Son illərdə qlobal energetika sistemində ən çox dartışılan məsələlərdən biri enerji keçididir. Söhbət ümumi enerji istifadəsində neft, təbii qaz kimi ənənəvi resursların payının azalmasından, əvəzində bərpa olunan enerji resurslarından istifadə payının artmasından gedir. Bir çox ekspertin fikrincə, Rusiyanın Ukraynaya hücumunun doğurduğu böhran bu keçidin daha da sürətlənməsinə yol açacaq. Axı gəlişmiş Qərbi Avropa ölkələrinin Rusiyadan ciddi enerji asılılığı var. Nəzərə almaq lazımdır ki, rəsmi rəqəmlərə görə, Avropa Birliyinin təbii qaz idxalının təxminən üçdə biri Rusiyadandır. Bu ölkəyə ciddi iqtisadi sanksiyaların tətbiq edildiyi bir dövrdə Rusiya da ondan enerji asılılığı olan ölkələri enerji resurslarının qiymətini bahalandırmasıyla hədələyir. Bu səbəbdən bir çox Avropa ölkəsi Rusiyadan idxal asılılığını azaltmaq üçün elə indidən ciddi addımlar atmağa başlayıb.
Rusiyadan asılılığı azaldacaq 10 bəndlik plan
Rusiyadan enerji asılılığını azaldacaq ən vacib addımlardan birini Beynəlxalq Enerji Agentliyi atıb. Qurum Avropa Birliyi ölkələrinin Rusiya qazından asılılığını azaltmaq üçün 10 bəndlik ayrıca plan hazırlayıb. Belə addımlar nəticəsində bir il içində Rusiyadan qaz idxalının 50 milyard kubmetrədək azaldılması hədəflənir. Bu qədər həcmdə təbii qaz Avropanın hazırda Rusiyadan idxal etdiyi qazın təxminən üçdə biridir.
Buna da bax: Rusiya-Ukrayna gərginliyinin Azərbaycana mümkün iqtisadi təsirləriQurumun açıqladığı 10 bənddən biri Rusiya qazının alternativ qaz təchizatı mənbələri ilə əvəzlənməsidir. Bu yolla Avropa Birliyi ölkələrinə 30 milyard kubmetrə yaxın təbii qazın idxal edilə biləcəyi gözlənilir. Yeri gəlmişkən, Avropa Birliyi digər ölkələrlə yanaşı, Azərbaycandan idxal etdiyi təbii qazın da həcmcə artırılmasında maraqlıdır. İranla münasibətlərin nisbətən yaxşılaşması ilə bu ölkənin də Avropanın enerji təminatında rolunun artması gözlənilir. Digər tərəfdən, nisbətən uzaq regionlarda yerləşən ölkələrdən də mayeləşdirilmiş təbii qaz idxalının artırılması nəzərdə tutulur. Bundan ötrü belə zəruri infrastrukturun –LNG (mayeləşdirilmiş təbii qaz) reqazifikasiya terminallarının sayca çoxaldılmasına yatırımlar ediləcək. ABŞ və Qətər kimi ölkələr Avropanın mayeləşdirilmiş təbii qazla təminatında iştirak edir.
Planda yer alan digər bir maddə də Rusiya ilə yeni qaz təchizatı haqqında müqavilələrin bağlanmamasıdır. Bu baxımdan, indiyədək imzalanmış və hələ də qüvvədə olan müqavilələrin müddəti bitdikdən sonra qaz təchizatının daha çox şaxələndirilməsinə ümid bəslənilir. Növbəti qış mövsümündə qaz anbarlarında yetərincə təbii qazın olması üçün onların icbari qaydada doldurulması da nəzərdə tutulan addımlar arasındadır.
Buna da bax: Qaz bahalaşdı, oduna keçdilər. Küçələrdən taxta yığırlarKondisioner daha səmərəlidir
Enerji keçidinin tezləşdirilməsi baxımından ən vacib addımlardan biri yeni külək və günəş enerjisi layihələrinin hazırlanmasıdır. Buna nail olmaq üçün alternativ enerji layihələrinə daha böyük həcmdə maliyyə ayrılacaq. Beynəlxalq Enerji Agentliyinin fikrincə, gələn il bərpa olunan enerjidən əlavə 35 Tv/saat həcmində enerji istehsalı gerçəkləşərsə, 6 milyard kubmetr təbii qaza qənaət edilməsinə imkan yaranar.
Nüvə enerji reaktorlarını qapatmağın ertələnməsi və biokütləylə çalışan yeni elektrik stansiyalarının tikilməsi də qurumun əsas planlarından biridir. Bu istiqamətlərdə əlavə 70 Tv/saat enerji əldə edilməsi planlaşdırılır. Beləcə, daha 13 milyard kubmetr təbii qaza qənaət ediləcək.
Nəzərdə tutulan addımlar arasında alternativ enerji mənbələrinin həcmcə artırılması ilə yanaşı, həssas sosial qruplardan olan şəxslərin yüksək enerji qiymətlərindən qorunmasına yönəlik addımlar da var. Həssas sosial qruplardan olan ailələrin yüksək enerji qiymətlərinin təsirindən uzaq qalması üçün enerji istehsalçılarına xüsusi vergi mexanizmləri tətbiq ediləcək. İstehsalçılar enerjidaşıyıcıların təkdənsatış qiymətini topdansatış qiymətiylə müqayisədə qəfildən və yüksək səviyyədə artırmaq fikrinə düşsələr, daha çox vergi ödəməli olacaqlar. Belə mexanizm istehlakçıların 200 milyard avroyadək vəsaitə qənaət etməsinə imkan verəcək.
Buna da bax: Aktual sual: Azərbaycan Avropanı təbii qazla təmin edə bilər?Gözdən keçirilən variantlardan biri də evlərin isidilməsində qazla işləyən buxar qazanlarının (tutalım, kombilərin) istilik nasoslarıyla (məsələn, kondisionerlə) əvəzlənməsidir. Evlərin isidilməsi baxımından qaz əvəzinə elektrik enerjisindən istifadənin elektrik enerjisi istehsalına daha çox təbii qaz sərf edilməsinə yol açacağı düşünülə bilər. Ancaq Beynəlxalq Enerji Agentliyində düşünürlər ki, bu dəyişiklik son nəticədə daha səmərəlidir. Çünki il ərzində 2 milyard kubmetr qaza qənaət edilməsinə şərait yaranır. Bina və sənaye obyektlərində enerji səmərəliliyinin artırılması da eyni müstəvidə gözdən keçirilir. Evlərin yenilənməsi və smart termostatların quraşdırılması ildə daha 2 milyard kubmetrədək təbii qaza qənaət edilməsinə imkan verəcək.
Evlərdə ortalama istilik 1 dərəcə azaldılsa...
10 maddəlik planda diqqətçəkən daha bir məqam ictimai maarifləndirmə kampaniyaları ilə bağlıdır. Bildirilir ki, indi Avropada evlərdə ortalama istilik 22 dərəcədir. Bu göstərici cəmi 1 dərəcə azaldılsa, ildə 10 milyard kubmetr qaza qənaət etmək mümkün olacaq.
Agentliyin açıqladığı daha bir addım alternativ enerji mənbələri hesabına enerji sisteminin dayanıqlığını artırmaqla bağlıdır. Qurum bunu onunla əsaslandırır ki, hazırda enerji təchizatının dayanıqlığını təmin etmək üçün təbii qazdan çox geniş istifadə olunur. Bu baxımdan, əgər bir yerdə günəş və ya külək yoxdursa, təbii qazdan istifadə daha da çoxalır. Beynəlxalq Enerji Agentliyi çıxış yolu kimi enerji şəbəkələrinin genişləndirilməsini təklif edir. Söhbət hansı bir məntəqədə enerji olmadığı halda, digər məntəqədəki tələbatdan artıq enerjinin bura ötürülməsindən və beləcə, dayanıqlılığın təmin edilməsindən gedir. Rusiyadan enerji asılılığını daha da azaltmaq üçün Agentlik bütün bu addımlarla yanaşı, enerji resurslarının pik vaxtlarda tədarük imkanlarının genişlənməsinə imkan verən texnologiyaların inkişafını, alternativ enerji qaynaqlarının istifadəsi ilə bağlı araşdırma və tədqiqatlara daha çox resurs ayrılmasını və bu istiqamətdə səylərin artırılmasını da vacib sayır.