Ukraynaya yeni hücumundan sonra Qərb Rusiyaya qarşı sanksiyaları genişləndirdi. Artıq rəhbərlik də sanksiyaların hədəfindədir. Rusiyanın bir sıra bankları SWIFT sistemindən də çıxarılıb. (İstənilən transaksiyaların, köçürmələrin tez və təhlükəsiz həyata keçməsi üçün bu sistem önəmli sayılır) Dünyanın bir çox ölkələrində Ukraynaya dəstək mitinqləri keçirilir. Dünən, fevralın 27-də belə bir aksiya Bakıda – Ukrayna səfirliyinin qarşısında da baş tutdu. Polis ona ciddi bir müdaxilə etmədi.
Elə həmin gün Rusiyanın prezidenti Vladimir Putin də nüvə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə gətirmək əmri verib. O, qərarını NATO rəhbərliyinin aqressiv bəyanatlarına cavab olduğunu söyləyib.
Bəs bütün bunlar regionda demokratikləşmə proseslərinə nə vəd edir?
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Rusiya-Ukrayna və Rusiya-Qərb münasibətləri ilə bağlı irəli sürülən ssenarilər içərisindən ən pisi reallaşıb: "Bu gün Avropanın mərkəzində, sözün həqiqi mənasında, müharibə getməkdədir".
Deputatın fikrincə, müharibənin ciddi iqtisadi fəsadları ola bilər: "Rusiya dünyanın altıncı iqtisadiyyatıdır və dünya iqtisadiyyatının tərkib hissəsidir. Rusiya iqtisadiyyatının çökmə prosesi dünya iqtisadiyyatına çox pis təsir edəcək. Çünki burada əlaqələr qarşılıqlı şəkildədir".
Komitə üzvü düşünür ki, hazırda gedən prosesləri dinc və danışıq yolu ilə həll etmək olardı: "Bu, baş vermədi. İndi gedən proseslərə görə də bütün tərəflər məsuliyyət daşıyır. Həm Rusiya, həm Ukrayna, həm də Qərbin üzərinə ciddi məsuliyyət düşür".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Raketlərlə demokratiyanı gətirməkmi olur?"
E.Nəsirovun fikrincə, proseslərin gedişatı göstərir ki, bir çox hallarda öz məqsədlərinə nail olmaq üçün demokratiyadan bir pərdə kimi istifadə edilir: "Amerika Birləşmiş Ştatlarında demokratiyadan çox danışırlar. Amma 1998-ci ildə NATO ABŞ da başda olmaqla Yuqoslaviyada Slobodan Miloşeviç rejimini bombaladı. Ora da demokratiyanı gətirmək istəyirdilər. Amma raketlərlə demokratiyanı gətirməkmi olur?".
Deputatın xatırlatmasına görə, 2003-cü ildə BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsi olmadan İraqda müharibə başlandı və nəticədə yüz minlərlə dinc insan həlak oldu: "Yenə də "raketlərlə İraqa demokratiyamı gətirildi" sual yaranır. İndi də Rusiya-Ukrayna müharibəsi və Rusiya-Qərb qarşıdurması fonunda da demokratiya faktiki olaraq dəf olunmuş vəziyyətə düşür. Bütün çılpaqlığı ilə məlum olub ki, demokratiyadan böyük dövlətlər hansı məqsədlər üçün istifadə edir. Ölkənin daxili işlərinə müdaxilə etmək üçün insan hüquqları bir vasitəyə çevrilib".
Onun vurğulamasına görə, Azərbaycan dövlətinin mövqeyi onunla bağlıdır ki, bu münaqişə beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü çərçivəsində dinc yolu ilə öz həllini tapsın.
"Avropanın təhlükəsizliyi məsələsi hər şeydən vacib sayılır"
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, hazırda milli təhlükəsizlik və Avropanın təhlükəsizliyi məsələsi hər şeydən vacib sayılır: "Eyni zamanda, humanitar problemlər var. Bu məsələlərin aktuallığı digər məsələlərlə müqayisədə daha önəmlidir".
Lakin, onun fikrincə, Vladimir Putinin başlatdığı ekspansiya qeyri-demokratik rejimlərin nə dərəcədə təhlükəli olduğunu göstərdi: "Həm də qonşularında olan demokratiya üçün təhlükəlidirlər. Hazırda Rusiya bizim regionda olan kövrək demokratiyalar üçün təhlükədir".
O düşünür ki, hazırda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkənin prezidenti Vladimir Putinin törətdiyi antihumanist və antidemokratik repressiyalara görə zamanında həyata keçirilməliydi: "Belə olan şəkildə Putin daha da arxayınlaşmaz, daha da öz hakimiyyətini genişləndirməzdi. Bu sanksiyalar müharibə kontekstində yox, sırf insan hüquqları, demokratiya məsələsində ağır şəkildə tətbiq edilməlidir".
Xatırlatma
Fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi.