Tofiq Yaqublunun işi üzrə istintaq yekunlaşdı

Sizin brauzer HTML5-i dəstəkləmir

Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun işi üzrə istintaq iyulun 2-də yekunlaşıb. Bunu AzadlıqRadiosuna T.Yaqublunun vəkili Nemət Kərimli bildirib. Vəkilin sözlərinə görə, Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında bu qərarı T.Yaqubluya da elan edib.

"Yəqin ki, növbəti həftə həm Tofiq Yaqublu, həm də müdafiəçilər cinayət işinin materialları ilə tanış olacaqlar. Daha sonra iş məhkəməyə göndəriləcək", - N.Kərimli belə deyib.

Vəkil əlavə edib ki, T.Yaqublu ilk gündən özünü təqsirli bilmir, istintaqın yekunlaşması haqda qərar elan olunanda da bunu bir daha təkrarlayıb: "Bildirdi ki, şər-böhtandır".

Xatırlatma

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

T.Yaqublu haqqında həbs qərarı verilərkən məhkəmədə də bildirib ki, baş verənləri o, telefonuyla çəkmişdi. Amma həqiqəti gizlətmək üçün polis idarəsində onun telefonunu yoldaşından alıblar və geri qaytarmayıblar.