Son vaxtlar ərinin qətlə yetirdiyi bir neçə qadın öldürülməzdən öncə, şiddətə məruz qalması ilə bağlı polisə şikayət edib. Bu günlərdə onlardan birinin elə polis bölməsində əri tərəfindən qətlə yetirdiyi bildirilir.
Şiddətə məruz qalan və hüquq mühafizə orqanlarından kömək istəyən qadınlar nə dərəcdə qorunur?
Belə məsələlərdə nə kimi hüquqi və praktik çatışmazlıqlar var?
Bu mövzuda AzadlıqRadiosunun danışan "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova qadınları qorumaq üçün birinci növbədə qanunların mükəmməl və təkmil olmasını vacib sayır. Onun fikrincə, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunanda Azərbaycanda məişət zorakılığı geniş yayılmamışdı:
“Polisin rolu konkret göstərilməlidir”
“Həmin sənəd ümumi müddəaları ifadə edir, amma müddəalardan əlavə qanuna yenidən baxılmalı və təkmilləşməlidir, polisin rolu konkret göstərilməlidir. Məsələ ondadır ki, biz polisi ittiham edirik, amma qanunda polisin rolu konkret göstərilməyib. Eləcə də Nazirlər Kabinetinin bir sıra qərarları olmalıdır.”
Onun fikrincə, bəzi qərarları olsa da, təzad da var. Hüquq müdafiəçisi qeyd edir ki, məişət zorakılığı qurbanları pulsuz tibbi yardım almalıdır:
“Amma bu gün TƏBİB ( “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” ) və Səhiyyə Nazirliyi arasında bölünən tibbi xidmət onların pulsuz yardım almasını tam təmin etmir. Buna görə də qanun təkmilləşməli, Nazirlər Kabinetinin qərarına yeniliklər edilməlidir. Milli Fəaliyyət Planı qəbul olunub, orda da ümumi müddəalar daha çox maarifləndirməyə xidmət edir”.
Mehriban Zeynalova deyir ki, baş verən hadisələrdə qadınların sosial müdafiə hüquqlarının zəifliyi də rol oynayır:
“Qadın iqtisadi vəziyyətdən asılı olur”
“Qadın iqtisadi vəziyyətdən asılı olur, hansısa formada sosial müdafiəsi təşkil edilmir, bu da öz rolunu göstərir. Ümumiyyətlə, bu mexanizm zəncirvari qurulmalıdır. Hanı bizim sosial işçilər, universitetlər sosial məzun buraxırlar, hardadırlar, niyə polisin, səhiyyənin, icra hakimiyyətinin yanında sosial işçilər yoxdur? Halbuki, kifayət qədər məzunlar var.”
O, qeyd edir ki, zorakılığa məruz qalan şagirdlər var:
“ Kim onları psixoloji diaqnostikadan keçirir, hələki, bu sistem yoxdur. Bilirsiniz, qanunda bunlar yoxdur, qanun olmayandan sonra mən Təhsil Nazirliyinə deyə bilmərəm ki, müəllimi psixoloji diaqnostikadan keçirmisinizmi? Yaxud polisdə məişət zorakılığıyla bağlı kadrlar hazırlanıbmı? Hər idarədə heç olmasa 5 nəfər sosial baxımdan ixtisaslaşmış kadr olmalıdır. Qadın idarədə olan kimi dərhal sos-siqnal verilməlidir”.
Buna da bax: 'Onları qadın kimi danışdıqlarına görə cəzalandırmaq...'Mehriban Zeynalovanın sözlərinə görə, ictimaiyyətin bütün fəaliyyətləri polisdən tələb etməsi doğru deyil. O hesab edir ki, məişət zorakılığı ilə mübarizə yalnız polisin işi deyil:
“ Bura yerli icra hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, prokurorluq daxildir. İcra hakimiyyətləri ümumiyyətlə passivdirlər, bu məsələdə yaxalarını kənara çəkib bütün məsuliyyəti polisin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üstünə atırlar. Baxın, bu məsələdə aktiv iştirakçı olmalıdırlar, onların rolu ümumiyyətlə görünmür.”
