2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2020-ci ilin eyni dövrünə nisbətən 5.7 faiz artıb.
Bu barədə bu gün, noyabrın 12-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları 6.7, qeyri-ərzaq məhsulları 4.6, əhaliyə göstərilmiş ödənişli xidmətlər 5 faiz bahalaşıb.
Açıqlamaya görə, bu ilin oktyabrında istehlak qiymətləri əvvəlki aya nisbətən 1.6, ötən ilin oktyabrına nisbətən 10 faiz yüksəlib. Son bir ayda təkcə ərzağın 2.8 faiz bahalaşdığı qeyd edilib.
"Reallıqda isə..."
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətlərinin əvvəlki ayla müqayisədə təqribən 3 faiz bahalaşması əslində yüksək bir rəqəmdir: "Son beş ildə bir ayla o biri ayın arasında dəyişikliyin bu qədər olmasını xatırlamıram. Həmişə 0.2-0.3 faiz olub. İndi isə rəsmi rəqəmi 3 faizə yaxın elan ediblərsə, reallıq daha təhlükəlidir".
İqtisadçının fikrincə, reallıqda bəzi ərzaq mallarının qiymətində dəfələrlə çox bahalaşma var. O xatırladıb ki, son bir ildə ərzaq inflyasiyası, rəsmi rəqəmlərə görə, təqribən 10 faizdir: "Reallıqda isə elə gündəlik tələbat məhsulları var ki, onların qiymətlərində artım daha yüksəkdir. Hətta 30-35 faizlik artım müşahidə olunur".