Rafiq Əliyev: 'İnsanlıq dəyişmədiyi üçün taclı kabus gəldi'

R.Əliyev

Professor Rafiq Əliyev AzadlıqRadiosuna müsahibə verib.

- Rafiq müəllim, elmin, texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə təbabət bir infeksiyanın çarəsini tapmaqda çətinlik çəkir, XXI əsrdə çoxlarına bu durum təəccüblü gəlir. Bir alim kimi Siz bu haqda nə düşünürsünüz, necə izah edirsiniz?

- Koronavirus taclı bir kabusdur. Demokl qılıncı kimi bəşər övladının başı üstündən asılıb. Mən Sizin sualınıza qayıdacam. Bəs buna səbəb nə? Hamımız unutduq ki, bir kiçik kosmik gəmidə oturmuşuq, hamımız bunun sakinləriyik. Amma yola getmədik, davalar, qırğınlar, atom bombaları, hidrogen bombaları yaradıldı və s. Ən əsası, elm nə qədər inkişaf etsə də, əxlaq tısbağa sürətiylə irəlilədi. Mən həmişə yazılarımda demişəm ki, elmdə açar olmalıdır, yəni, elm hara qədər inkişaf etməlidir? Məsələn, indi sosial təcrid var, evdə qalırıq. Amma koronavirus probleminə qədər də insanların 30-40 faizi virtual dünyada yaşayırdı, doğmalarıyla, sevdikləriylə ünsiyyətləri yox idi, Madonnanı istənilən formada görə bilərdilər. Nəyə gətirirəm. Hara qədər elm lazımdır? Və yaxud Xirosimaya bomba atılandan sonra Eynşteyn dedi ki, bilsəydim, bu kəşfi etməzdim. Elmin ən qabaqcıl cəbhəsi olan gen mühəndisliyi gətirdi bu vəziyyətə çıxardı. Həmin taclı infeksiyanın - nano ölçüdən də kiçik zərrəciyin qarşısında İNSAN da, elm də aciz qaldı. Onu da qeyd edim ki, yığılan bu qədər silahla dünyanı 150 dəfədən çox məhv etmək olar. Amma o bombanın birini nano ölçüdə olan, gözə görünməyən zərrəciyə ata bildikmi? Yox. İlahi düzüm pozulub. Ancaq mən bunun yaxşı tərəfini də görürəm.

- Yaxşı tərəfi nə ola bilər?

- Düşünürəm ki, bu, böyük müharibələrin qabağını aldı. İkincisi, insan oğlu tövbə etməyi bacarsa və katarsisə yiyələnsə, yəni, özünü təmizləməyə başlasa, bu dünyadakı ab-havada yaşamağa davam etməsə, özünü yeni ab-havaya kökləsə, başqa bir dünyada yaşayacaq. Bu günlər keçib gedəcək, şübhəsiz. İnfeksiya hamımızı qovub evdə oturtdu, dünya iqtisadiyyatı hələ neçə ilə özünə gələ biləcək və s. Amma ən yaxşı cəhəti odur ki, yeni bir sivilizasiyanın başlanğıcı ola bilər.

Buna da bax: Rasim Balayev: 'Qurban olduğum qudurmuş adamları cəzalandırır'

- Bəzən deyirlər, koronavirus insanlıq üçün bir test, bir sınaqdır. Siz də belə düşünürsünüz, deyəsən?

- Düz fikirdir. 2000-ci illərin əvvəlində bir televiziya verilişində dedim ki, bugün dünyada hüzur pozulub, dünyanın həm mənəvi, həm də fiziki entropiyası pozulub. Dünyanın düzümü, hər şeyin düzümünün ölçüsü entropiyadır. Yəni, o çoxalanda xaosa, xaosdan partlayışa çevrilir. İndi entropiya hüzursuzluğun, ana təbiətə hücumların, nəfsimizin bu qədər qəddarcasına yüksəlməsi hesabına çoxalıb. Və dünyanın axırına cəmi 2-3 dəqiqə qalıb. O 2-3 dəqiqəni adlaya bilsək, 30-cu illərə yaxın fərqli bir sivilizasiyada yaşayacağıq. O sivilizasiyanın da canı tolerantlıq olacaq, qayğıkeşlik, birgəyaşayış olacaq. Mən bunu o zaman demişdim. İndi bu taclı kabus gəldi və düşünürəm, o bizə işarə verdi ki, bəsdir bu qədər. Hamımız tövbə deyə bilsək, nəfsimizə qalib gəlsək, fərqli sivilizasiyada yaşayacağıq.

