“Dünən ( iyunun 19-da) daha 438 nəfərin koronavirusa yoluxması qeydə alındı və bu, indiyə qədər sutka ərzində qeydə alınan ən yüksək göstəricidir”.
Bunu bu gün, iyunun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, ölkədə aktiv xəstələrin sayı 5 min 299 nəfərə, ümumi yoluxanların sayı 11 min 767 nəfərə çatıb:
“Biz iki həftə ərzində həftəsonu qapanmalarla bağlı təəssüf hiss ilə qeyd etmək istəyirəm ki, istədiyimiz məqsədi ala bilmədik, nəticəni görə bilmədik , tam əks nəticə oldu. Biz istəyirik ki, sosial aktivliyi, bir yerə toplanmanı azaldaq. Bu gün hər bir vətəndaş infeksiya mənbəyi ola bilər, virus tənəffüs yolu ilə yayılır. Bu gün xəstəliyin peyvəndi, spesifik müdalixəsi yoxdur”.
Koronavirus pandemiyası iləbağlı martın 24-dən Azərbaycanda karantin elan edilib.Aprelin 27-dən karantin mərhələlərlə yumşaldılsa da sonradan əks tədbirlər görülüb ( yoluxma yenidən artırdı). Son iki həftəsonu isə Bakı və ölkəınin bir sıra bölgələrində küçəyə çıxmaq yasağı qoyuldu.Həmin yasaqlar öncəsi paytax sakinlərinin bir çoxu karantinin sərtləşdirilmədiyi rayonlara üz tutdular.
Qarşıdakı iki həftədə Bakı və ölkənin bəzi yerlərində karantin yenidən sərtləşdiriləcək.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 766 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 462 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə indiyə qədər 11 min 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 143 nəfərin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib.