Məhkəmə Tofiq Yaqublunun şikayətini təmin etmədi

Sizin brauzer HTML5-i dəstəkləmir

Tofiq Yaqublunu özü-özünü döyməkdə ittiham edirlər...

Məhkəmə də Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun özü özünü döydüyü nəticəsinə gəlib, cinayət işi başlamaqdan imtina edən prokurorluğu haqlı sayıb. Prokurorluğun həmin qərarının ləğvi üçün Səbail Rayon Məhkəməsinə verdiyi şikayəti hakim Azər Tağıyev təmin etməyib.

Martın 11-də məhkəmədə çıxış edən Yaqublu deyib ki, ədalətli qərar gözləntisi yoxdur. Çünki döyülməsi də, prokurorluğun qərarı da sifarişlidir. Məhkəmənin də sifarişlərin icrasını davam etdirəcəyinə əmindir.

Siyasi fəal vurğulayıb ki, sifarişçi də Prezident İlham Əliyevdir.

Qısa müşavirədən sonra hakim şikayətin təmin olunmadığını açıqlayıb.

Yaqublu AzadlıqRadiosuna bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək: "Apellyasiya məhkəməsindən də ədalətli qərar gözləmirəm. Avropa Məhkəməsinə müraciət etmək üçün ölkə daxilində bütün məhkəmə instansiyalarını keçmək tələb olunur. Ona görə şikayət verəcəyik".

Xatırlatma

Tofiq Yaqublu dekabrın 1-də günorta saat 15:00 radələrində Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Siyasi fəal bildirib ki, öncə 39-cu polis bölməsində döyülüb, daha sonra gözləri bağlı vəziyyətdə harasa aparılarkən işgəncələr davam edib.

Səbail Rayon Prokurorluğu Yaqublunun şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib. Prokurorluq belə nəticəyə gəlib ki, onun döyülməsində cinayət tərkibi yoxdur.

"Tofiq Yaqublunun bədəni üzərində aşkar edilmiş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşməsini nəzərə alaraq, şəxsin özü tərəfindən özünə xəsarət yetirməsi nəticəsində və yaxud da sifət nahiyəsini avtomaşının müxtəlif hissələrinə vurması nəticəsində əmələ gəlməsi inkar edilmir", – prokurorluğun qərarında belə yazılıb.