- Rafiq müəllim, bugünlərdə "koronavirusdan sonra fərqli dünyada yaşayacağıq" fikri çox yayılıb...

- Bu yaxınlarda amerikalı alimin bir fikrini oxudum. Yumorla desə də, yerinə düşən fikirdir. Onun sözlərinə görə, bir futbolçuya milyonlar veririk, amma bir alim 50-60 minlik qrant almaq üçün aylarla, illərlə sürünür. O futboldan, şou-biznesdən əl çəkib elmə getməsək, haqqında danışdığımız dünya alınmayacaq. Son ümid elmədir. Bugünlərdə hamı düşünür ki, görəsən, nə vaxt alimlər dərman yaradacaq? Hər gün bunu düşünürük. Tövbə edib yeni sivilizasiyaya çatsaq, orda elmin hündürlüyü çox böyük olacaq. İndiki kimi bütün ziqzaqlardan bəşəriyyəti elm çıxarıb.

- Sizcə, yaxın zamanda elm COVID-19-un müalicəsini tapa biləcək?

- Mən bioloq deyiləm. Hesab edirəm ki, bir aya, ay yarıma infeksiyanın sönməsi gedəcək. Dərmanın tapılması 8-12 aya çəkəcək. Amma bundan da betər taclı kabus gəlməyəcəkmi? İndi bunu düşünmək lazımdır. İki yol var: ya tövbə edib başqa cür yaşamaq, bu bəla, bəşəriyyət üçün bir sınaqdır, ya da bundan dəhşətli vəziyyətlərə düşə bilərik. Amerika alimləri simvolik bir saat yaradıblar.

- Qiyamət saatı?

- Bəli. 2018-ci ildə o saatda 11:58 idi. 2019-cu ildə isə alimlər əqrəbi dəyişmədilər. 2018-ci ildə vəziyyət necəydisə, 2019-cu ildə də dünya eyni təlatümləri yaşayırdı. 2 dəqiqə qalıb qiyamətə. Əqrəbi qəsdən dəyişmədilər ki, vaxtımız qalmayıb, gəlin özümüz dəyişək. İnsanlıq dəyişmədiyi üçün taclı kabus gəldi və axırıncı xəbərdarlığı etdi. Bütün ehtimalların xəta payı var, amma mənə elə gəlir ki, mənəvi entropiyanın azalması lazımdır, insanların bir-birinə münasibəti dəyişməlidir, xüsusən də siyasətçilərin, hərbçilərin. İnsan oğlu dəyişməsə, onu çox böyük bəlalar gözləyir.

- Rafiq müəllim, iqtisadçılar son zamanlar, COVID-19 yayılmazdan da qabaq bir məqama diqqət çəkirdilər ki, dünyada iqtisadi tarazlıq pozulub. Bugün dünyada böyük pullar çox kiçik bir zümrənin əlində toplanıb, amma dünyanın böyük bir hissəsi aclıq, səfalət içində yaşayır. Bunu ayrı-ayrı ölkələrə də, yəqin, aid etmək olar, məsələn...

- Bu, yaxşı məqamdır. İnkişaf etmiş ölkələrdə rifah orta statistik dünya adamının rifahından təxminən 50-60 dəfə üstündür. Bunu faktlara əsaslanıb deyirəm. Amma bir şeyi anlamadılar. Nəfsə qalib gələ bilmədilər. İnsan övladı belədir ki, onun bütün hissləri ödənirsə, izafi bir hissə ehtiyacı yaranır. O zaman bayaq dediyiniz tarazlıq pozulur, qütbləşmə gedir. Axı, bu tarazlığı nizama salan ilahi qüvvə var. Mən belə düşünürəm. Ola bilsin, ateistlər mənə qarşı çıxsın, onu da qəbul edirəm. Allah insanı Hareta optimal yaradır: kimə, nəyi, nə qədər. Hareta italyan alimi olub. O deyir ki, insanın bir meyarını yaxşılaşdırmaq başqa bir meyarı pisləşdirmək hesabına mümkündür. Hamısı eyni vaxtda yaxşı ola bilməz. Allah Nüsrət Kəsəmənliyə rəhmət etsin. Yazırdı: "Atalıydı, analıydı uşaqlar, bizim evdə biri vardı, biri yox" . Həyatda həmişə belədir. Harın yaşayanlar bəs bu kabusu görmürdülər?..

Buna da bax: Ə.Nağıyev: 'Bu gün Əli İnsanovun yerində oturanın sərvəti Əli İnsanovunkundan 10 dəfə artıqdır'


Düzdür, Bill Geyts Davos Forumunda dedi ki, "mən belə kapitalizm istəmirdim, mənim ölkəmin vətəndaşları rifah içində yaşayır, Afrikada uşaqlar dərman tapmır, ölür". Bu cür düşünənlər azdır. Gərək tarazlıq pozulmasın. Bu kabusdan sonra yaranmasını arzuladığımız tarazlıq insan meyarları baxımından optimaldırsa, o zaman yaşamağa dəyər. Amma əks halda, indiki kimi, tarazlıq pozulur.

- Azərbaycanda necə, sosial ədalət, iqtisadi baxımdan tarazlıq varmı? Bugünlərdə insanlar işsizdir, kömək gözləyir və bəzilərinə yardım düşür, bəzilərinə düşmür. Siz bir alim, vətəndaş kimi kənardan nələri görürsünüz?

- Mən söhbətdən qaçmaq fikrində deyiləm. Ancaq Sizinlə apardığımız söhbət bəşəri idi. Yəni, hər hansı ölkədə vəziyyət necədir, necə olacaq, bu, ikinci, onuncu dərəcəli bir şeydir. Qayıdıram Azərbaycana. Bütün dünyadakı iqtisadi çöküş, həm neftin qiymətinin düşməsi... Mən neft tərəfdarı deyiləm. Hələ 2008-ci ildə yazmışdım ki, postneft dövrünü düşünmək lazımdır. 2011-ci ildə bir də yazdım bu haqda. Mən bu devalvasiyaları deyirdim. Bizi dünyada elə bir iqtisadi çöküş gözləyir ki... Özü də heç bir dövlət bundan qıraqda qalmayacaq. Bunun üçün ilkin növbədə iqtisadi araşdırmalar lazımdır. Bugün iqtisadiyyat elmi riyazi hesablamalara, riyazi modellərə, müasir texnologiyalara söykənmir. Bu çöküşdən çıxmaq istəyiriksə, iqtisadiyyat bu cür araşdırmalar üzərində qurulmalıdır. O ki qaldı lokal məsələlərə, bircə çağırış edə bilərəm, onsuz da kim nə qədər yığıbsa, ("yığıb" sözünün məna yükünü bildiniz, onun hamısı halal deyil) başa düşməlidir ki, bugün onun bir qəpiklik əhəmiyyəti yoxdur, imkanı olmayanlarla paylaşmaq lazımdır. Düzdür, dövlət bəzi paketlər qəbul edir, bəzi problemləri həll edir. Amma açıq, ya gizli milyonçuların vicdanı varsa, imkansızlara yardım etsinlər, mən onlara səslənirəm.

- Deputat Vahid Əhmədov bugünlərdə AzadlıqRadiosuna açıqlamasında dedi ki, bəzi imkanlılar Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2-3 min yardım edirlər və bu, absurddur. O təklif edir ki, maliyyə amnistiyası elan olunsun və xarici hesablarda toplanan vəsaitdən hamı yararlansın. Hökumət də bir dəfə buna ötəri toxunub. Sözümü Sizin dediklərinizə gətirmək istəyirəm, səsləndirdiyiniz aşkar, gizlin milyonçular bölüşməyə hazırdırlarmı?

- İndiki sivilizasiyada yox. Bu addımı atmaqdan ötrü yeni sivilizasiyanın yeni məntiqi lazımdır. Dünya indi Aristotel məntiqiylə işləyir: ya dostdur, ya düşməndir, ya ağdır ya qaradır, aralıq hədd yoxdur. O dediyiniz adamlarda da həmin məntiq, tolerantlıq yoxdur, amnistiya da olsa, ona getməyəcəklər.

- Sizcə, Azərbaycan hökuməti vətəndaşına lazımi dəstəyi göstərə bilirmi?

- Mən neytral adamam, yəqin bilirsiniz. Mən hesab edirəm ki, çox ölkələrlə müqayisədə vaxtında və daha ciddi addımlar atıldı. Ona görə də ölüm halları azdır, yoluxma da azdır. Belə götürəndə, addımlar atıldı. Amma hər şey o birinci alternativin necə yerinə yetirilməsindən asılı olacaq. Ona hansı hazırlıq görülməlidir? Nələr edilməlidir, hansı elmi potensial addım atılmalıdır?

- Dövlət indiki halda yeni sivilizasiyaya hazırlıqları düşünməlidir, ya bugün dağın başında köməksiz qalan vətəndaşının qeydinə qalmalıdır? Hansı birinci yerdə gəlməlidir?

