SOCAR: '1674 işçi sərbəstləşdirilib'

Sizin brauzer HTML5-i dəstəkləmir

SOCAR-da yüzlərlə fəhlə işdən çıxarılır (Video arxiv)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) ixtisarlar olduğu bildirilir. Bu cür məlumatlar zaman-zaman mətbuatda yer alır. Sonuncu dəfə bununla bağlı iddialar ötən ilin aprelin sonunda gündəmə çıxmışdı. Lakin SOCAR-ın özü həmin iddiaları təkzib edib kadr islahatları aparıldığını vurğulamışdı.

"Əməkhaqqının 50 faizi…"

Şirkətdən "Turan"a bildirilib ki, optimallaşdırma tədbirləri ilə əlaqədar olaraq indiyə qədər 1 min 674 işçi "sərbəstləşdirilib": ""Məşğulluq haqqında" Qanununda da qeyd olunub ki, sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslərdir".

Vurğulanıb ki, sərbəstləşən işçilərə son aldıqları ortalama aylıq əməkhaqqının 50 faizinin hər ay ödənilməsi təklif olunur (müddət bildirilməyib-red.): "Həmin müddətdə isə şirkət həmin sərbəstləşdirilmiş və ya fəaliyyətsiz qalmış işçilərinə daxili vakansiyalar təklif edir".

Sizin brauzer HTML5-i dəstəkləmir

SOCAR-da 5 min nəfər işdən çıxarılır? 'İndi ailəni necə saxlayım?'

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə AzadlıqRadiosuna mövzu ilə bağlı bunları deyib: "1999-cu ildə Natiq Əliyev hələ SOCAR-ın rəhbəri olanda hasilat aşağı düşüb və ixtisarlardan qaçmaq üçün qərar verilmişdi ki, şirkətə işə qəbul saxlanılsın. 2006-cı ildə isə Rövnəq Abdullayev SOCAR-ın prezidenti təyin olundu və işə qəbul başlandı, şöbələr əvəzinə idarələr yaradıldı və işçilərin sayı kəskin artdı".

"Adını isə optimallaşma qoydular"

Hüquq müdafiəçisi deyir ki, neft ucuzlaşarkən "OPEC+" ölkələri onun hasilatının azaldılması ilə bağlı qərar qəbul edəndən sonra Azərbaycanda bir neçə quyu bağlanıb: "Orada çalışanlar isə ixtisara düşdü, adını isə optimallaşma qoydular. Daha sonra qeyri-qanuni imtahanlar keçirməyə başladılar".

Sizin brauzer HTML5-i dəstəkləmir

İş axtaran neftçi: 'SOCAR-ın qapısından içəri buraxmırlar'

Onun sözlərinə görə, ixtisara düşmüş işçilərə şərt qoyulub: "Dedilər ki, siz müəyyən qaydalara əsasən kompensasiya alırsınız və Məşğulluq İdarəsində uçota düşürsünüz. Amma qanuna əsasən, əgər ixtisara düşən şəxsin torpaq payı varsa, o, məşğul şəxs kimi tanınır və uçota götürülmür. Bundan başqa, kompensasiya kimi əməkhaqqının beş mislini götürüb işdən çıxan adamın razılaşma müqaviləsində yazılır ki, o, heç yerə şikayət edə bilməz. Gələcəkdə SOCAR və onun tərəfdaşlarının elan etdiyi müsabiqədə iştirak edə bilməz".

Mövzu ilə bağlı əmək münasibətlərinə xitam verilən şəxslərin özləri ilə danışmaq mümkün olmayıb.

Xatırlatma

Bundan əvvəl SOCAR-da işçilərin sayının kəskin azalması halı 2014-2015-ci illərdə neftin ucuzlaşdığı dövrdə özünü göstərmişdi. 2017-ci il iyunun 30-da SOCAR-ın Azərbaycandakı işçilərinin sayının 50 min 272 nəfər olduğu bildirilmişdi. 2014-cü ilin sonuna isə bu dövlət şirkətində 54 min 714 nəfər işçi çalışdığı açıqlanmışdı.

2018-2019-cu illər kütləvi ixtisarlarla bağlı şikayətlər eşidilmirdi.