Bugün, mayın 6-da Xaçmaz rayonunun Ağarəhimoba və Köhnə Xaçmaz kəndlərinin sakinləri rayon icra hakimiyyətinin qarşısına toplaşıblar.
İcra hakimiyyətin önünə toplaşan sakinlər bir sıra sosial problemlər dilə gətiriblər. "Suyumuz, qazımız yoxdur, yollar pis vəziyyətdədir. Bələdiyyə isə problemlərin həlli ilə məşğul olmur. Mart ayında qazımız çəkilməli idi, hələ də ortada heç nə yoxdur. Su yoxdur deyə, əkdiyimiz ağaclar quruyub. Kanalda su var. Varsa, suvarma su niyə buraxılmır? Hər il su olurdu, bu il niyə yoxdur? Səbəbi bizə izah etsinlər", - Ağarəhimoba kəndin sakinlərindən biri bildirib.
Köhnə Xaçmaz sakinləri da suyun olmamasından əziyyət çəkdiklərini söyləyiblər. "Biz bura gəlmişik ki, icra başçısı bizə köməklik etsin. Sutkalarla suyumuz gəlmir", - həmin kəndin sakinlərindən bir də vurğulayıb.
Hadisə yerinə gələn rayon icra hakimiyyəti başçısının müavinlərindən biri şikayətçilərlə söhbət edib. Müavinin deməsinə görə, artıq siyahı tərtib olunub ki, hansı kəndə nə qədər su lazımdır. "Kanalda su azdır. Bir neçə gün sonra su bol olacaq və bu problem həll olunacaq", - o, vurğulayıb.
Aksiya insidentsiz başa çatıb. Şikayətçilərin açıqlamasına, hələlik, sözügedən kəndlərin bələdiyyə sədrləri və başqa uygun qurumlardan münasibət almaq mümkün olmayıb.