Bakı Hərbi Məhkəməsi Bakıdakı Şəhidlər Xiyabanında 32 məzarın açılıb, meyitlərin qəbirdən çıxarılıb ekspertizaya göndərilməsi barədə qərarlar çıxarıb. Bu qərarlar Birinci Şəhidlər Xiyabanındakı 23, İkinci Şəhidlər Xiyabanındakı doqquz məzarı əhatə edir. Bunlar Birinci Qarabağ Müharibəsində həlak olmuş və kimliyi müəyyənləşdirilmədən dəfn olunmuş şəxslərdir.
Bakı Hərbi Məhkəməsinin qərarından sonra prokurorluq əməkdaşları məhkəmə-tibbi kriminalistik ekspertin iştirakıyla eksqumasiya keçirib, tibbi-genetik tədqiqat üçün nümunələrin götürüb.
Sizin brauzer HTML5-i dəstəkləmir
AzadlıqRadiosunun sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidməti də məlumatı təsdiqləyib. Bu qurumdan bildirilib ki, bir müddət öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Şəhidlər Xiyabanında kimliyi məlum olmayan məzarlarla bağlı eksqumasiya və tibbi-genetik ekspertiza keçirilməsi üçün prokurorluğa müraciət edib. Bu müraciətdən sonra Respublika Hərbi Prokurorluğu məhkəməyə təqdimat verib. Bakı Hərbi Məhkəməsi də o təqdimat əsasında ümumilikdə 32 məzarın açılıb, meyitlərin qəbirdən çıxarılıb ekspertizaya göndərilməsi haqda qərarlar verib.
"Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakıyla zəruri tədbirlər həyata keçirilir. İctimaiyyətə ətraflı məlumat veriləcək", - Baş Prokurorluğun mətbuat xidmətindən belə deyilib.