►“Könüllü sığorta bazarındakı artıma icbari sığorta səbəb olub”
Azərbaycanda könüllü sığorta bazarının, əsasən, ölüm halından sığorta növündə artım müşahidə olunub.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AzadlıqRadiosuna bildirilib ki, həyat sığortasına aid edilən ölüm halından sığorta haqqı təxminən 2 dəfə artıb:
“Ötən ilin uyğun dövründə bu sinif üzrə sığorta haqqı 7 milyon 600 min manat olduğu halda, indiki rəqəm 15 milyon yarımdır”.
Buna da bax: Milyonlarla işçi sığortalanmayıb
Sığorta haqlarında 35, sığorta ödənişində 19 faiz artım
Palata bildirir ki, ümumiyyətlə, ötən ilin uyğun dövrü ilə müqayisədə könüllü sığorta bazarında, həm sığorta haqları yığımında, həm də sığorta ödənişlərində artım tendensiyası müşahidə edilib. Həyat sığortası üzrə sığorta haqlarında 35 faiz, sığorta ödənişində 19 faiz artım qeydə alınıb.
Ölüm halından sığorta növünə görə, bazarda 3 şirkət – “Paşa Həyat” ASC, “Qala Həyat” ASC və “Atəşgah Həyat” ASC fəaliyyət göstərir. Palata bildirir ki, “Paşa Həyat”da bu sinif üzrə sığorta haqqı təxminən eyni qaldığı halda, “Atəşgah Həyat”da 2 dəfə artıb, yəni şirkət bu sığorta növü üzrə yığımını 1 milyon 500 mindən 3 milyon 450 min manata çatdırıb.
Palatanın məlumatları içində diqqətçəkən odur ki, “Qala Həyat” həmin sığorta növü üzrə sığorta haqqı yığımını 33 dəfə artırıb, yəni şirkət qısa müddət ərzində sığorta haqqını 190 mindən 6 milyon 220 min manata çatdırıb.
Buna da bax: Palata sığortaçılara barmaq silkələdi
Həyat sığortası üzrə 72 faiz artım
Həyatın yaşam sığortası üzrə də bazarda artım var və müştərilər bu sinif üzrə “Paşa Həyat” və “Qala Həyat”ı seçiblər. “Paşa Həyat” həyat sığortasının bu növü üzrə sığorta haqqı yığımını ötən illə müqayisədə 72 faiz (12 milyon manat) artırıb. “Atəşgah Həyat”da isə bu sinif üzrə ötən ilin analoji dövrü ilə müqayisədə 35 faiz (4 milyon manat) azalma baş verib.
Maliyyə Bazarına Nəzarət Palatası bildirir ki, qeyri-həyat sığortası üzrə sığorta haqlarında 7.46 faiz artım, sığorta ödənişlərində isə 4.92 faiz azalma olub. Qurumdan AzadlıqRadiosuna verilən açıqlamaya görə, qeyri-həyat sığortasının bəzi növləri üzrə “Beynəlxalq Sığorta Şirkəti”,“Xalq Sığorta”,“Əmrah Sığorta” şirkətlərində 80-99 faiz azalma olduğu halda, məsələn, tibbi sığorta haqları üzrə artım müşahidə edilib.
“Sahibkarlar öz işçilərini artıq məcburən sığorta etdirirlər”
Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı hesab edir ki, bu statistika sığorta bazarının real mənzərəsidir.
Ancaq o əlavə edir ki, adı “könüllü sığorta bazarı” qoyulsa da, həyat sığortası həm də icbari olduğundan sığorta haqlarının artımına səbəb olub:
“Həyatın ölüm hallarından sığortası məcburidir. Bilirsiz ki, Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbarı sığorta var. Artıq hər bir şirkət, sahibkar öz işçisini iş zamanı bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığortalamalıdır. Sığortalamasa, onu cərimə gözləyir. Ona görə də sahibkarlar işçilərini sığortalamağa başlayıblar”.
Ekspert əlavə edir ki, bu da sığorta bazarında artım yaradıb:
“Ona qalsa, avtomobillərin də icbari sığortasında artım var. Sadəcə, bu o deməkdir ki, sığortalanmayan avtomobillərin sayı azalır”.
“...sadəlövlükdür”
Ötən ildən ölkə maliyyə bazarında yaranmış vəziyyət, onlarla xarici şirkətin Azərbaycanı tərk etməsi, yerli biznes strukturlarında yaşanan böhran müqabilində könüllü sığorta bazarının yüksək templə artımından danışmağa dəyməz. Xəyal Məmmədxanlı hesab edir ki, könülü sığortaya yüksək maaş alan, ehtiyaclarını ödəmək qabiliyyətində olanlar başqa sosial təminatlar barəsində düşünənlər üstünlük verir. “Bu gün Azərbaycan əhalisinin əksəriyyətinin ən zəruri ehtiyacını necə ödəyəcəyini düşündüyü bir vaxtda könüllü sığorta bazarının inkişafından danışmaq sadəlövhlükdür”, ekspert deyir.
Ancaq Xəyal Məmmədxanlı icbari sığortanın könüllü sığorta bazarına təkanverici rolunu da danmır:
“Məsələn, bir neçə qəzadan sonra sürücülər anladılar ki, ödədikləri icbari sığorta öz avtomobilləri üçün deyil. Bundan sonra kaska sığortası ilə daha çox maraqlanmağa başladılar. İndi icbari həyat sığortası da genişlənəndən sonra insanlar bu sığortanın başqa növlərinə də maraq göstərəcəklər. Məsələn, biləcəklər ki, özlərini xərçəng, vərəm və bu kimi ağır xəstəliklərdən sığortalaya bilərlər”.
Bəs bu statistika sığorta bazarında rəqabətlilikdən xəbər verirmi? Xəyal Məmmədxanlı hesab edir ki, həyat sığortası növü üzrə yalnız 3 şirkət – “Paşa Həyat”, “Qala Həyat”, “Atəşgah Həyat” arasında rəqabət olduğu görünür.
Ekspertin fikrincə, bu sığorta növü üzrə artım da rəqabətdən xəbər verir, ancaq: “Azərbaycanda heç də açıq bazar qanunları işləmir. Sığorta bazarı müəyyən təsir, tapşırıq, xahiş mexanizmləri ilə işləyir”, X.Məmmədxanlı əlavə edir.