Müxalifətçidən 103 min manat tutula bilər

V.Mirkamal

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamaldan 103 min manat tutula bilər.

Bu barədə onun özü məlumat verib.

Müxalifətçi qeyd edib ki, Bakı İnzibatı Məhkəməsi ona təqaüdə çıxdığı gündən indiyədək ödənilən rütbə pulunun qanunsuz hesablandığı və 103 min manatın geri alınması barədə qərar verib.

Ədliyyə generalının sözlərinə görə, şikayət versə də, ona baxılmadan həmin qərar icraya yönəldilib.

V.Mirkamalın bildirməsinə görə, artıq əmlakının siyahıya alınmasına başlanılıb: "Mən 25 il Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mühazirə oxumuşam. Ali Arbitraj Məhkəməsinin (sonralar İqtisad Məhkəməsi adlandırıldı) sədr müavini vəzifəsində işləmişəm. Pensiyaya da Ali Məhkəmənin sədr müavini kimi çıxmışam. 1993-cü ildə mənə 1-ci ixtisas dərəcəli hakim rütbəsi verilib. Qanuna görə, bu ixtisas dərəcəsi alan hakimin maaşına və təqaüdünə beş minimum əməkhaqqı məbləğində vəsait əlavə edilməlidir".

Buna da bax: 'Korrupsiyaya yox de' deyən müəllim işinə bərpa olunmaq istəyir

V.Mirkamal 2008 ildən təqaüd alır. Onun vurğulamasına görə, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, mövcud hakimlərin maaşına edilən əlavələr təqaüdə çıxan hakimlərə də tətbiq edilməlidir. V.Mirkamalın deməsinə görə, həmkarları haqlı olaraq bu müddəadan yararlandığı halda, ona münasibətdə bu norma tətbiq edilməyib:

"Aldığım təqaüd minimuma endirildi"

"Bu yanlışlıqla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi rütbəlilərin pensiya təminatı şöbəsinə ərizə ilə müraciət etdim. Aylarla ərizəmə cavab verilmədi. Sonda mən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Mən məhkəməyə müraciət edən kimi şöbənin rəisi ərizəyə mahiyyəti üzrə cavab vermək əvəzinə, mənə indiyədək ödənilmiş rütbə pulunun qanunsuz olduğu və indiyədək ödənilmiş 103 min manatın geri alınması barədə inzibati qərar verdi. Həmin qərarla aldığım təqaüd minimuma endirildi".

Buna da bax: Siyasi partiyalar haqqında yeni qanunu kimlər necə görür

Ədliyyə generalının vurğulamasına görə, bu qanunsuz və absurd hərəkətlərin qarşısı uzun hüquqi prosedurlardan sonra müvəqqəti dayandırılıb.

"Lakin Bakı İnzibati Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi mənim qanuni tələblərimin əsassız olması barədə absurd qətnamə qəbul etdi", - V.Mirkamal izahında söyləyib.

V.Mirkamalın deməsinə görə, oktyabrın 10-da Bakı İnzibati Məhkəməsində 103 min manatın ondan tutulması barədə işə baxılacaq. O bu prosesdən müsbət dönüş gözləmir və baş verənləri müxalifətçi fəaliyyəti ilə izah edir.

Bütün bu deyilənlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, cavabdeh qurumlar və başqa rəsmi orqanlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim siyasi baxışlarına görə ayrıseçkiliyə məruz qalmır.