'Miqrantların kütləvi qayıtmasını gözləmirəm'

Miqrantlar Moskva bazarında. Foto arxiv

Rusiyanın Ukraynaya hücumunun ikinci gündür. Qərb Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edir. Artıq Rusiya milli valyutası- rublun məzənnəsi aşağı düşməyə, bu ölkənin iri şirkətlərinin səhmləri ucuzlaşmağa başlayıb.

Azərbaycandan Rusiyaya işləməyə gedən, öz biznesi olan şəxslər az deyil. Eləcə də, az da olsa, uğurlu biznes ardınca Ukraynaya da gedən Azərbaycan vətəndaşları olub. Müharibə davam etdikcə və hər iki ölkənin milli valyutası dəyər itirdikcə Azərbaycana yeni işsiz insanlar gələ bilərmi? Bunun Azərbaycanın məşğulluq bazarına nə kimi təsirləri olar?

Buna da bax: Rusiya-Ukrayna gərginliyinin Azərbaycana mümkün iqtisadi təsirləri

2021-ci ildə Rusiya Federasiyasından Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə pulköçürmə sistemləri vasitəsilə fiziki şəxslərin köçürmələri 2020-ci illə müqayisədə 22.3 faiz artıb. Bu, 6.2 milyard ABŞ dollarından 7.6 milyard dollara çatıb.

Rusiyadan pulköçürmələr artmışdı

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin ilk altı ay ərzində fiziki şəxslər Rusiyadan Azərbaycana 120 milyon dollara yaxın vəsait köçürüb. Bu, ötən dövrlə müqayisədə 25.9 faiz çoxdur.

M.Əfəndiyev

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a bildirib ki, dünya kifayət qədər maraqlı bir dönəmə qədəm qoyub: "Bu gün baş verənlər dünyanı görünməyən hadisələrlə üzləşdirə bilər. Bu baxımından ölkələr arasında iqtisadi tellərin qırılması, valyuta bazarında sabitliyin pozulması halları müşahidə oluna bilər".

"Azərbaycan manatına təsir etməyəcək"

Komitə üzvünün fikrincə, rublun dəyər itirməsi Azərbaycan manatına təsir etməyəcək: "Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsi olduğu üçün dünyada baş verən təlatümlərin ölkəyə təsiri var. Amma Azərbaycanda payız aylarında qəbul olunan dövlət büdcəsi kifayət qədər əsaslandırılmış büdcədir. Bu gün də Azərbaycanda valyuta ehtiyatları kifayət qədərdır (53 milyard dollar -red), əminliklə demək olar ki, Azərbaycan hərtərəfli öz iqtisadiyyatına nəzarət edə biləcək".

Buna da bax: Azərbaycana ən çox pul qazandıran ölkələr

"Sanki Azərbaycanın sosial yükünün bir hissəsini Rusiya…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, 2014-cü ildə Krımın işğalından sonra Rusiyaya qoyulan sanksiyalardan sonra rubl kəskin ucuzlaşmışdı: "Üç ay ərzində iki dəfədən çox rubl dəyərdən düşdü. O zaman Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azaldı. Bu köçürmələr, əsasən, Azərbaycan regionlarında əhalinin sosial vəziyyətinə müsbət təsir edən amildir. Sanki Azərbaycanın sosial yükünün bir hissəsini Rusiyadan gələn vəsait ödəyirdi".

Ekspertin sözlərinə görə, indi də rublun məzənnəsinin aşağı düşməsi eyni təsir göstərir: "Çünki orada yaşayan soydaşlarımız rublla pul qazanırlar və rubl ucuzlaşdıqca onların qazancları da azalır. Yəni, Rusiyadan Azərbaycana vəsait köçürmələri kəskin azalacaq".

N.Cəfərli

Onun fikrincə, Rusiyada iqtisadi vəziyyət pisləşsə də, orada işləyən Azərbaycan vətəndaşları kütləvi şəkildə ölkəyə qayıtmayacaq: "Azərbaycanda da iş yerləri ilə bağlı ciddi problemlər, biznes fəaliyyəti ilə bağlı məhdudiyyətlər var. Rusiya bazarı isə daha böyükdür və istər-istəməz bir yerdə iş itirəndə digər yerdə onu tapmaq ehtimalı daha çoxdur. Ona görə də miqrantların kütləvi şəkildə geri qayıtmasını gözləmirəm".