Son günlər ölkənin cəzaçəkmə müəssisələrindən 200 nəfər məhbus vaxtından tez azadlığa buraxılıb. Bununla bağlı dünən, martın 26-da Ədliyyə Nazirliyi açıqlama yaydı. Açıqlamada bildirilirdi ki, nazirliyin xüsusi komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, videokonfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib: «.... Növbətçi hakimlər tərəfindən həmin işlərə təxirə salınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb».
Bu prosesin davam edəcəyi gözlənir.
Əslində, dünyada yayılan koronavirusla bağlı cəzaçəkmə müəssisələrindən məhbusların buraxılmasına bəzi ölkələrdə bir qədər də tez və daha geniş formada başlanıb. Bəs, görəsən, Azərbaycanda siyasi məhbus sayılan şəxslərin də azadlığa buraxılacağı gözlənilirmi?
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun deməsinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrup bu məsələ ilə bağlı Prezident Administrasiyasına müraciət də edib. Üstəlik, onlardan bəziləri ilə bağlı cəzaçəkmə müəssisələrindən narahatedici məlumatlar da gəlməkdədir. Yaxınlarının AzadlıqRadiosuna bildirməsinə görə, hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri, keçmiş Qarabağ müharibəsi veteranı Babək Həsənovun cəzaçəkmə müəssisəsində qızdırması yüksəlib, səhhəti pisləşib (B.Həsənov çirkli pulların yuyulmasında ittiham edilərək 3 il həbs cəzası alıb. 2018-ci ildə həbs edilən cəbhəçi ittihamı sifarişli, qurama sayır)
«Turan» agentliyi B.Həsənovun səhhəti ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqova üz tutub. «Martın 26-da B.Həsənov həkim yoxlamasından keçirilib. Onun səhhətində hər hansı problem aşkarlanmayıb»,- M.Sadıqov bildirib.
Buna da bax: Deputat: '3 ay kredit ödənilməsində güzəştlər edilsin'
Hüquq müdafiəçisi N.Cəfəroğlu isə deyib ki, hökumət cəzaçəkmə müəssisələrində bu virusla bağlı təhlükə yaranmasını istəmirsə, şəxsiyyət əleyhinə cinayət törətməyənləri bağışlaya bilər: «İstəyib-istəməməyimizdən asılı olmadan bu virusun cəzaçəkmə müəssisələrində də yayılma ehtimalı var».
«İndi bu məsələ hakimiyyətin özündən asılıdır»
N.Cəfəroğlu qeyd edib ki, bu sırada siyasi məhbus sayılan şəxslər də azad edə bilərlər. Onun fikrincə, indi hökumət bunu heç bir xarici təsir olmadan, öz təşəbbüsü ilə, siyasi iradə göstərərək edə bilər: «İndi bu məsələ hakimiyyətin özündən asılıdır. Hüquq müdafiəçiləri olaraq müraciət etmişik. Biz də təşəbbüs göstəririk ki, hansısa nəticələrə nail olunsun. Bu istər ölkə, istər xalq üçün vacib məsələdir və öz problemimizi özümüzün həll edə bilməyimiz üçün şans yaranıb. Bir-birimizin yanında olmaq fürsəti yaranıb, bundan istifadə etmək lazımdır».
Hələlik, hüquq müdafiəçilərinin siyasi məhbus sayılan şəxslərlə bağlı müraciətinə Prezident Administrasiyasından münasibət bildirilməyib.
Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev isə deyib ki, hazırda buraxılan şəxslər arasında fərq qoyulmur, kiminsə vaxtından əvvəl azadolma hüququ yaranıbsa, qanunvericiliklə bu müraciətlərə baxılır:
«Yaş, cinayətin xarakteri nəzərə alınır»
«Maksimum çalışılır ki, pozitiv rəy verilsin və məhkəmələr tərəfindən də pozitiv həllini tapsın. Burada Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələrinə uyğun olaraq kriteriyalara da diqqət yetirilir. Yaşlı məhkumlara diqqət yetirilməsi, cinayətin xarakteri nəzərə alınır, başqa fərq yoxdur».
Ə.Nuriyevin sözlərinə görə, indi cəza müddəti 6 ay və daha az qalanlar şərtsiz olaraq azadlığa buraxılır. Onun vurğulamasına görə, bu məqsədlə Ədliyyə Nazirliyi, Penitensiar Xidmət təmsilçiləri və qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrindən ibarət Cəzadan Vaxtından Əvvəl Azadetmə Komissiyası fəaliyyət göstərir:
Buna da bax: A.Qeybulla: 'Aprel ayında çoxsaylı xəstələr üzə çıxsa,...'
«Bu işlərə videokonfranslar vasitəsilə baxılır. Birbaşa təmas da yoxdur. Komissiya rəyləri məhkəməyə göndərir, növbətçi hakimlər də videokonfranslar vasitəsilə bu işlərə baxır».
«Proses gedir və davam edir»
Onun sözlərinə görə, vaxtından əvvəl azad ola bilmək üçün cəzanın ya 3/4-ü, ya 2/3-si, ya da yarısı cəkilməlidir. Ə.Nuriyev vurğulayıb ki, üstəlik, cinayətin xarakteri də nəzərə alınır: «Ən azı 6 ay ona görə deyirik ki, bu mübahisəsiz məsələdir. Ola bilər ki, cəza müddəti 1 il, ya ilyarım qalanların da işlərinə baxılsın. Proses gedir və davam edir».
Hazırda bu məsələlər sosial şəbəkələrdə də müzakirə edilir. Bəzi şəxslər yazıblar ki, haradasa 10-dan çox siyasi məhbusun azad edilməsinə 6 aydan da az vaxt qalıb. Amma, hələlik, onlardan heç kimin buraxılmadığı bildirilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı yerli hüquq müdafiəçilərinin vahid siyahısı yoxdur. Bəzi hüquq müdafiəçiləri ölkədə 100-dən çox, bəziləri isə bundan az siyasi məhbusun olduğunu deyirlər.
Azərbaycan rəsmiləri isə, ümumiyyətlə, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onların deməsinə görə, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 22 mindən çox şəxsin vəfat etdiyi bildirilir.
Azərbaycanda indiyə qədər rəsmi şəkildə 122 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 15 nəfərinin sağalıb evlərinə buraxıldığı, 3 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı 3 mindən çox şəxsin karantində saxlandığı açıqlanıb.
Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.