Deputat: 'Əməlləri sülhməramlı deyil'

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağda sülhməramlılar - Bakı ilə Moskva nələri razılaşdıra bilmir? (Video arxiv)

Rusiyanın Ukraynaya hücumu Azərbaycanda Rusiya sülhməramlıları ilə bağlı mövzunu yenidən gündəmə gətirib. Dünən, martın 10-da isə Ukrayna Prezidenti ofisinin müşaviri Aleksey Arestoviç mediaya açıqlamasında iddia edib ki, Qarabağa sülhməramlı kimi daxil olan hərbçilərinin bəzisi Ukraynada əsir düşüb. Azərbaycanda da sosial şəbəkələrdə həmin sülhməramlıların bir hissəsinin Ukraynaya aparılması ilə bağlı iddialar yer alır. Amma belə iddialar indiyə kimi nə Azərbaycan hökumətindən, nə də Rusiya Müdafiə Nazirliyindən təsdiqlənib.

Bütün bunlarla paralel, son günlər Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda qanunsuz silahlı dəstələrin təxribatlar törətdiyini vurğulayır. Qarabağda tanınmayan qüvvələrin təmsilçiləri isə Azərbaycanın özünü təxribatlarda ittiham edir.

2020-ci il 10 noyabr bəyanatına görə, Rusiya sülhməramlıları həmin ərazidə beş il qalmalıdır. Bəs bundan sonra Azərbaycan həmin məsələyə yenidən baxa bilərmi? Suala, hələlik, Azərbaycan Prezidentinin Administrasiyası və Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

E.Məmmədov

"Onlar himayədarlıq edirlər"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov "Turan"a bildirib ki, Azərbaycan ərazisinə daxil olan Rusiya hərbçilərini sülhməramlı kontingent kimi qəbul etmir: "Çünki əməlləri sülhməramlı deyil. Onlar sülhməramlılıq missiyasına ləkə gətirən bir qrup hərbi kontingentdir. Onlar bizim ərazimizdə uzun illərdir kök salmış separatçı qurumun fəaliyyət göstərməsinə himayədarlıq edirlər və şərait yaradırlar".

Deputatın sözlərinə görə, İkinci Qarabağ müharibəsinin bitməsindən 1 il 4 ay keçməsinə baxmayaraq, hələ də Ermənistana məxsus silahlı birləşmələrin bir neçə minlik hissəsi Azərbaycan ərazisində qalmaqda davam edir: "Hələ də Rusiya hərbi kontingenti onlarla sıx əməkdaşlıqdadır və onların təminatında, təlimatlandırılmasında, onların bizim ərazimizdə bu günə qədər qalmasında fəal iştirak edirlər. Elə çıxır ki, maraqlıdırlar".

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağdakı sülhməramlılar muzdlu döyüşçüyə çevrilə bilər? Rusiyalı ekspertin şərhi

"Gələcəkdə bizim üçün də problemlər yarada bilər"

Komitə üzvü bildirib ki, Rusiyanın Ukraynada dinc əhaliyə qarşı törətdiklərini görür: "Doğum evini bombalayırlar, xəstəxanalar bombalanır, uşaq bağçaları, məktəblər. Dinc əhali, Ukraynadan çıxmağa çalışan qadınlar, uşaqlar əlacsızdırlar, yollarda bombalanır. Belə bir əməlin sahibi olan dövlətin bizim ərazimizdə sülhməramlılarının olması, mənə elə gəlir ki, gələcəkdə bizim üçün də müəyyən problemlər yarada bilər".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalması artıq doğru deyil: "Çünki Rusiya Ukrayna ilə elan olunmamış işğal müharibəsini aparır və dünya tərəfindən pislənilir. Azərbaycanın özü Ukraynanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən də Qarabağda olan sülhməramlıların bir qisminin Ukraynada əsir düşdüyü deyilir".

E.Şahinoğlu

"10 noyabr reallığı isə ondan ibarətdir ki…"

Lakin siyasi şərhçisi deyir ki, reallıq buna imkan vermir: "10 noyabr reallığı isə ondan ibarətdir ki, hələ dörd il onlar bölgədə qalmalıdırlar".

Buna baxmayaraq, ekspert hesab edir ki, bu məsələni qaldırmaq vaxtıdır: "Çünki Qarabağda təxribatların sayı artıb, Azərbaycan əleyhinə dezinformasiyalar yayılır. Bütün bunlar Azərbaycana təzyiq vasitəsidir. Hesab edirəm ki, Rusiya hərbçilərinin bölgədən çıxarılması məsələsi ciddi şəkildə qaldırılmalıdır".

Yazıda səslənən fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma Rusiya rəsmiləri iddia edirlər ki, onların məqsədi Ukraynanı işğal etmək yox, onun neytrallığına nail olmaqdır. Üstəlik, onların iddiasına görə, Ukrayna hərbi qüvvələri mülki şəxslərdən sipər kimi istifadə edirlər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azər Qasımlı: 'Əliyevin sülhməramlı çıxışı etiraf idi'

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Bu müharibədən bir neçə gün əvvəl də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra isə Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.