Daxili İşlər Nazirliyi (DİN) Müsəlman Birliyi Hərəkatının iki üzvü - Mail Kərimov və Süleyman Ələkbərovun mayın 20-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qalması ilə bağlı açıqlamalarına münasibət bildirib. DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edilən iddiaların tamamilə əsassız və yalan olduğunu bildirib: "Bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb edib. Mail Kərimovla Süleyman Ələkbərov polisin qanuni tələblərinə riayət etməyərək asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər".
Onun sözlərinə görə, dünyanın ən inkişaf etmiş, ən demokratik ölkəsində polis belə halda mütləq silaha əl atır, müqavimət göstərən şəxsi sərt qaydada zərərsizləşdirərək barəsində ağır cəza tətbiq edir: "Lakin bizim polis əməkdaşları hər iki şəxsi ərazi üzrə olan polis bölməsinə gətiriblər. Orada onlarla profilaktik söhbətlər aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar… ".
"Başıma torba keçirib məni döyürdülər"
Müsəlman Birliyi Hərəkatının üzvləri - Mail Kərimov və Süleyman Ələkbərov iddia edirlər ki, mayın 20-də Razi Hümbətovun məhkəmə prosesinə gəldikləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fiziki təzyiqə məruz qalıblar.
"Mənim əlimə qandal taxdılar və qatı cinayətkar kimi davrandılar. Maşınla apararkən başıma torba keçirib məni döyürdülər. Apardıqları yerdə də döyməyə davam ediblər. Yalnız kameraya artıq məhkəmələrə getməyəcəyimi dedikdən sonra məni aparıb boş bir əraziyə buraxdılar", - Kərimov bildirib.
Buna da bax: Almaniyadan qaytarılandan sonra həbs olunan azərbaycanlı: 'Zorlama ilə təhdid etdilər'Saxlananlardan üçünə inzibati həbs verildiyi bildirilir
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlandıqları söylənən beş nəfər şəxsdən üçü haqqında həbs qərarı çıxarıldığı, ikisinin isə buraxıldığı deyilir.
Saxlananların arasında olduğunu deyən Mail Kərimov bildirib ki, Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli və Elgiz Məmmədovun hər birinə 30 sutka inzibati həbs cəzası verilib. Onun vurğulamasına görə, həmin şəxslər barəsində polisə müqavimət ittihamıyla inzibati xəta protokolu tərtib edilib: "Ağəli Yəhyayev haqqında da 1 aylıq inzibati həbs qərarı çıxarılmışdı". A.Yəhyayevin de eyni ittihamla təqsirləndirildiyi deyilirdi.
M.Kərimovun qeyd etməsinə görə, onunla Süleyman Ələkbərovu isə mayın 20-də gecə saatlarında buraxıblar. O deyir ki, onu məhkəmənin qarşısında saxlayıb əvvəlcə 22-ci polis bölməsinə, saat 18:00 radələrində isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. M.Kərimov istər yolda, istərsə də idarədə işgəncələrə məruz qaldığını iddia edib. O vurğulayır ki, onu axşam saatlarında Binəqədi rayonu, "Baksol" adlanan əraziyə gətirib buraxıblar.
Müsəlman Birliyi Hərəkatının üzvünə 6 il həbs verildi
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib.
R.Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə günahkar sayılıb.
R.Hümbətovun atası məhkəmə qərarını qərəzli adlandırıb. Atasının sözlərinə görə, R.Hümbətovun qonşuları, digər şəxslər Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə onlarla məktub yazaraq onun bu işdə günahsız olduğunu və narkomaniya ilə mübarizə apardığını bildiriblər: "Lakin bu məsələ heç araşdırılmayıb".
Buna da bax: 'Siqaret çəkməyən adamı narkotiklə şərləyirlər…'Məhkəmənin qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesi izləmək üçün gələn bir çox şəxslərə imkan yaradılmadığı bildirilir. Onların arasında jurnalistlər və hüquq müdafiəçilərinin olduğu deyilir.
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Zəfər Əhmədovun sözlərinə görə, məhkəmə prosesi başlamazdan əvvəl polis əməkdaşları prosesi izləməyə gələnləri uzaqlaşdırmağa başlayıb: "Bizə dedilər ki, tapşırıqdır, amma tapşırığın kimin tərəfindən verildiyini demədilər. Prosesə gələnləri iki hissəyə bölərək "Nizami" kinoteatrı tərəfə uzaqlaşdırdılar".
Məhkəmə prosesinə gələnlərdən Ağaəli Yahyayev, Süleyman Ələkbərov və daha bir neçə şəxsin saxlandığı bildirilir.
Buna da bax: Rəsulzadə haqqında meyxana oxuyana narkotik ittihami ilə 7 il yarım həbs...R.Hümbətov ötən il iyulun 7-də saxlanıb. Müsəlman Birliyi Hərəkatı R.Hümbətovun həbsi ilə bağlı yaydığı bəyanatda onun həbsini sosial şəbəkələrdəki tənqidi paylaşımları ilə əlaqələndirib. O, həbsindən bir neçə gün əvvəl Facebook hesabından paylaşımında "İlham Əliyev, xalq səni sevmir" yazmışdı. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, Azərbaycanda heç kim tənqidi fikirlərinə görə basqı və ayrıseçkiliyə məruz qalmır.
Birliyin bəzi rəhbər şəxsləri hazırda həbsdədir. Onlar 2015-ci ildə ikisi polis olmaqla altı nəfərin həlak olduğu Nardaran hadisələrinə görə qətl və bir sıra başqa ağır cinayətlərdə günahkar sayılaraq 20 ilə qədər həbs cəzası aliblar. Amma həmin şəxslər məhkəmələrində ittihamları rədd edərək heç bir qətl və cinayətlərdə iştirak etmədiklərini açıqlayıblar.