Saleh Rüstəmovun hədələndiyi bildirilir

S.Rüstəmov

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Gədəbəy rayonu keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmovun hədələndiyi bildirilir.

Bu barədə S.Rüstəmovun qardaşı Tale Rüstəmov məlumat verib.

Qardaşının sözlərinə görə, S.Rüstəmov bildirib ki, ona qarşı yeni cinayət işinin açılması ilə hədələnib: "Bu gün, iyunun 4-də Saleh mənə zəng vurdu. Dedi ki, onu yeni cinayət işi ilə hədələyirlər, amma detalları demədi. Dedi ki, telefon danışıqları dinlənilir və hər dəfə məlumat verdikdən sonra ona təzyiqlər olur".

Penitensiar Xidmət təkzib edir

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə "Turan" agentliyinə açıqlamasında bu deyilənləri təkzib edib: "Cəzaçəkmə müəssisələrində məhbuslara qarşı münasibətdə ayrıseçkiliyə yol verilmir. Bütün məhkumlar, o cümlədən də Saleh Rüstəmov qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun olaraq saxlanılır".

Xatırlatma

Saleh Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan bir qədər sonra isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov saxlanıb. Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamada S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri V.Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları iddia edilirdi. İddialarda söhbət toplam 412 min dollardan gedirdi. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunub. Onlar məhkəmədə ittihamları qəbul etməyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə S.Rüstəmovun cəzasını 2 ay azaldıb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, onu "qurama iş" adlandırıb.