Ümumdünya Meteorologiya Təşkilatının (WMO) 2020-ci ili əhatə edən hesabatı iqlimlə bağlı problemlərin dərinləşməyə davam etdiyi göstərir. Hesabatda qeyd edilir ki, ötən il dünyada orta temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1.2 santiqrad daha çox olub ("santiqrad" deyərkən, 1 dərəcənin yüzdə biri nəzərdə tutulur – red.). Qurumun hesabatını şərh edən Birləşmiş Millətlər Təşkilatının (BMT-nin) Baş katibi Antonio Quterreş hökumətləri iqlim problemləri ilə bağlı çağırışlara daha həssas yanaşmağa çağırıb. O qeyd edib ki, orta temperaturun 1.2 santiqrad artması elm adamlarının təhlükəli hədd saydığı 1.5 santiqradlıq artıma çox yaxın göstəricidir. Baş katib hazırda bəşəriyyətin durumunu "uçurumun kənarındayıq" deyə şərh edib.
Tədqiqatlar göstərir ki, sənaye inqilabının başlanğıcından bəri atmosferdə karbon dioksidin miqdarı 260 faiz artıb. Bəs Azərbaycanda bu məsələ ilə bağlı durum necədir?
Dövlət Statistika Komitəsinin hesabatlarından aydın olur ki, əgər 1990-cı ildə Azərbaycanda stasionar mənbə və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2 milyon 846 min tona bərabər idisə, 2019-cu ildə bu göstərici 1 milyon 122 min ton olub. Bir çox ölkədən fərqli olaraq Azərbaycanda atmosferə atılan zərərli qazların həcmcə azalması heç də ekoloji siyasətdən qaynaqlanmır. Bu fərqi yaradan əsas amil sovet dövründə fəaliyyət göstərən bir çox sənaye müəssisəsinin işini dayandırmasıdır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Daha bir diqqətçəkən göstərici də ondan ibarətdir ki, əgər 1990-cı ildə atmosferə atılan çirkləndirici maddələrin 26 faizi avtomobil nəqliyyatının, 74 faizi isə stasionar mənbələrin hesabına formalaşırdısa, 2019-cu ildə bütün çirkləndiri maddələrin 84 faizinə məhz avtomobillər səbəb olub. Yəni, həmin müddət ərzində stasionar mənbələrin atmosferə atdığı çirkləndirici maddələrin həcmi 2 milyon 108 min tondan 177 min tonadək azalıb. Əvəzində, avtomobillərin atmosferə atdığı çirkləndirici maddələrin həcmi 738 min tondan 945 min tona yüksəlib. Avtomobillər hesabına yaranan çirkləndirici maddələrin həcmi son 20 il ərzində iki dəfədən çox artıb. Stasionar mənbələrdən ildə adambaşına 18 kq, avtomobillərdənsə adambaşına 95 kq çirkləndirici maddə atmosferə atılır.
Pandemiyanın təsirləri
Ötən il koronavirus pandemiyasına görə tətbiq edilən məhdudiyyətlər atmosferə atılan çirkləndiri maddələrin həcminə də nisbi təsir göstərib. Keçən il ölkədə stasionar mənbə və avtomobillərdən atmosferə atılmış çirkləndirici maddələrin həcmi 2019-cu illə müqayisədə 312.6 min ton azalaraq bütövlükdə 809.5 min ton olub. Bütün tullantıların təxminən 82 faizi avtomobillərin, 18 faizi isə stasionar mənbələrin payına düşüb. Stasionar mənbələrdə yaranan zərərli maddələrin cəmi 65 faizi təmizləyici qurğulardan keçib.
Sizin brauzer HTML5-i dəstəkləmir
İl ərzində avtomobillərdən atılmış zərərli maddələrin həcmi 30.1 faiz, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 16.1 faiz azalıb. Ölkədə atmosferə atılmış bütün zərərli maddələrin 62 faizini karbohidrogenlərin, 14.1 faizini azot oksidinin, 11.6 faizini karbon oksidinin, 0.7 faizini kükürd anhidridinin, qalan hissəsi isə digər çirkləndirici maddələrin payına düşüb.
Həm tullantılar, həm də toz?
Azərbaycanda atmosferə atılan çirkləndirici tullantılarla yanaşı, kiçik toz zərrəciklərinin çoxluğu da narahatlıq yaradır. Ötən il Yel Universiteti "Ekoloji Performans İndeksi" (Environmental Performance Index) adlı hesabatında açıqlamışdı ki, diametri 2.5 mikrometrdən az olan (insan saçından 100 dəfə nazik) və havada uzun müddət asılı qala bilən kiçik toz hissəciklərinin havanı çirkləndirməsinə görə Azərbaycan dünyada 180 ölkə arasında 170-ci yerdədir. Həmin toz hissəciklərinə məruzqalma gözlərdə, burun və boğazda qıcıqlanma, öskürək, asqırma və nəfəs darlığı, uzun müddət məruzqalma isə astma və xroniki bronxit kimi tənəffüs problemləri doğura bilər.