- Hər ikisi. Demək istəmirəm, hansına daha çox üstünlük verilməlidir. Ancaq çox şey gələcəkdən asılı olacaq. Onu da indidən qurmaq lazımdır.

- Ötən həftə xalq artisti Afaq Bəşirqızı AzadlıqRadiosuna müsahibəsində dedi ki, azərbaycanlılar səfalı kəndləri qoyub şəhərə gəlirlər, "novostroykalar"ın zirzəmisində şikəst uşaq dünyaya gətirir, sonra da dövlətdən yardım istəyirlər. Onun fikrincə, kənddə qalıb yaşasalar, dolanmaq da asan olardı. Afaq Bəşirqızının fikirlərini bölüşürsünüzmü? Həqiqətən də insanlar kənddə qalıb Bakıda sıxlıq yaratmasalar, problemlər azmı olacaqdı? Yoxsa bu, daha çox hökumətin postneft dövrünə hazırlıqlı olmamasının nəticəsidir?

Buna da bax: Afaq Bəşirqızı: 'Məcburdur... 'novostroyka'nın zirzəmisində şikəst uşaq əkib-doğmağa?'

- Lakonik cavab verəcəm. Fransızların belə misalı var: "Dahilər kənddə doğulurlar". Mən tək Azərbaycandakı elm adamlarını götürürəm, XX, XXI əsrdə seçilmişləri sadalayıram: Zahid Xəlilov, İbiş İbrahimov, Əşrəf Hüseynov, Xudu Məmmədov, Lətif İmanov, Həsən Abdullayev, Mirabbas Qasımov kənddən çıxmış adamlardır. Mən demirəm, şəhərdən alim çıxmır. Amma bütünlükdə mən fransız misalının tərəfdarıyam. Əks fikir varsa, onu da qəbul edərəm.

- Bugün Azərbaycan hakimiyyəti Rafiq Əliyevi çağırıb böhrandan çıxmaqdan ötrü məsləhət istəsəydi, nələri önə çəkərdiniz?

- Çətin sualdır bir az. Real sual deyil çünki. Sizinlə söhbətimiz daha çox ismarışlardır. Bircə onu deyərdim ki, tolerantlıq məntiqinə keçmək gərəkdir. Vladimir İliç Lenin deyirdi ki, biznən olmayan bizim düşmənimizdir. Niyə? Neytral ola bilməz? Bir az dost ola bilməz? Aristotel məntiqi ilə işləmək lazım deyil, yeni məntiqə keçmək lazımdır. Bir də, elmə söykənmək lazımdır. Bu hadisələr göstərdi ki, bütün gözlər bir istiqamətə, elmə dikilib, yəni, nə vaxt dərman yaradılacaq? Bir dəfə azərbaycanlı jurnalist Lütfi Zadədən soruşdu ki, Azərbaycanın gələcəyini necə görürsünüz? O çox qısa cavab verdi ki, Cənubi Koreyaya baxın, nə qızılı var, nə nefti, nə də başqa yeraltı sərvətləri, ancaq yerüstü beyni var, o da elmdir. Bir dəfə mən iqtisadçıları yığdım, indi İqtisad İnstitutunun direktoru Nazim İmanov da vardı. Dedim ki, "gəlin neftdən asılı olmayan model quraq". Nəsə alınmadı. Sonra müstəqil iqtisadçıları yığdım, bir neçə görüş oldu, amma onda da alınmadı. Amma indi modellərlə bağlı yaxşı nəticə var, özü də qeyri-səlis məntiq nəticəsində yaxşı nəticələr əldə olunub. Onlar lazımi yerlərə göndərilib, ehtiyac olsa, istifadə ediləcək.

- Son sual. Bayaq ötəri toxundunuz, neftin qiyməti düşüb, istehsal dayanıb, iqtisadiyyat ağır vəziyyətdədir. Azərbaycan bu sınaqdan necə çıxa biləcək, Sizcə?

- Hamıya çətin olacaq. Amma katarsisdən keçməli, nəfsimizi gözləməliyik. Ola bilsin, danışığım ideal səslənir, mən həm də özümə hesabat verirəm. Hökmən hamı Havay adalarında istirahət etməlidir? Bir insan nə qədər nəsə yeyə bilər? Bir az bəsit də olsa, nə qədər kabab, şokolad yemək olar? Nəfsi gərək gözləyəsən. Bütün dünyada nəfs məsələsi bir nömrəli problem olacaq.