“Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək ümid edirəm ki, yaxşı nəticələr göstəririk”.
İyulun 10-da İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresindəki çıxışında “Cənub Qaz Dəhlizi”ndən danışan prezident İlham Əliyev belə deyib.
Qaz amilini dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərt kimi dəyərləndirən prezident Azərbaycan qazının Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyi olduğunu vurğulayıb.
Buna da bax: İlham Əliyev Tillersonla neft, Qarabağ və demokratiyadan danışıb
“Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki...”
“Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Gələcək onilliklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək”, - prezident deyib.
O uğurlu əməkdaşlıq formatından da danışıb: “Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur”.
Buna da bax: 'Cənub Qaz Dəhlizi'nin maliyyələşdirilməsi araşdırılır
“Yoxsulluğu, işsizliyi aşağı səviyyəyə sala bildik”
İ.Əliyev Azərbaycanın neftdən əldə edilən gəlirləri düzgün istifadə etdiyini, infrastruktur layihələrə yönəltdiyini də söyləyib: “Bu gün biz nəinki nefti, qazı, eyni zamanda, son illər ərzində tikdiyimiz onlarla elektrik stansiyasının istehsal etdiyi enerjini də ixrac edirik. Biz sosial infrastruktur layihələrinə böyük vəsait qoyduq - məktəb, xəstəxana tikintisi. Yoxsulluqla çox ciddi mübarizə aparılır. Neft sektoru əslində çox iş yeri yaradan sektor deyil. Amma buna baxmayaraq, biz neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu, işsizliyi aşağı səviyyəyə sala bildik və bu gün bu, təxminən 5-6 faiz səviyyəsindədir”.
XXII Dünya Neft Konqresi iyulun 10-da başlayıb. Konqresə dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərləri, bir sıra dövlət və hökumət rəsmiləri də qatılıb.
Buna da bax: Yoxsulluq səviyyəsi ABŞ-da 11% olanda, Azərbaycanda niyə 5%-dir?
1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni özündə birləşdirir.
Konqres iyulun 13-dək davam edəcək.