Vəsiqəsini borca görə girov qoyan sabiq deputat: 'Özümü qətiyyən təqsirli bilmirəm'

Rəfael Cəbrayılov

2005-2019-cu illərdə Milli Məclisin üzvü olmuş Rəfael Cəbrayılov ona qarşı irəli sürülmüş külli miqdarda dələduzluq ittihamını qəbul etmir. Həbsdə olan sabiq deputat iyulun 8-də öz məhkəməsində bunu deyib.

Cəbrayılovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Keçmiş deputatın ziyan vurub pulunu mənimsədiyi iddia olunan zərərçəkmişlərin bir qismi ona qarşı mülki iddia qaldırıb. Onlar Cəbrayılova verildiyi iddia olunan pulların qaytarılmasını tələb edirlər.

Buna da bax: SOCAR-ın şöbə rəisi ilə bağlı qızıl külçə qalmaqalı

2 milyon 500 mindən artıq ziyan

Zərərçəkmişlərdən Yusif Orucovun nümayəndəsi və vəkili mülki iddiaya dəyişiklik edib, tələb etdikləri məbləği artırmaq istədiklərini deyib. Vəkilin sözlərinə görə, Cəbrayılova 2015-ci ildə pul verilib, o vaxtdan isə ölkədə iki dəfə devalvasiya olub, manat dollara nisbətdə dəyər itirib: "Ona görə mülki iddianın məbləğində dəyişiklik etmək istəyirik".

Həkim olan Orucov 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, ev 8 ünvanında inşa olunan binanın birinci mərtəbəsində 100 kvadratmetr qeyri-yaşayış sahəsi almaqdan ötrü pul verib.

Hakim bildirib ki, bu cür məsələlər məhkəmənin sonunda hökm çıxarılanda müzakirə olunub nəzərə alınacaq.

Prokuror ittiham aktını elan edib. İş üzrə 11 nəfər zərərçəkmiş var. İddia olunur ki, zərərçəkənlərin bəzilərindən pul birgə biznesdən gəlir götürmək, bir hissəsindən Cəbrayılov qardaşlarının inşa etdirdiyi çoxmərtəbəli binalarda mənzil və ya qeyri-yaşayış sahələri satmaq adıyla alınıb. Sabiq deputata qarşı ittihamda zərərçəkmişlərə ümumilikdə 2 milyon 571 min manat ziyan dəydiyi iddia olunur.

Buna da bax: SOCAR-ın idarə rəisinin adı hallanan işdə 12 il həbs cəzası kəsildi

Zərərçəkənlər

Zərərçəkənlər arasında çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar), lombard sahibi Məlahət Qurbanova, Cəbrayılov millət vəkili olduğu dövrdə 300 min dollar borca görə deputat vəsiqəsini yanında girov qoyduğu Təranə Fətəliyeva və digərlərinin adları var.

İttihama münasibət bildirən Cəbrayılov onunla razılaşmadığını deyib: "Özümü qətiyyən təqsirli bilmirəm...".

Ona görə də hakimlər qərar verib ki, zərərçəkənlər, şahidlər dindiriləndən sonra Cəbrayılov ifadə versin. O, CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum olunması üçün parlamentə müraciət etdi. Həmin ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxardı.