Rəsulzadənin fotosu ilə maska taxan gənc fəalı öz məhkəməsinə gətirmədilər

C.Məmmədzadə

Üzərində Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin şəkli olan qoruyucu maska taxdıqdan bir gün sonra həbs olunan ictimai fəal Cavid Məmmədzadənin həbs qərarından verilən şikayətə baxılıb. Amma məhkəməyə onun özünü gətirməyiblər. Bu barədə AzadlıqRadiosuna onun vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkil deyir ki, iyulun 2-də Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılarkən müvəkkilinin də iştirakının təmin olunmasını istəyib. Amma məhkəmə bunu nəzərə almayıb: "Özü də iştirak etmək istəyirdi. Mən də hakimlərə dedim ki, baş verənlər ona münasibətdə olub, özü danışmalıdır. Çünki mən vəkili olaraq, onun dediklərinə istinadən nələrisə deyə bilərəm. Özü də deyir ki, yalandır, nə karantin rejimini pozub, nə də polisə müqavimət göstərib. Rəsulzadənin şəkli ilə maskada fotosu yayılandan sonra zəng eləyib polisə çağırıblar. O da SMS vasitəsilə icazə alıb gedib".

Buna da bax: 'Niyyətim Rəsulzadənin şəkli olan maskadan təbliğat vasitəsi kimi istifadə idi'

"İcazə müddəti başa çatana qədər onu idarədə saxlayıblar"

Vəkilin sözlərinə görə, SMS-icazə ilə evdən çıxdıqdan sonra Sumqayıt Şəhər Polis İdarəsinin qarşısında olduğunu təsdiqləyən fotosu da var. C.Məmmədzadə vəkilinə deyib ki, icazə müddəti başa çatana qədər onu idarədə saxlayıb, daha sonra 2 saylı polis bölməsinə gətiriblər. Orada da haqqında protokol tərtib ediblər. Protokolda yazılıb ki, polis əməkdaşları C.Məmmədzadəni küçədə saxlayıb yoxlayıb. Bu zaman məlum olub ki, icazə verildiyi vaxtdan saat yarım keçib. Həmin vaxt o, çıxıb getmək istəyəndə polislər onu saxlayıb.

C.Məmmədzadə isə üstündə Rəsulzadənin şəkli olan maska ilə fotosunu sosial mediada paylaşdığına görə həbs olunduğunu deyib: "Deyir ki, Rəsuzadə əleyhinə olan kampaniyaya etiraz olaraq belə bir addım atmaq qərarına gəlib. Məqsəd Rəsuzadəni təbliğ etmək olub".

Buna da bax: Həkim: 'Şənbə-bazar insanları evlərinə doldurmaq səhv idi'

Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və ictimai fəal haqqında həbs qərarı qüvvədə saxlanıb.

C.Məmmədzadə iyunun 27-də Sumqayıt Şəhər Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) və 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə 10 günlük həbs olunub. İddia olunur ki, C.Məmmədzadə evdən çıxmaq üçün ona verilən icazənin vaxtından 1 saat yarım keçəndən sonra saxlanılıb.