Qırğızıstanda araşdırmaçı jurnalistlərə həbs cəzası kəsildi

Azamat İşenbekov, Maxabat Tacibek-kızı və Ayke Beyşekeyeva

Bişkekdə məhkəmə "Temirov Live" antikorrupsiya araşdırma qrupunun işi üzrə hökm çıxarıb, iki jurnalistə həbs cəzası kəsilib. Tərəfdarları və media qurumları onlara ittihamları siyasi motivli sayır.

Layihənin rəhbəri Maxabat Tacibek-kızı 6 il, Azamat İşenbekov isə 5 il həbsə məhkum ediliblər. Hər ikisi mütəşəkkil cinayətkar qrup yaratmaqda, kütləvi iğtişaşlara çağırmaqda təqsirli biliniblər.

Aktilek KaparovAyke Beyşekeyevaya isə eyni ittihamlarla 3 illik şərti cəza kəsilib. Yeddi nəfərə bəraət verilib.

11 jurnalistin məhkəməsi iyunun 7-də başlanıb.

Bir neçə həftə öncə prokurorlar onların hər birinə 6 il həbs cəzası tələb etmişdilər.

"Temirov Live" layihəsinin indiki və keçmiş jurnalistləri 2024-cü il yanvarın 16-da saxlanılıblar. Polis onların evlərində və ofislərində axtarış aparmışdı.

Layihəni həm də Rusiya vətəndaşlığı olan araşdırmaçı jurnalist Bolot Temirov təsis edib. O, 2022-ci ildə şübhəli ittihamlarla Qırğızıstandan çıxarılıb. Temirov ABŞ Dövlət Departamentinin antikorrupsiya fəalı kimi tanıdığı 12 nəfərdən biri idi.

Bu, Qırğızıstan 1991-ci ildə müstəqillik əldə edəndən bəri jurnalistlərə və media işçilərinə qarşı ilk kütləvi məhkəmə prosesi idi.

Son dövrlər ölkədə azad media və vətəndaş cəmiyyətinə təzyiqlər artıb.