Xankəndində olanlara Bakıdan necə baxılır?

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağdakı rejim separatçılığın 33 ilini qeyd edir... Video arxiv (22 fevral 2021)

Azərbaycanın işğal altında olan Xankəndi şəhərində bu günlər tanınmayan "Dağlıq Qarabağ Respublikası"nın 30 illiyi qeyd edildi. Ermənistan Baş naziri Nikol Paşinyan öz təbrik məktubunda bildirib ki, "Artsax (Qarabağ) xalqının müqəddəratı müqəddəsdir və güc yolu ilə dayandırıla bilməz". O həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb.

İndi Azərbaycanda bir sıra müşahidəçilər belə suallar səsləndirirlər: Azərbaycan Xankəndi və digər nəzarət etmədiyi ərazilərinin məsələsini unudubmu? Ümumiyyətlə, Azərbaycan prezidentinin bir müddət əvvəl Qarabağın statusunun gündəmdən çıxması ilə bağlı dedikləri özünü doğruldurmu?

Dünən, sentyabrın 2-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayaraq Ermənistan rəhbərliyini separatçılığı qızışdırmaqda günahlandırıb.

E.Mirbəşiroğlu

"Azərbaycan ordusu torpaqlarımızın əhəmiyyətli hissəsini…"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu da "Turan"a bildirib ki, 30 il ərzində Azərbaycan torpaqları işğal altında olub: "Etiraf etmək lazımdır ki, cəmiyyətdə bu torpaqların işğaldan azad olunacağı ilə bağlı ümidlər də səngiməkdə idi. Amma biz gördük ki, Azərbaycan ordusu Ali Baş komandanın rəhbərliyi altında torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdi".

Deputatın fikrincə, bəzən bir prosesin əhəmiyyətini dərk etmək üçün bir zamanın keçməsi tələb olunur. O vurğulayıb ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün bir neçə istiqamətdə strategiya həyata keçirib: "Strategiyanın bir istiqamətini siyasi yollar təşkil edirdi. Biz münaqişə ilə bağlı dünyaya obyektiv informasiyanı ötürə və qəbul etdirə bildik. Onun ardınca biz ötən il sentyabrın 27-də əks-hücum əməliyyatları həyata keçirdik və torpaqların əhəmiyyətli hissəsini işğaldan azad etdik".

Sizin brauzer HTML5-i dəstəkləmir

İşğaldan azad olunan bölgələrə səfər üçün kimlərdən icazə alınmalıdır?

"Bu gün bizim əsas strateji təsir gücümüz…"

E.Mirbəşiroğlu hesab edir ki, Azərbaycan bu gün strategiyanın siyasi vektorunu həyata keçirməkdədir: "Biz siyasi və hərbi vektorlar üzrə addımları atdıq. Bu gün bizim əsas strateji təsir gücümüz iqtisadi layihələrin həyata keçirilməsidir".

Deputatın sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin kifayət qədər ciddi iqtisadi potensialı Azərbaycanın milli iqtisadi inkişaf dövriyyəsinə qatılacaq: "Üç hava limanın tikilməsi regionuna çox ciddi investisiyaların cəlb olunmasına imkan yaradacaq. Belə olan halda beynəlxalq təhlükəsizlik təminatı da yaranmış olur. Azərbaycan ərazisində yaşayan ermənilərin də Azərbaycanın yaratmış olduğu yeni iqtisadi proseslərdə iştirak etməkdən başqa yolu qalmayacaq".

Ə.Oruclu

"Laçın dəhlizinə nəzarətə nail olmalıdır"

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan problemi həll etmək üçün ilk növbədə Laçın dəhlizinə nəzarətə nail olmalıdır: "Əlbəttə ki, bu, bugünkü şərtlərlə və 10 noyabr anlaşması çərçivəsində qeyri-mümkündür. Amma nəzərə alsaq ki, bu 10 noyabr anlaşmasının şərtlərinə nə Rusiya, nə də Ermənistan tərəfi əməl edir, Azərbaycan da artıq bu istiqamətdə çalışmalıdır".

Ekspertin fikrincə, onda separatçıların və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah-sursatın, hərbçilərin keçirilməsinin qarşısını almaq mümkün olacaq: "Bu halda separatçıları və onların havadarları məcbur olacaqlar ki, reallıqla hesablaşsınlar".

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.