Mühakimə olunan cəbhəçi: 'Mən narkoman deyiləm'

Şahin Hacıyev

Ötən il həbs olunan, hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) üzvü Şahin Hacıyev mətbuata müraciət göndərib.

"Mən narkoman deyiləm, protokollar işgəncələr altında imzalatdırılıb", - o bildirir.

Fəalin sözlərinə görə, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə irəli sürülmüş ittiham sifarişli böhtandır: "Evimə basqın edilib və heç bir sənəd təqdim olunmadan məni evimdən aparıblar. Evimdən iki noutbuk aparılıb. Kompüterlə narkotikin nə əlaqəsi var?".

O, protokollara işgəncə altında imza atdığını bildirir: "Yazılıb ki, barəmdə təyin edilmiş ekspetizanın 29 noyabr tarixli rəyinə əsasən, mən narkotik vasitəsi olan heroindən sui-istifadə nəticəsində narkomaniyadan əziyyət çəkirəm. Noyabrın 29-da mən heç bir narkoloji ekspetizadan keçirilməmişəm. Mən heç vaxt siqaret və spirtli içki istifadəçisi olmamışam, narkotik maddələrdən anlayışım olmayıb".

"2020-ci il sentyabrın 15-də anamla geri döndük"

Ş.Hacıyev həmçinin qeyd edib ki, 2012-2020-ci illərdə Türkiyədə müəllim işləyib: "Mənim aylıq maaşım manatla 1200-1500 manat olub. 2020-ci il sentyabrın 15-də anamla geri döndük. Geri dönüş zamanı üstümdə 2000 dollar pul olub. Anamın 3480 manat bir illik pensiyası yığılmışdı. İnternet üzərindən türk uşaqlarına dərs deyib 150 dollar pul alırdım. Ona görə dolanışığımla bağlı problem olmayıb".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, müxalifətçilərin şərlənərək həbs edilməsi barədə şikayətlərini əsaslı saymırlar.

Xatırlatma

AXCP üzvü, şahmat müəllimi Şahin Hacıyevi Gəncədə polis ötən il noyabrın 26-da saxlamışdı.

Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. AXCP onların şərlənərək siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Rəsmilər vurğulayırlar ki, elə dəyərləndirilənlər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.