Birlik sədri deyir ki, məişət zorakılığı ilə bağlı mühafizə orderini icra hakimiyyəti verir, amma qoruma mexanizmi yoxdur:
“Bunlar böyük qüsurlardır”
“ Bunun protokollaşması, polisə məlumat verilməsi, nəzarətə götürülməsi, təhlükəsizlik tədbirləri, bunlar hamısı kompleks olmalıdır. Zorakılıq baş verən anda uşaqların dərhal hadisə yerindən uzaqlaşdırılması, yaxud həmin mühitdə olmaması üçün icra hakimiyyətinin nümayəndəsi və ya Qəyyumluq Şöbəsindən gəlməlidir. 24-cü Polis Şöbəsində məlum hadisədə polisin yanlışlıqları olub. Yəni bir otaqda görüşə çağırıb, yaxud qadın istəməyib əri gəlsin, onu da dəvət ediblər, bunlar böyük qüsurlardır”.
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Məlahət Həsənova isə hesab edir ki, dövlət idarəetməsində hər bir insanın müdafiəsi ilə bütün tənzimləmələr həyata keçirilir. Amma deputat təəssüflənir ki, qadınlar öz müdafiələrini son məqamda gündəmə gətirirlər:
“Vaxtında hüquq-mühafizə orqanlarına müraciət edərlərsə,…”
“Bilmək olmur, bu yanaşma ailə dəyərlərindən, yoxsa daşlaşmış ənənələrdən qaynaqlanır. Qadınlar ailələrini dağıtmamaq üçün son məqamda danışırlar ki, artıq onları qorumaq mümkün olmur. Vaxtında hüquq-mühafizə orqanlarına və müvafiq qurumlara müraciət edərlərsə, onlar necə lazımdırsa, müdafiə olunacaq.”
Buna da bax: Fəallar yenə polis idarəsinin qarşısına toplaşıb
O, hesab edir ki, bu məsələdə ictimaiyyəti də ciddi maarifləndirməyə ehtiyac var:
“XXI əsrdə insanlar kosmosa turist kimi getdiyi halda…”
“ Təsəvvür edin ki, övladlar böyüyür, amma evin kişisi qadınına şiddət göstərməkdə davam edir və övlad da bunu görüb atasına qarşı müxtəlif vasitələrdən istifadə edir. Nəticədə ailədə cinayət hadisəsi baş verir. Ona görə də heç kəs bu məsələlərdə biganə qalmamalı və maarifləndirmə işi aparmalıdır. XXI əsrdə insanlar kosmosa turist kimi getdiyi halda, biz hansı məsələləri müzakirəyə çıxardırıq, yəni daşlaşmış ənənələri yaşatmağımız cəmiyyətdə çox ciddi problemlər yaradır”.
Deputat hüquq müdafiəçisindən fərqli olaraq hesab edir ki, qanunvericilikdə kifayət qədər qadınların hüquqlarını qorumaq üçün hüquqi tənzimləmələr yer alır:
“Yaxud bir çox ölkələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ləğv edilsə də, Azərbaycanda fəaliyyət göstərir. Qadın haqları da insan haqlarıdır, ona görə cəmiyyətdə olan daşlaşmış ənənələrə qarşı mübarizə aparmalıyıq ki, bütün qadınlar bu cür ağır cinayətlərə qarşı dözməməlidir. Hər qadın nəinki özünün, başqa qadınların da haqlarını müdafiə etməlidir”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə bu məsələ ilə bağlı suala qısa cavab verdi:
DİN: “Polis üzərinə düşən bütün vəzifələri yerinə yetirir”
“Hər bir halda hansısa formada yaxınları tərəfindən fiziki zorakılığa məruz qalan şəxslərin müvafiq olaraq hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Bu hüququn təmin olunması üçün qanunvericiliyə uyğun olaraq polis üzərinə düşən bütün vəzifələri yerinə yetirir və yetirməyə çalışır.”
Onun vurğulamasına görə, ümumən aparılan təhlil və araşdırmalar göstərir ki, daxil olan bütün müraciətlərə diqqətlə, həssaslıqla yanaşılır:
“ Hansısa qadının yaxınları tərəfindən zorakılığa məruz qalması ilə bağlı bütün iddiaların təfərrüfatları yoxlanılır, araşdırılır. Bunun üçün də müvafiq tədbirlərin görülməsi təmin olunub”.
Buna da bax: ‘Bu qanun qadını zorakılıqdan qorumur’Yazıda səslənən tənqidə icra hakimiyyəti orqanlarından münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Rəsmi açıqlamalara görə, 2020-ci ildə Azərbaycanda ailə münqaişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub. Ölənlərdən 43-ü qadın (2 hamilə), 1-i uşaq olub. Ailə münaqişəsi nəticəsində qurbanlardan 1 qadının özünü öldürmə həddinə çatdırıldığı vurğulanır. 793 qadın və 5 uşağın isə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətilə üzləşdiyi bildirilir.