►AzTV rəhbərliyi tanınmış teletənqidçi Qulu Məhərrəmli barəsində cinayət işi qaldırılmasını, 100 min manat da cərimə ödəməsini istəyir
AzTV rəhbərliyi filologiya elmləri doktoru, teletənqidçi Qulu Məhərrəmlini məhkəməyə verib, barəsində cinayət işi qaldırılmasını istəyib.
Qulu Məhərrəmli AzadlıqRadiosuna deyir ki, bu yaxınlarda yerli mediaya müsahibəsində AzTV-nin fəaliyyətini təhlil edib, müsahibənin məhkəmə perspektivini isə gözləmirmiş:
– AzTV sədri barəmdə 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən cinayət işi qaldırılması üçün Nəsimi və Yasamal rayon məhkəmələrinə müraciət edib. Üstəlik, 100 min manat cərimə ödəməyimi istəyir. Sabah (aprelin 1-də – red.) səhər Yasamal rayon məhkəməsində cinayət işi məsələsi ilə bağlı hazırlıq iclası olacaq, yəni bu, hələ iddianın qəbul edilməsi deyil. Bizim də vəkillərimiz vəsatətlərlə bu prosesdə iştirak edəcəklər.
– Özünüz də qatılacaqsızmı?
– Bəli, hazırlıq iclasına qatılacam. Məlumatıma görə, məhkəməyə media nümayəndələri də gedəcək. Çünki bu, sıradan, təsadüfi bir hadisə deyil. Bu addım ölkədə bir jurnalistə, söz və mətbuat azadlığına basqı kimi qiymətləndirilir. Bu iddianı qaldıran da dövlət büdcəsindən maliyyələşən bir qurumun sədridir. Ona görə də məhkəməyə ictimai maraq böyükdür. Üstəlik, bu məsələ büdcədən hər il 50 milyon alan bir televiziyanın fəaliyyətinə diqqəti artırır, “bu qurumun rəhbərliyinin hansı peşəkar keyfiyyətləri var, bura kim rəhbərlik edir, bu televiziya necə çalışır” kimi sualları aktuallaşdırır.
__________________________________________________________
Bunlara da bax:
____________________________________________________________
“Burda nəinki böhtan, təhqir var…”
– Bu ittihamlara cavabınız nədir?
– Ümumiyyətlə, burda nəinki böhtan, nəinki təhqir, etikaya zidd heç bir şey yoxdur. Mən sözlə məşğul olan adamam. Bir adama “sən bu işə yaramırsan, qeyri-peşəkarsan” deməkdə heç bir təhqir, böhtan yoxdur. Bir adamın peşə keyfiyyətini, yarıtmaz fəaliyyətini tənqid edirsənsə, bu, tənqidi mülahizələrdir. Şəxslə bağlı deyilən fikirlər də qiymətləndirici mülahizələrdir və bəzi ifadələr sərt deyilib. Sərt deyildiyi, hədəfə dəydiyi üçün də AzTV rəhbərliyi belə davranış göstərir. Açığı, gözləmirdim ki, müsahibəm məhkəməyə gedib çıxsın. İndi onlar məhkəməyə gediblərsə, nəyə güvənirlər, hansı ssenari hazırlayıblar, bilmirəm. Amma fikirlərimdə heç bir təhqir və böhtan yoxdur. Xüsusi qaydada cinayət işinin açılmasını istəmək gülünc haldır. Hesab edirəm, bu, mediaya savaş açmaq deməkdir, söz və ifadə azadlığına qarşıdır. Belə ittiham irəli sürən adam nəticələri barədə ciddi düşünməlidir.
“AzTV reytinq cədvəlində yoxdur”
– Müsahibənizdə AzTV-nin fəaliyyəti haqqında dediyiniz fikirlərin üzərində qalırsızmı?
– Əlbəttə, qeyri-adi söz də deməmişəm. İllər boyu bu televiziyanın geniş tamaşaçı auditoriyası olmayıb, bu televiziya Azərbaycan cəmiyyətinin tamaşaçı rəğbətini qazanmayıb, reytinq cədvəlinə düşmür. Reytinqə bir “İdman” kanalı düşürdü, o da axırıncı yerdə, indi heç bu da yoxdur. AzTV-nin tamaşaçı auditoriyasını qazanan bir verilişi belə yoxdur. AzTV-çilər “Breyn rinq”, “Çto-Qde-Koqda” verilişlərinin yaxşı olduğunu deməyi çox sevirlər. Bununla qismən raziyam, amma bu verilişləri AzTV hazırlamır. Texniki imkanları ilə öyünürlər. Bəli, texniki potensial var, amma bu, televiziyanın fərasəti deyil, dövlətin ayırdığı maliyyənin hesabınadır. Ancaq indiyə qədər AzTV rəqəmsal yayıma tam keçməyib, halbuki, 2015-ci ildə bu proses bitməliydi. Demişdim ki, AzTV-də yaradıcılıq menecmenti yerində deyil. Dəfələrlə demişəm ki, AzTV-nin başında duran adam yaradıcı şəxs deyil, yaradıcılığı bilmir. Bilməyə, yaradıcı şəxs olmaya bilər, amma yayım siyasətini düzgün yönəltməlidir. Bu siyasət düzgün yönəldilmədiyindən də AzTV-nin populyarlığı yoxdur, camaat verilişlərdən narazıdır. Dövlət bu qədər pul verir ki, yaxşı verilişlər hazırlasınlar, amma eləyə bilmirlər. Əgər bunun effekti, səmərəliliyi yoxdursa, dövlət niyə bu qədər pul verir? Bunlar cəmiyyəti düşündürən suallardır. AzTV rəhbərliyi məni məhkəməyə sürükləməkdənsə, bu suallara cavab versin.
– Qulu müəllim, sizcə, məhkəməyə bu iddia ilə verilmənizin arxasında hər hansı siyasi sifariş varmı?
- Güman etmirəm. Bu, AzTV rəhbərliyinin öz təşəbbüsüdür. Dövlət qurumuna rəhbərlik edən bir şəxs tənqidə dözümlü olmalıdır. O, tənqiddən nəticə çıxartmalıdır və bu məhkəmə oyunları ilə, hər halda, bir ənənəsi olan televiziyanın imicini zədələməməlidir. Azərbaycanın imicinə zərbə vurmamalıdır. Bir adamı məhkəməyə vermək ciddi bir qərardır və hesab edirəm ki, bu, yanlış davranışdır.
AzTV məhkəmənin qərarını gözləyir
İttihamlarla bağlı AzTV münasibət bildirmək istəmədi. Dövlət televiziyasının mətbuat xidmətinin rəhbəri Xatirə Qasım məsləhət gördü ki, məhkəməni, prosesin nəticəsini gözləyək: “Biz bununla bağlı heç bir şərh etmirik, hamı məhkəmənin qərarını gözləsin”.
Buna da bax: "Karvan" Ticarət Mərkəzində çalışanlar etiraz edir
Sizin brauzer HTML5-i dəstəkləmir