Balıqçılıq, heyvandarlıq, əkinçilik və tikinti sahələri üzrə fəaliyyət göstərən «Aqro İnvest və İstehsalat» MMC-nin təsisçilərindən Pərviz Hacıyev dələduzluqda suçlanır.
Azərbaycandakı bir sıra supermarketlərin tədarükçülərindən olan bu şirkətin adına həm də dövlət orqanlarının tenderlərində rast gəlmək olar. P.Hacıyev 2019-cu ilin avqustunda şirkətin təsisçiliyindən çıxıb. İndi isə o, şirkətin əmlakını dələduzluq yoluyla ələ keçirməkdə ittiham edilir.
P.Hacıyevə qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
«Aqro İnvest və İstehsalat» MMC-nin digər təsisçisi Elşən Abdullayev iddia edir ki, P.Hacıyev şirkətə külli miqdarda ziyan vurub. Şirkətin avadanlıqlarını, materialları talan edib, MMC-yə aid nəqliyyat vasitələrini ələ keçirib və s.
Buna da bax: İddia: O kartlardakı pullar mənimsənilib
Ancaq P.Hacıyev özünü təqsirli bilmir, dələduzluq ittihamını da rədd edir. Məhkəmədə də iddia edib ki, «Texnikabank»ın rəhbəri olmuş Etibar Əliyevin sifarişiylə cinayət məsuliyyətinə cəlb olunub: «Mən sifarişlə buradayam. Etibar Əliyevin sifarişiylə...».
Onun sözlərinə görə, E.Abdullayev formal təsisçi olub. Əslində, şirkəti E.Əliyevlə birlikdə yaradıb inkişaf etdiriblər: «2015-ci ildə Etibar Əliyevlə ortaq biznes qurmağa razılaşdıq. «Aqro İnvest və İstehsalat» MMC-ni təsis edib, payları aramızda böldük. Şirkətin səhmlərinin 50 faizi mənə məxsus oldu. Qalan 50 faizi - Etibar Əliyev öz payını qardaşının kürəkəni Elşən Abdullayevin adına rəsmiləşdirdi».
««Otkat»lara bu şirkəti də qoşurdular»
Şirkətin icraçı direktoru da P.Hacıyev olub. Deyir ki, şirkət qurulanda nizamnamə kapitalı 1 milyon manat idi. Dörd ildən sonra nizamnamə kapıtalını 15 milyon manata çatdırıblar. Onun sözlərinə görə, 2019-cu ilin əvvəllərindən E.Əliyevlə aralarında narazılıq başlayıb: «Gördüm ki, dövlət orqanlarının layihələrində «otkat»lara bu şirkəti də qoşurdular. Buna etiraz edirdim».
Buna da bax: 'İki milyonu yeyənlər azadlıqda gəzir…'
2019-cu ilin mayında şərikliyə son qoymaq qərarına gəldiyini deyən P.Hacıyev avqustda bu addımı atıb. İddia edir ki, şirkətin nizamnamə kapitalından onun payına 7 milyon manata yaxın dəyəri olan aktivlər düşürdü: «Öz aramızda centlmen anlaşması oldu, cəmi 1 milyon manata yaxın dəyərində aktivləri - balıq məhsulları, tikinti texnikası, nəqliyyat vasitələrini və s. götürməyə razılaşdım. Amma çox keçmədi ki, Etibar Əliyev bunları da mənim əlimdən almaq üçün müxtəlif yollara əl atmağa başladı».
«Aqro İnvest və İstehsalat» MMC-nin təsisçisi və direktoru Elşən Abdullayev isə P.Hacıyevin söylədiklərini təkzib edir. Deyir ki, bu şirkətin E.Əliyevə aidiyyəti yoxdur. E.Abdullayev iddia edir ki, P.Hacıyev işlədiyi müddətdə şirkətə böyük ziyan vurub, ona görə də indi məhkəmə qarşısında cavab verir.
P.Hacıyevin haqqındakı cinayət işi üzrə növbəti məhkəmə iclası aprelin 1-nə təyin edilib. Amma Ali Məhkəmənin Plenumu martın 19-da qərar verdi ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində məhkəmə iclasları (bəzi istisnalarla) da aprelin 20-nə qədər təxirə salınsın.
P.Hacıyevin ittiham olunduğu CM-in 178.3.2 maddəsində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.