Səadət Cahangir cərimələndiklərini deyir

S.Cahangir

Aprelin 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, "Azadlıq" qəzetin əməkdaşı Səadət Cahangir və bu partiyanın Ali Məclis sədrinin müavini İradə Nərimanın saxlandığı bildirilir.

S.Cahangirin özü AzadlıqRadiosuna deyib ki, polis onları partiya sədri Əli Kərimlinin yaşadığı evinin girişində saxlayıb: "Əli bəyin 55 illik yubileyi ilə bağlı yazı hazırlamaq məqsədilə onlara getməliydim. İradə Nəriman da SMS icazəsi ilə mənimlə birgə getmək istədiyini bildirdi. Təxminən saat 12:00-da Əli bəyin yaşadığı binanın blokundan içəri girmək istədikdə mülkigeyimli 4 nəfər bizə hücum etdi. Özlərini təqdim etmədən onlarla getməli olduğumuzu bildirdilər, israrla özlərini təqdim etmələrini tələb etsək də, nəticə olmadı".

S.Cahangir bildirib ki, onları Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətiriblər: "Bölmədə heç bir kobud davranış göstərilməsə də, saat 16:00-a kimi bizi orda saxladılar. Protokol tərtib etdilər, mənim jurnalist vəsiqəm, İradə xanımın SMS icazəsi olmasına baxmayaraq, 100 manat cərimə edərək buraxdılar. Bizi karantin rejimini pozmaqda günahlandırdılar".

(Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimi elan edilib. Ölkə vətəndaşları zəruri hallarda küçəyə çıxarkən 8103 nömrəsinə SMS göndərərək icazə almalıdırlar. Rəsmi şəkildə elan edilən qaydaya görə, jurnalistlərdən bu tələb edilməməlidir-red.)

S. Cahangir əlavə edib ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət olunacaq.

AXCP-dən hesab edirlər ki, hakimiyyət karantin rejimindən onlara təzyiq vasitəsi kimi istifadə edir.

Bu deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma nazirlikdən bundan əvvəl AXCP-nin oxşar açıqlamasını "dezinformasiya" adlandırmışdılar.