Fevralın 24-də Ukraynaya yeni hücuma görə ABŞ, Böyük Britaniya və Avropa Birliyi Rusiyaya sanksiyaları genişləndirdi. Artıq Rusiya rublunun dollara qarşı məzənnəsi kəskin düşüb.
Hələ fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib ki, 2021-ci ilin yekunlarına görə, iki ölkənin qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb. Vurğulandığına görə, bu rəqəm təqribən 3.4 milyard dollara çatıb, qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edir.
Bəs rublun ucuzlaşması Rusiyanın Azərbaycanla ixrac-idxal əməliyyatlarına necə təsir edəcək?
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov "Turan"a bildirib ki, Rusiya və Ukrayna arasında müharibə hər iki ölkənin iqtisadiyyatına böyük zərər yetirir: "O cümlədən Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatından təcrid olunub və sanksiyalarla əhatə olunub. Bu da Rusiyanın iqtisadiyyatına müəyyən qədər mənfi təsirini göstərəcək".
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan malları Rusiyada bahalaşa bilər
Deputat qeyd edib ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracatçısı birinci növbədə Rusiyadır: "Ən böyük ixracat bazarımız oradır. Orada rublun qiymətinin aşağı düşməsi ixracımıza öz mənfi təsirini göstərə bilər. Yəni, rublun qiymətinin aşağı düşməsi Azərbaycandan idxal olunacaq məhsulların Rusiyada qiymətinin kəskin artmasına gətirib çıxaracaq".
Lakin komitə üzvünün fikrincə, Rusiyadan Azərbaycana gətirilən məhsulların qiymətində isə azalmalar baş verəcək: "Rublun dəyərdən düşməsi və rublun qarşısında manatın qiymətinin artması Rusiyadan idxal olunacaq malların qiymətinin ucuzlaşması ilə müşahidə olunacaq".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Rusiya rublunun düşməsi iqtisadi partnyorlarına avantaj qazandırdı"
İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, sanksiyalar Rusiya iqtisadiyyatına sarsıdıcı zərbələr vurur: "Çünki beynəlxalq ticarətinin 75 faizindən çoxu dollar üzərindədir. Həm də SWIFT-dən (Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) kənarlaşdırmaq və logistik problemlər də Rusiyaya dağıdıcı zərbələr vurur".
Onun sözlərinə görə, Rusiya rublunun dəyərdən düşməsi ölkənin iqtisadi partnyorlarına bir növ avantaj qazandırdı: "Çünki dollar ekvivalentində daha çox mal alırlar".
Lakin, onun fikrincə, bu uzun müddət baş verə bilməz: "İstənilən müharibə uzunmüddətli olsa, müharibədə iştirak edən ölkədə qıtlıq yaradır. Belə olan halda ölkə müəyyən tədbirlər görür. Ötən il Rusiya hökuməti qıtlıqla əlaqədar taxılın ixracına aksiz vergisi tətbiq etdi və bu, Azərbaycanda çörəyin qiymətini bahalaşdırdı. Müharibə uzun müddət davam etsə, Rusiya hökuməti ixracın qarşısını alsa, bu onun ticarət partnyorları üçün problem yarada bilər".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Azərbaycan hökuməti zamanında səhvə yol verib"
N.Bəydəmirli qeyd edib ki, bu mənada Azərbaycan hökuməti zamanında çox ciddi səhvə yol verib: "Avropa Birliyi ölkələri ilə azad ticarət, tərəfdaşlıq haqqında təklif olunan müqaviləni imzalamayıb. Bizim ixrac etdiyimiz mallar, əsasən, Rusiyaya gedir və Rusiyada dollar bahalaşdığına görə ixrac cəlbedici olmayacaq. İstənilən ölkə qapandıqca öz daxili resurslarını inkişaf etdirməyə çalışır və idxala meylli olmur. Belə olan halda Azərbaycanın alternativ bazarı olmayacaq".
Xatırlatma
Fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi. Bu ölkəyə qarşı sanksiyaların ilkin mərhələsi onda başlamışdı.