Saxlandığı bildirilən hərəkat üzvündən xəbər var

R.Hümbətov

İyulun 7-də Ceyranbatan qəsəbəsində saxlanıldığı deyilən "Müsəlman Birliyi" Hərəkatının üzvü, ictimai fəal Razi Hümbətova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Bunu AzadlıqRadiosuna vəkil Cavad Cavadov bildirib. Onun sözlərinə görə, Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə R.Hümbətov barəsində həbs-qətimkan tədbiri seçilib.

Vəkil deyir ki o, hələ ki, müdafiə etdiyi şəxs ilə görüşə bilməyib. "Hümbətovun saxlanmasından məhkəmə nəzarəti qaydasında şikayət hazırlayıram, həbs qərarından isə apellyasiya şikayəti veriləcək", - o vurğulayıb.

Vəkilin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

+++

İyunun 7-də "Müsəlman Birliyi" Hərəkatının (MBH) üzvü Razi Hümbətovun saxlanıldığı bildirilir.

Bu barədə MBH-dən məlumat verilib.

Məlumata görə, R.Hümbətov yaşadığı Ceyranbatan qəsəbəsində saxlanıb. "Razi Ceyranbatanın mərkəzində ikən ona yaxınlaşan mülkigeyimli şəxslər heç bir səbəb göstərmədən onun qollarına qandal vuraraq, gəldikləri maşına mindirib hadisə yerindən uzaqlaşıblar", - təşkilatdan qeyd edilib.

Təşkilatdan habelə bildirilib ki, R.Hümbətovun saxlanması sosial şəbəkələrdə aktiv ictimai fəaliyyəti ilə əlaqəlidir.

Amma bu deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

MBH-nın bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsdədirlər. Onlar, əsasən, 2015-ci ildə bir neçə şəxsin ölümü ilə nəticələnən Nardaran hadisələrinə görə qətl və başqa ağır cinayətlərdə ittiham edilərək həbs olunublar. Amma onlar ittihamları qəbul etmir, baş verənlərə görə hüquq-mühafizə orqanlarının özlərini günahlandırırlar.