Keçmiş deputat həbsdə vəfat edib

Rəfael Cəbrayılov

2005-2019-cu illərdə deputat olmuş Rəfael Cəbrayılov sentyabrın 29-da həbsdə vəfat edib. Bu barədə AzadlıqRadiosuna sabiq deputatın mühakimə edildiyi Bakı Ağır Cinayətlər Məhkəməsindən məlum olub.

Sentyabrın 30-da Cəbrayılovun işi üzrə növbəti məhkəmə iclası keçirilməliydi. Lakin məhkəməyə məlumat daxil olub ki, təqsirləndirilən şəxs koronavirusdan vəfat edib.

Cəbrayılovun bir neçə gün əvvəl COVID-19-a yoluxduğu, bu səbəbdən Müalicə Müəssisəsinə köçürüldüyü, sentyabrın 29-da axşam saatlarında elə orada öldüyü bildirilir.

2021-ci ilin aprelində həbs edilən deputat Bakı İstintaq Təcridxanasında saxlanılırdı. Təcridxanadan da Cəbrayılovun öldüyünü AzadlıqRadiosuna təsdiqləyiblər.

Xatırlatma

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məhkəmədə ittihama münasibət bildirən Cəbrayılov onunla razılaşmadığını demişdi: "Özümü qətiyyən təqsirli bilmirəm...".

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum olunması üçün parlamentə müraciət etdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxardı.