Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun qardaşı, işadamı Sahib İbrahimova hökm oxunub. İyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, S.İbrahimov dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə təqsirli bilinib. Ona 5 il 6 aylıq cəza təyin edilsə də, həbsdə və ev dustaqlığında olduğu müddət çıxılıb. Üzərində 3 il 11 ay şərti cəza saxlanılıb.
S.İbrahimov Bakıda çoxmərtəbəli binaların tikintisiylə məşğul idi. İddia olunur ki, o, adamları həmin binalarda ev satmaq adıyla aldadıb pulları alsa da, mənzillə təmin etməyib. Nərimanov rayonu ərazisində xüsusi lisenziya olmadan bina tikdirib, oradakı mənzilləri sataraq həm qanunsuz sahibkarlıq edib, həm də 1 milyon yarım manata qədər vergi ödəməkdən yayınıb.
Amma işadamı özünü təqsirli bilmir.
Buna da bax: 'Binamın sökülməsi azdır, hələ vergi də ödəməliyəm?'
Bina üzərindən həbs götürülüb
İstintaq zamanı metronun "Gənclik" stansiyasının yaxınlığında - Atatürk prospektində yerləşən, S.İbrahimovun inşa etdirdiyi binanın üzərinə həbs qoyulmuşdu. Məhkəmənin hökmü ilə həbs götürülüb.
Mənzil almaq istərkən aldanan vətəndaşlardan Ehtibar Allahverdiyevin mülki iddiası qismən təmin olunub. O, 162 min dollar ziyana düşdüyünü desə də, məhkəmə S.İbrahimovun ona 142 min manat ödəməsinə qərar verib. Bu da zərərçəkmişi qane etmir. Nümayəndəsi Xaqani İmanov bildirib ki, hökmdən apellyasiya şikayəti verəcəklər.
S.İbrahimov mənzil tikintisi ilə məşğul olan "STS" şirkətinin 95 faiz, "Sahil-D Company" şirkətinin isə 25 faiz payçısı olub. İttihamda söhbət mənzil almaq istəyən 52 nəfərə dəymiş 2 milyon manata yaxın ziyandan gedir. Həmçinin qeyd olunub ki, Nərimanov rayonu, Həsən Əliyev-50 ünvanında lisenziya alınmadan ikibloklu yaşayış binası tikilib. "Galaxy Palace" MMC-nin inşa etdiyi həmin binadakı mənzillərin və qeyri-yaşayış sahələrinin satışından 1 milyon 61 min manat gəlir əldə olunub. Amma gəlirdən vergi ödənilməyib.
Buna da bax: Nazim İbrahimovun qardaşı: 'Villaya görə 100 min borcum qalıb'
S.İbrahimov isə deyir ki, Həsən Əliyev küçəsindəki binada olan obyektlər satış üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, Səttar Bəhlulzadə küçəsində (keçmiş Karl Marks dairəsinin yaxınlığı) tikdirdiyi iki çoxmərtəbəli bina dövlət ehtiyaclarına görə sökülüb, amma pulu ödənilməyib. O, öz hesabına həmin binanın sakinlərinə başqa yerlərdə mənzil verib. O zaman yayılan söz-söhbətə görə, yaxınlıqda prezident iqamətgahı inşa olunduğundan həmin çoxmərtəbəli binalar sökülürdü ki, kənardan iqamətgahın daxili görünməsin. Amma sonradan həmin ərazidə kiçik şəhərcik salındı, orada çoxlu villalar tikildi. Xüsusi girişli həmin şəhərciyin adı da "Baku City Villas" oldu.
S.İbrahimovun digər qardaşlarından Tağı İbrahimov "Azad Azərbaycan" teleradio şirkətininin keçmiş prezidenti, İbrahim İbrahimov (Nehrəmli) isə "Avesta" şirkətinin rəhbəri, "Xəzər adaları" layihəsinin (Xəzər dənizinin sahilində süni adalarda salınmış yaşayış məntəqələri) müəllifidir.