Azərbaycan Müdafiə Nazirliyi iyulun 15-də atəşkəsin pozulması ilə bağlı növbəti məlumat yayıb.
Həmin məlumatda da yazılıb ki, iyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Kut kəndi (Basarkeçər rayonunun Zərkənd kəndi ) ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Açıqlamaya görə, cavab atəşi açılıb, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Bu məlumata Ermənistan Müdafiə Nazirliyi, hələlik, münasibət bildirməyib.
Bundan əvvəl Azərbaycan yenə Şuşa ətrafındakı mövqeylərinin vurulduğunu deyirdi.
Bu barədə iyulun 15-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. ",deyə nazirliyin məlumatında yazılıb.
Azərbaycan Müdafiə Nazirliyi habelə qeyd edib ki, qarşı tərəfə cavab atəşi açılıb.
Məlumatda o da bildirilir ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hələlik, Ermənistan Müdafiə Nazirliyi bu barədə bir məlumat verməyib.
Naxçıvan sərhədində vəziyyət
Azərbaycan bundan əvvəl iyulun 13-də də Şuşa ətrafında mövqeylərinin atəşə tutulduğunu açıqlamışdı. Daha sonra da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulduğu bildirilmişdi. Nəticədə Azərbaycan ordusunun bir hərbi qulluqçusunun yaralandığı deyilirdi.
Bu məlumatı Ermənistan tərəfi də təsdiqləmişdi. Ermənistan tərəfinin məlumatına görə Azərbaycan hərbçiləri mühəndis texnikalarından istifadə edərək, istehkam işləri görmək üçün mövqelərini qabağa çəkməyə cəhd edib.Vurğulandığına görə, amma cavab tədbirindən sonra, Azərbaycan əsgərləri Ermənistan ordusunun mövqeyini atəşə tutublar.
Ermənistanın Müdafiə Nazirliyi buna ciddi cavab veriləcəyi barədə xəbərdarlıq etmişdi. Nazirlik 1 əsgərinin həlak olduğunu bildirirdi.
Son həftələr istər Azərbaycan Ermənistan sərhəddində, istərsə də Qarabağ bölgəsində atəşkəsin pozulması ilə bağlı tez-tez məlumatlar yayılır. Buna görə, tərəflər qarşılıqlı olaraq bir-birlərini günahlandırırlar.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Şuşa daxil ) və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.