq travma alıb, onun da müalicəyə ehtiyacı var. Heç kim eşitmədi".
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Daxili İşlər Nazirliyinin Yeni Yasamaldakı insidentlə bağlı yaydığı rəsmi açıqlamada deyilir ki, iyunun 7-də karantin rejiminə nəzarət edən polis əməkdaşları yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. Həmin vaxt binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üstünə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.
"Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir", - nazirliyin məlumatında qeyd olunub.
AzadlıqRadiosunun müsahibə aldığı şəxslər isə yaxınlarının qanunsuz olaraq saxlandığını deyirdilər.