Koronavirus pandemiyasından əvvəl Azərbaycan vətəndaşları kütləvi şəkildə İrana, Gürcüstana və Rusiyaya gedirdi. Bunu həmin ölkələrlə sərhəd keçid məntəqələrində açıqca görmək mümkün idi. Hazırda hətta əlaqələrin bir elə sərtləşdirilmədiyi və milli valyutası ilboyu kəskin şəkildə ucuzlaşan Türkiyəyə gediş-gəlişin də elə də sıx olmadığı müşahidə edilir. Halbuki, Türkiyə kütləvi informasiya vasitələrinin məlumatlarına görə, bir çox ətraf ölkələrdən bu ölkəyə alış-verişə gələnlərin sayı kəskin artmaqdadır. Azərbaycanda isə, rəsmi məlumatlara görə, karqo şirkətləri vasitəsilə alış-veriş etməyə üstünlük verənlərin sayı çoxalır.
"Buradakı Türkiyə istehsalı geyim çox bahadır"
Bakı sakini Ruslan Nəsirli də onlayn alış-verişə üstünlük verir. O, AzadlıqRadiosuna deyib ki, bu onun üçün daha sərfəlidir: "Burada Türkiyə istehsalı geyim çox bahadır. Hətta endirimlə belə Türkiyədəki qiymət arasında iki dəfə fərq var. Xüsusi saytlar var, oradan baxıb seçirəm və karqo şirkəti vasitəsilə sifariş verirəm. Olur ucuz və sərfəli. Bizdəki dükanların birində qiymət fərqinin səbəbi ilə maraqlandım. İcarə haqqı, kommunal xidmətlərin baha olması ilə yanaşı, gömrük rüsumlarının da baha olduğunu dedilər".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Kölgə iqtisadiyyatı və qaçaqmalçılıqla mübarizə…"
Dövlət Gömrük Komitəsindən (DGK) "Turan"a bildirilib ki, 2018-ci ildən bəri ölkəyə mal gətirilməsində rüsum və vergilər artırılmayıb: "Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə malların, fabrikat və yarımfabrikatların gömrük rüsumundan və ƏDV-dən azad olunması ilə bağlı 20-yə yaxın qərar dərc olunub. Şəffaflıq, qanunçuluq, kölgə iqtisadiyyatı və qaçaqmalçılıqla mübarizənin gücləndirilməsi gedir. Bu da yığımların sərtləşdirilməsi siyasətini şərtləndirir".
Komitədən deyiblər ki, bütün sahibkarlara yerli bazarlara mal gətirmək üçün bərabər imkanlar yaradılıb, inhisarçılıqla mübarizə aparılır: "Bu siyasətin nəticəsində büdcəyə daxilolmalarda artım təmin olunub. Cari ilin 10 ayı ərzində gömrük orqanlarının xətti ilə 3 milyard 185 milyon manat proqnoza qarşı 3 milyard 560.3 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib. 10 aylıq büdcə öhdəliyi 111.78 faiz yerinə yetirilib".
"O, həmin sərəncamı ləğv etdi"
İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, dörd-beş il bundan əvvələ qədər Azərbaycan vətəndaşları xaricə gedib rahat öz ehtiyacları həcmində lazım olan ərzaq və qeyri-ərzaq mallarını ölkəyə gətirə bilirdilər: "Sonra Prezident İlham Əliyev sərəncam imzaladı ki, Azərbaycan vətəndaşları heç bir vergi ödəmədən 10 min dollar həcmində malı xarici ölkələrdən gətirə bilərlər. Amma qısa müddət sonra nəsə baş verib və o, həmin sərəncamı ləğv etdi. Məbləğ endirildi 1 min dollara. 2020-ci ildə poçt vasitəsilə ölkəyə malların vergisiz gətirilməsi endirildi 300 dollara. Yəni vətəndaş gömrük vergisini ödəmək istəmirsə, ayda 300 dolları keçməyən məbləğ çərçivəsində sifariş verməlidir".
"Malın qiymətini özü qoyur"
İqtisadçının fikrincə, ölkəyə ərzaq və qeyri-ərzaq gətirən vətəndaşların sayının azalmasının səbəblərindən biri də budur.
Sizin brauzer HTML5-i dəstəkləmir
O hesab edir ki, gömrük vergilərinin rəsmiləşdirilməsi doğru şəkildə keçirilmir: "Qanunda göstərilir ki, xarici ölkələrdən Azərbaycana mal gətirilərkən bunun gömrük dəyərini müəyyən edən əsas sövdələşmə qiymətləridir. Yəni gömrük qiymətini təyin etmək üçün alıcı ilə satıcı arasında bağlanmış müqavilədə və fakturalarda göstərilən qiymət əsas götürülməlidir. Amma Gömrük Komitəsi bu sənədləri əsas kimi götürmür və malın qiymətini özü qoyur. Ona görə də malların qiyməti qalxır".
N.Əliyev xaricdən Azərbaycana gətirilən malların 21.4 faiz bahalaşmasına diqqət çəkir: "Bu, Dövlət Statistika Komitəsinin rəsmi məlumatıdır. Heç bir ölkədə xaricdən gətirilən malların qiymətində belə bahalaşma yoxdur. Vəziyyət o qədər bərbaddır ki, hətta qonşu Türkiyədə milli valyutanın əhəmiyyətli dərəcədə ucuzlaşmasına və ardınca da malların dollar qiymətinin düşməsinə baxmayaraq, Azərbaycanda bu malların qiyməti ucuzlaşmır. Bu, həmin səhv siyasətinin nəticəsidir".