Dekabrın 27-də Milli Məclisin plenar iclasında deputat Aqil Abbas tələbə inşaat dəstələri yaradılmasını təklif edib. O, təklifini belə əsaslandırıb: "Niyə gedib BAM-ı (Baykal Amur Magistralı) tikə bilir Azərbaycan gənci? Niyə gedib Qarabağın azadlığı uğrunda könüllü canından keçə bilir Azərbaycan gənci? 3 min oğlan şəhid olub, Allah hamısına rəhmət eləsin. Qazi olublar. Niyə gedib Qarabağa könüllü işləməsinlər? Maaş da almalıdırlar, bu öz yerində. Yəni, iki ay nədir ki, boş-bikar, avara gəzənəcən gedib Qarabağda o tikintidə iştirak etməsinlər".
O qeyd edib ki, Qarabağ üçün bu, çox vacibdir: "İşçi tapılmır. Verdikləri maaş da... Oxuyub görürük ki, o maaş deyil. Amma tələbə gedib 300-400 manata... Könüllü gedəcək, vallah, pul da istəməyəcək. Müharibəyə gedən pul istəyirdi? Ölməyə gedəndə pul istəyirdi? Yox!..".
BAM haqqında qısa…
BAM-ın tikintisinə Sovet İttifaqının bütün respublikalardan, o cümlədən Azərbaycandan tələbələr cəlb edilib. (İlk stansiyanın tikintisi 1923-cü ildə başa çatıb. 1974-cü ildə tikintidə yeni mərhələ başlanıb) Azərbaycanın keçmiş prezidenti, o vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev (1980-ci illər) BAM-ın tikintisi üzrə komissiyanın rəhbəri olub. 2008-ci ildə bu dəmiryolun ən böyük stansiyalarından biri olan Anqoy vağzalına Heydər Əliyevin adı verilib.
Qərbi Kaspi Universitetinin tələbəsi Əhməd Məmmədlinin AzadlıqRadiosuna səslənən təkliflə bağlı bildirməsinə görə, əgər hökumət hesab edir ki, tələbələr işləyib pul qazanmalıdır, onda əvvəl ölkədə işsizlik problemi həll olunmalıdır: "Ölkədə fiziki işlə məşğul olan inşaatçılar belə iş axtarıb tapa bilmirlər. Əlavə olaraq, əgər tələbələrin boş-bikar qalmasını istəmirlərsə, universitetlərin kifayət qədər Karyera mərkəzləri var, bunlardan istifadə edə bilərlər".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Tələbə oxumaqla fayda verə bilər"
Onun sözlərinə görə, tələbələrin rifahını düşünən deputat onların təqaüd məsələsini qaldırmalıdır: "Çünki tələbə oxumaqla fayda verə bilər, hansısa fiziki işlə məşğul olmaqla yox. Əgər tələbə ixtisaslaşmaq istəyirsə, o öz profilinə uyğun Karyera Mərkəzində, yaxud da məktəbdə, laboratoriyada, elmi mərkəzdə tədqiqatla məşğul olmalıdır…".
Ə.Məmmədli qeyd edib ki, tələbələr üçün görüləsi işlər çoxdur: "Tələbələrin təqaüdləri qaldırılmalıdır, yataqxana, nəqliyyat problemi həll edilməlidir. Əlavə olaraq da, Azərbaycan qanunvericiliyinə görə, tələbələr işçi sayıla bilməz, onlar intellektual fəaliyyətlə məşğuldurlar və tələbə ilə əmək müqaviləsini bağlamaq qadağandır. Ona görə də Aqil Abbasın fikirləri nə hüquqi cəhətdən doğrudur, nə də mənəvi".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Varlı şəxslərin öz uşağını göndərəcəyini düşünmürəm"
Bakı Dövlət Universitetinin tələbəsi Ləman Qasımova da bildirib ki, müharibə ilə Qarabağın bərpasını müqayisə etmək yanlışdır: "Əgər müharibəyə könüllü gənclər gedirdisə, - halbuki, cəbhəyə də varlı təbəqənin uşaqları getmirdi, - burada da yenə varlı şəxslərin ora öz uşağını göndərəcəyini düşünmürəm".
O hesab edir ki, bəzi qurumlar Qarabağda könüllü işləmək istəyən şəxslər üçün layihəyə start verə bilərlər: "Amma heç bir qurumun gəncləri ora göndərməyə səlahiyyəti çatmır. Bəli, mühəndislik, inşaat oxuyan tələbələri evpulu ilə təmin etmək şərtilə təcrübə üçün Qarabağa göndərmək olar. Amma digər fakültələrin tələbələrinin işçi qüvvəsi kimi ora göndərilməsinə qarşıyam".
"Maraqlı təklifdir"
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə deputat Aqil Abbasın təklifini maraqlı görür: "Nəzərə alsaq ki, bu gün ölkənin ali təhsil müəssisələrində 180 mindən çox tələbə təhsil alır, bu, maraqlı təklifdir. Amma bu o demək deyil ki, bütün tələbələri Qarabağa aparıb orada bərpa işində istifadə etmək lazımdır".
Onun fikrincə, mühəndislik, texnologiya, kənd təsərrüfatı ixtisasları üzrə tələbələri nəzəri biliklərini tətbiq etmək üçün Qarabağa aparmaq olar: "Ora tarix, ingilis dili fakültəsində oxuyan tələbələri aparmağa ehtiyac yoxdur. Yəni, daha çox təmir və bərpa işlərinə ixtisası uyğun tələbələri təcrübə üçün aparmaq olar".
Təklifə Təhsil Nazirliyi və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.