Paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə çoxmərtəbəli yaşayış binası var. Bu binanın birinci mərtəbəsindəki 950 kvadratmetrlik qeyri-yaşayış sahəsinə görə Bakıdakı müxtəlif məhkəmələrdə araşdırmalar gedir.
Bakı sakini Rəcəbəli Məmmədov deyir ki, 2016-cı ilin aprelində pulunu ödəyib, sözügedən qeyri-yaşayış sahəsini alıb. Əlində də binanı tikən şirkətlə - «Dərəçiçək» Mənzil-Tikinti Kooperativi ilə o vaxt bağlanmış müqavilə var. Sonradan bilib ki, həmin əmlaka Tamara Əliyeva adlı başqa birinin adına mülkiyyət hüququnu təsdiqləyən çıxarış verilib.
«Pulu bir həftəyə ödəməyə söz verdi, amma ödəmədi»
«Dərəçiçək» şirkətinin rəhbərliyi isə iddia edir ki, mübahisəli qeyri-yaşayış sahəsi hələ 2006-cı ildə hər kvadratmetri 450 manatdan T.Əliyevaya satılıb. R.Məmmədovun əlindəki müqavilə isə formal olub.
«Tikinti üçün maliyyə çatışmazlığı vardı, bəzi dost-tanışlardan kömək istədik. Həmin vaxt Rəcəbəli Məmmədovla razılaşdıq ki, 150 min manat pul ödəyir, şirkətin Şərifzadə küçəsində tikəcəyi binadan 950 kvadratmetr qeyri-yaşayış sahəsi ona verilir. Pulu bir həftəyə ödəməyə söz verdi, amma ödəmədi. Sonra danışanda dedi ki, hansısa bankdan pul götürməlidir. Ancaq bank krediti o şərtlə verir ki, artıq pulun ödənilib əmlakın şirkətdən alınması barədə müqavilə olsun», - «Dərəçiçək» rəhbərliyi belə deyir.
Buna da bax: Sabiq şirkət rəhbəri məhkəmə qarşısında: 'Mən sifarişlə buradayam...'
İddia edirlər ki, R.Məmmədovu müsbət adam kimi tanıyırdılar. Onun inamlı danışmasını, şirkətə də tikinti üçün təcili pul lazım olmasını nəzərə alıb, onunla müqavilə bağlayıblar, 150 min manatın tam ödənilməsi haqda maliyyə arayışı veriblər: «Ancaq o, yenə vədinə əməl etmədi, bizdən sənədləri alandan sonra yoxa çıxdı...».
Ancaq R.Məmmədov deyir ki, şirkət rəhbərliyi yalan danışır, əgər pulu ödəməsəydi, onunla müqavilə bağlamazdılar. İddia edir ki, onun əmlakını mənimsəmək üçün sonradan T.Əliyevanın adına 2006-cı ilə aid saxta müqavilə tərtib ediblər. Onun sözlərinə görə, T.Əliyeva şirkətin təsisçisi Rauf Əliyevin qayınanasıdır: «Müqavilələrin qeydiyyat jurnalı da məhkəməyə təqdim edilməyib ki, ora baxıb, nə vaxt bağlandığını görəsən. Müqaviləni şirkət özü tərtib edir, istədiyi tarixi yaza bilər. Əgər «Dərəçiçək» MTK ilə Tamara Əliyeva arasında 2006-cı ildən artıq belə bir müqavilə vardısa, niyə 2016-cı ildə o həmin əmlaka görə Rəcəbəli Məmmədovla da müqavilə bağlayıb? Belə çıxır ki, Rəcəbəli Məmmədovun pulunu mənimsəmək niyyəti olub. Bu cür hərəkətlər isə dələduzluq sayılır və Cinayət Məcəlləsinin 178-ci maddəsində buna görə məsuliyyət var».
Buna da bax: 'Gənclik'dəki villa üstündə qalmaqal
Eyni şirkət, eyni qalmaqal...
«Dərəçiçək» MTK ilə AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov arasında da oxşar məhkəmə qalmaqalı var. E.Seyidov da bildirir ki, hələ həbsindən öncə - 2011-ci il martın 31-də şirkətlə müqavilə bağlayıb, şirkətin inşa etdiyi başqa bir çoxmərtəbəli binadan qeyri-yaşayış sahəsi alıb, pulunu da tam ödəyib. Onun da əlində bunu təsdiqləyən sənədlərin hamısı var. Üstündən illər keçsə də, əmlak ona təhvil verilməyib. Tələb edəndə isə bildirilib ki, həmin qeyri-yaşayış sahəsi başqasına məxsusdur, çünki ona satılıb.
Bununla əlaqədar məhkəmə çəkişməsində şirkət rəhbərliyi iddia edib ki, E.Seyidovla müqavilə formal olub, onun işlədiyi bankdan kredit götürmək üçün zərurətdən irəli gəlib.
E.Seyidov həbs olunmamışdan öncə (qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə bağlanan ərəfədə -red.) «Texnikabank»ın Yasamal filialında müdir müavini olub.
«Dərəçiçək» MTK-nın nümayəndəsi məhkəmədə deyib ki, həmin filialdan tikinti işiylə əlaqədar bir neçə dəfə girovsuz qısamüddətli kreditlər götürüb, vaxtında da bağlayıblar: «Hər dəfə kredit götürəndə Elnur Seyidov bildirirdi ki, kreditin təminatı kimi, formal olsa da, aralarında bir əmlak müqaviləsi bağlansın, onlar bunu baş bankın rəhbərliyinə göstərib kredit ayrılmasına razılıq alsınlar. Elnur Seyidov, əslində, nə qeyri-yaşayış sahəsini alıb, nə də pul ödəyib. Formal müqaviləyə görə onun şirkətə qarşı heç bir tələbi ola bilməz».