Ötən il Azərbaycan Aqrar Subsidiya Şurası (ASŞ) 2022-ci il üçün subsidiya əmsallarını açıqlamışdı. Orada diqqətçəkən məqamlardan biri bu il Azərbaycanın bəzi rayonlarında üzümçülüklə məşğul olacaq fermerlərə birdəfəlik əkin subsidiyalarının verilməsi idi. Söhbət Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarından gedirdi. Salınacaq üzüm bağlarının hər hektarına görə 8 min manat birdəfəlik əkin subsidiyasının verilməsi nəzərdə tutulurdu. Fındıq bağının hektarına isə 4 min manat.
Bəs pay torpağı olanlar, fermerlər bu məsələyə maraq göstərirmi? Hökumətin hazırlığı nə yerdədir?
Sizin brauzer HTML5-i dəstəkləmir
"Onlarla rəqabət aparmaq mümkün deyil"
Şamaxıda yaşayan fermer Səməd Əhmədov (ad və soyadı şərtidir) AzadlıqRadiosuna bildirib ki, üzümçülüyə daha bir elə maraq göstərmir: "Üzüm bağım var idi, amma sonra onun yerində başqa meyvə-tərəvəz əkdim. Mənim üçün başqa meyvə-tərəvəzlərin əkini daha sərfəlidir. Üzümçülüklə gərək çox böyük sahələrdə məşğul olasan ki, sənə yaxşı gəlir gətirə. Bu işlə məşğul olan iri fermer təsərrüfatları çoxdur. Onlarla rəqabət aparmaq mümkün deyil".
Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, subsidiyaların verilməsi ASŞ-nın qərarı əsasında həyata keçiriləcək. Qərara əsasən, bazası 200 manat olmaqla 2022-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği üzüm üzrə belədir: Bağın salındığı ildən ilk 4 il ərzində əmsalı 3.2 olmaqla hər hektara görə 640 manat, 4 ildən sonrakı illər üzrə 1.25 əmsalı ilə hər hektara görə 250 manat.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Bununla bağlı bütün lazım olan tədbirlər görülür"
Nazirlikdən əlavə olunub ki, meyvəçilik sahəsində bu ildən salınacaq bağlara birdəfəlik əkin subsidiyası da ödəniləcək: "…Dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində 2022-ci ildə salınacaq üzüm bağlarının hər hektarına görə 8 min manat birdəfəlik əkin subsidiyası veriləcək. Bununla bağlı bütün lazım olan tədbirlər görülür".
"Yeni üzüm bağları salan…"
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, indi üzüm sahələrini genişləndirən, yeni üzüm bağları salan, əsasən, aqroparklar və iri fermer təsərrüfatlarıdır: "Əksər xırda fermer təsərrüfatları artıq ya əkdiyini əkib, ya da, ümumiyyətlə, üzüm bağlarını ləğv edib başqa fəaliyyətlə məşğuldur. Ona görə ki, onlar istehsal etdikləri məhsulu vaxtlı-vaxtında sata bilmədilər, ziyana məruz qaldılar. Hərdən görürsən ki, suvarma suyuna olan ehtiyaclar ödənilmir, keyfiyyətsiz gübrə ilə məhsuldarlıq aşağı düşür. Ona görə də onlar asan satılan məhsula keçirlər".
Ekspert hökumətin ötən il qəbul etdiyi qərarı dəyişməsinə də diqqət çəkib: "Qərarları dayanıqlı deyil, qərarları dəyişirlər. Məsələn, pambıq, şəkər çuğunduru və tütün istehsalında əkin sahələrinə görə deyil, əldə olunan məhsula görə subsidiyalar veriləcək. Yəni, qərarlar tez-tez dəyişdiyinə görə kəndlilər artıq inanmır".
V.Məhərrəmlinin sözlərinə görə, aqroparkların və iri təsərrüfatların sahibləri məmurlardır: "Elə ona görə məhz belə qərarları qəbul edirlər ki, özləri məşğul olduqları sahələrə subsidiyalar daha çox verilsin".