5 milyondan çox əcnəbi
Son illərdə Türkiyəyə köçən əcnəbilərin sayı çoxalır. Özəlliklə Yaxın Şərq və postsovet ölkələrindən Türkiyəyə üz tutanların sayında artım diqqət çəkir. Türkiyə miqrasiya idarəsinin bu ilin may sonuna olan məlumatına görə, bu ölkədə rəsmi "oturum izni" ilə məskunlaşan əcnəbi sayı 1 milyon 113 min nəfərdir. Halbuki, 2010-cu ildə bu say 182 min nəfəri ötməyib. Beləcə, son 11 il boyunca Türkiyədə rəsmi yaşayış icazəsiylə yaşayan əcnəbilər sayca təxminən 10 dəfə artıb. Bu da var ki bu il "oturum izni" alanların təxminən yüz mini Türkiyədə təhsil alan əcnəbi tələbələrdir.
Ayrıca qeyd edilməlidir ki, məlum savaşdan sonra Türkiyəyə gələn Suriya vətəndaşları qaçqın statusu daşıdıqlarından bildirilən saya daxil deyillər.
Buna da bax: Azərbaycanda hansı ölkələr şirkət açıb, pul qoyub, işləyir?Hazırda Türkiyədə qaçqın statusu ilə yaşayan təxminən 3 milyon 700 min suriyalı var. Bu o deməkdir ki, rəsmi yaşayış icazəsi olmadan Türkiyədə qaçaq yaşayan əcnəbiləri də nəzərə alsaq, ölkədə, ən azı, 5 milyondan çox xarici vətəndaş var.
Türkiyədəki azərbaycanlılar
Türkiyədə məskunlaşan əcnəbilər arasında ilk yerlərdən birini də Azərbaycan vətəndaşları tutur. Rəsmi məlumatlara görə, hazırda Türkiyədə 56 min 438 nəfər Azərbaycan vətəndaşının rəsmi "oturum izni" var. Azərbaycanda iqtisadi durumun pisləşməyə başladığı və devalvasiyaların baş verdiyi 2015-ci ildə bu göstərici 32 minə bərabər idi. Deməli, son altı il ərzində Türkiyədə rəsmi yaşayış icazəsi ilə məskunlaşan Azərbaycan vətəndaşlarının sayı 24 min nəfər və ya 75 faiz artıb.
|
Ölkə |
Türkiyədə rəsmi yaşayış icazəsi ilə yaşayanların sayı |
1 |
İraq |
132 min 813 |
2 |
Türkmənistan |
125 min 929 |
3 |
Suriya |
94 min 803 |
4 |
İran |
68 min 246 |
5 |
Özbəkistan |
56 min 505 |
6 |
Azərbaycan |
56 min 438 |
7 |
Rusiya |
53 min 469 |
8 |
Əfqanıstan |
49 min 928 |
9 |
Qazaxıstan |
30 min 800 |
10 |
Misir |
27 min 628 |
Hazırda Türkiyədə rəsmi yaşayış icazəsi ilə məskunlaşan 56 mindən çox azərbaycanlının 10 min 356 nəfəri, yəni, 18 faizi tələbələrdir. Türkiyədəki hər doqquz əcnəbi tələbədən biri azərbaycanlıdır. Tələbələrə verilən rəsmi yaşayış icazəsinin sayına görə Azərbaycan siyahıda, sadəcə, Türkmənistandan geri qalır. Hazırda Türkiyədə 13 minə yaxın türkmənistanlı tələbə təhsil almaqdadır.
Azərbaycanlıların lider olduğu rəsmi "oturum izni" növü isə ailələrə verilən yaşayış icazələri ilə bağlıdır. Bu tip rəsmi yaşayış icazələri Türkiyə vətəndaşları ilə ailə həyatı quran əcnəbilərə və Türkiyədə rəsmi yaşayış icazəsi olan xarici vətəndaşlarla evlənən şəxslərə verilir.
Buna da bax: Azərbaycanın Türkiyə iqtisadiyyatında rolu artırHazırda Türkiyədə 85 minə yaxın bu tip yaşayış icazəsi verilib ki, bu icazələrin 11 min 577-si Azərbaycan vətəndaşlarına məxsusdur. Siyahıda sonrakı iki yeri Rusiya (6 min 568) və Ukrayna (6 min 265 nəfər) vətəndaşları tutur.
Azərbaycanlılar Türkiyə vətəndaşlarına ərə gedən xarici ölkə vətəndaşları arasında da lider yerləri tutur. Türkiyə statistika qurumunun məlumatına görə, ötən il ərzində 18 min 909 xarici ölkə vətəndaşı türk kişilərə ərə gedib. Həmin 18 min 909 xaricidən 2 minə yaxını azərbaycanlı qadınlardır və onlar həmin göstəricilər baxımından təkcə suriyalı qadınlardan geridədirlər. Ötən il 2 min 800-ə yaxın siruyalı qadın türkiyəli kişilərə ərə gedib.