'Bu, manatın məzənnəsinə təsirsiz ötüşməyəcək'

Rusiya məhsullarını rublla ixrac etməyi planlaşdırır.

Dünən, martın 30-da Rusiyanın Dövlət Dumasının spikeri Vyaçeslav Volodin rublla ixrac edilən məhsulların siyahısını genişləndirməyi təklif edib. O, "dost olmayan" ölkələrə neft-qazla yanaşı, gübrə, taxıl, yağ, daş kömürü və metalları da rublla satmağı düzgün hesab edir.

Martın 30-da habelə, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev artıq regional valyutaların erasının başladığını bildirib: "Əsas dünya rezervləri kimi dollardan və avrodan imtina o qədər də fantastik perspektiv kimi görünmür… Regional valyutaların erası başlayır".

Rusiya bütün ölkələrlə rublla ödəniş sisteminə keçərsə, bu, Azərbaycana hansı təsirləri göstərəcək? Bunun qiymətlərə təsiri necə olacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, bu təklif əvvəlki illərdə də səsləndirilmişdi: "Hələ 7-8 il bundan əvvəl Çin valyutası yuanı rezerv valyuta kimi istifadə etmək təklifləri olmuşdu. Amma bu, baş vermədi".

R.Quliyev

"10 il vaxt lazımdır"

Komitə üzvü hesab edir ki, rublla məhsulları almaq mümkün deyil: "Bu, bütün dünya maliyyə sistemini çevirə bilər. Yəni, neft-qaz, metallar və digər Rusiyadan ixrac olunan malların alqı-satqı sistemini çevirə bilər".

Deputatın sözlərinə görə, belə mexanizm yoxdur: "Belə mexanizmi düşünüb tətbiq etmək üçün on il vaxt lazımdır".

R.Quliyev qeyd edib ki, dünya tranzaksiyalarının 72 faizi dollarla həyata keçirilir: "20 faizi isə avroda. Qalan 8-9 faizi onlarla digər valyutalarla həyata keçirilir, o cümlədən yuan, rubl, frank, funt sterlinq kimi valyutalarda. Təsəvvür edin: bir valyuta digərlərini yeddi dəfə üstələyir. Demək olar ki, bütün birja sazişləri dollarla bağlanır. Belə olan halda yerli valyutalarla alqı-satqı prosesini reallaşdırmaq mümkün deyil".

Deputat bildirib ki, Azərbaycandan söhbət gedirsə, bu məsələdə orta məxrəcə gəlinməlidir: "Bir müddətdir bizdə də bu barədə düşünürlər".

Q.İbadoğlu

"Rusiya başqa alternativ görmür»

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, qaz satışının dollardan rubla keçməsi bu gün, martın 31-dən nəzərdə tutulsa da, bu, baş verməyib: "Rusiya prezidentinin sözçüsü Dmitri Peskov dedi ki, biz bunu həmin tarixdə həyata keçirə bilməyəcəyik. Əslində bu, gözlənilən idi. Rublla satış yalnız təzə bağlanan müqavilələrdə qeyd oluna bilər".

Digər mallara gəlincə, ekspert düşünür ki, Rusiya onları da rublla satmağa çalışacaq: "Çünki Rusiya dünyadan tam təcrid olunduğuna görə başqa alternativ görmür".

"Biz dolları rubla dəyişəsi olacağıq"

Q.İbadoğlu hesab edir ki, bu proses Azərbaycana da təsir göstərəcək: "Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi ildə 3 milyard dollardır. Onun 2.1 milyardı Rusiyadan aldığımız, 0.9 milyardı isə Rusiyaya satdığımızdır. Azərbaycan istehsalçıları öz məhsullarını Rusiya bazarlarında satırlar. Onlar bunu satandan sonra pulu dollarla gətirə bilməyəcəklər və rublla gətirəcəklər. Hansını ki, burada dollara dəyişəcəklər. Eyni zamanda, Rusiyadan mal almaq üçün bizə rubl lazım olacaq. Yəni, biz dolları rubla dəyişəsi olacağıq".

Sizin brauzer HTML5-i dəstəkləmir

Yevlaxlı qadın: 'Ərim daha Rusiyadan pul göndərə bilmir'

Ekspertin sözlərinə görə, belə olan halda, Azərbaycanın valyuta bazarında yeni regional valyuta meydana çıxacaq: "O, Azərbaycanda dolları əvəz edərsə, bu, manatın məzənnəsinə təsirsiz ötüşməyəcək".

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Rusiya bundan sonra Avropaya qazı rublla satacağını açıqlayıb.