Sumqayıta ayrılan milyonlarla bağlı məhkəmə bitdi

Sumqayıt

Sumqayıtda abadlıq-quruculuq işlərinə ayrılmış vəsaitlərlə bağlı aylardır davam edən məhkəmə sentyabrın 3-də yekunlaşıb. Ancaq Prezidentin Ehtiyat Fondundan binaların dam örtüklərinin dəyişməsinə, dənizkənarı bulvarda tikinti-bərpa işlərinə, yolların təmirinə ayrılan milyonların hara və necə xərcləndiyi yenə aydınlaşmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda abadlıq işlərində istifadə olunmuş inşaat materiallarının sahiblərini aldadıb, onların pulunu ödəməməkdə təqsirləndirilən işadamı Müqayis Verdiyevə hökm oxunub. Hökmə əsasən, M.Verdiyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Onun bundan öncəki cinayət işinə görə aldığı şərti cəzası da birləşdirilib və üzərində 4 il həbs saxlanılıb.

Ört-basdır etməkdən ötrü onu həbs etdiriblər

Hökmdə yazılıb ki, pulları mənimsənildiyi iddia olunub zərərçəkmiş qismində tanınan sahibkarlar məhkəmədə M.Verdiyevə qarşı şikayət və tələblərinin olmadığını bildiriblər. Məhkəmə də bunu nəzərə alıb.

Buna da bax: Sahibkar niyə həbsxanadadır?

Hökmdən öncə M.Verdiyev son sözünü deyib. O, vəkilinin çıxışı ilə razılaşdığını söyləyib və Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyasından ədalətli qərar çıxarılmasını istəyib.

İşadamının vəkili Fariz Namazlı məhkəmədə demişdi ki, zərərçəkmiş sahibkarlar M.Verdiyevdən yox, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyindən şikayətçidirlər. Onlar avadanlıqların satışı üçün icra hakimiyyətinin vəzifəli şəxsləri ilə razılaşdıqlarını, M.Verdiyevi isə ümumiyyətlə, tanımadıqlarını söyləyiblər.

M.Verdiyev özü də ittihamları qəbul etmir və həbsinə görə də Sumqayıtın icra başçısı Zakir Fərəcovu günahlandırır. Deyir ki, prezidentin sərəncamı ilə ayrılan milyonları mənimsəyib, bütün bunları ört-basdır etməkdən ötrü onu həbs etdiriblər. Onun sözlərinə görə, istifadə olunmuş materialların, işləyən fəhlələrin pulunu icra hakimiyyəti ödəməyib. Ortaya narazılıqlar çıxanda da çəkilib kənarda dayanıb, bütün məsuliyyəti onun üzərinə atıblar.

Buna da bax: Sahibkarların aksiyasının polis müdaxiləsi ilə dağıldığı deyilir

Cinayət işinin materiallarında abadlıq işlərinin görülməsindən ötrü tender keçirilməsi, tenderdə hansı şirkətlərin iştirak etməsi, təkliflərlə bağlı heç bir sənəd yoxdur. Hətta şəhərdəki tikinti-abadlıq işlərinin görülməsi üçün ödənişlərin rəsmi, müqavilə, bank sənədləri ilə gerçəkləşdirildiyini təsdiqləyən sübutlar da yoxdur.

İttihamda yazılıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə M.Verdiyev arasında şifahi razılaşma olub. Vəkil isə deyir ki, dövlətin milyonlarla vəsaitini sadəcə şifahi razılaşma ilə xərcləmək anormal haldır.

Xatırlatma

M.Verdiyev 2014-cü ildə Goranboy rayonunda da tikinti-abadlıq işləri ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuşdu. İttihama görə, M.Verdiyevlə «Fəqan Xidmət Təşkilatı» MMC arasında şifahi razılaşma olub. Şifahi razılaşdırılmış subpodrat müqaviləsinə görə, 2012-ci ilin oktyabrından 2013-cü ilin martına qədər Goranboyda tikinti-abadlıq işlərini həyata keçirmək üçün 27 nəfər usta və fəhləni cəlb edib. Onlara gördükləri işin müqabilində əməkhaqqı kimi verilməli olan pulu (21 min 138 manatı) «Fəqan Xidmət Təşkilatı» MMC-dən alsa da, ödəməyib.

İşadamı isə bildirirdi ki, rayonda tikinti-abadlıq işlərinə görə tenderdə qalib gəlmiş «Fəqan Xidmət Təşkilatı» MMC icra başçısının oğluna məxsus idi, ona görə də qalib elan edilmişdi. 1.3 milyon manatlıq tenderin 256 min manatlıq hissəsinin icrası isə ona həvalə olunub.

M.Verdiyevin iddiasına görə, «Fəqan»ın rəhbəri tenderin pullarını mənimsəyib və son nəticədə də onu qurban veriblər.

O işə görə illərlə davam edən məhkəmə proseslərindən sonra M.Verdiyevə 2 il 3 ay cəza verilmiş, sonradan şərti cəzayla buraxılmışdı.