Bu gün, sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlamasının 1 ili tamam olub. Bəs bir il sonra baxanda o hadisələri necə dəyərləndirmək olar?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, 2018-ci ildə Ermənistanda hakimiyyətin dəyişməsinə baxmayaraq, eyni siyasət həyata keçirilib:
"Bu da danışıqlar prosesinin üstündə xətt çəkdi"
"Onlar çalışırdı ki, Azərbaycan torpaqlarını əbədi işğalda saxlasınlar. Nikol Paşinyan hakimiyyətə gələndən sonra müəyyən ümidlər yarandı ki, o, əvvəlki hakimiyyətin yeritdiyi siyasətdən imtina edəcək. Amma təəssüf ki, Ermənistan daha da qabağa getdi, keçmiş Müdafiə naziri Tonoyan Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürdü. Nikol Paşinyan da "Qarabağ Ermənistandır, nöqtə" dedi. Bu da danışıqlar prosesinin üstündə xətt çəkdi".
Deputat qeyd edib ki, hələ müharibə başlamazdan öncə, ötən ilin iyulunda Tovuz istiqamətində Ermənistanın hərbi təxribatı olmuşdu: "İyul-avqust aylarında Ermənistan Azərbaycan ərazilərini atəşə tutmuşdu. Sentyabrın 27-də isə Ermənistan tərəfi bütün cəbhə boyu artilleriya atəşi ilə bizim hərbi və mülki obyektlərimizi hədəfə aldı. Belə olan vəziyyətdə Ali Baş komandan cənab İlham Əliyev əks-hücuma keçməklə bağlı əmr verdi".
"300-dən artıq kənd və şəhər işğaldan azad edildi"
Onun xatırlamasına görə, müharibənin ilk günü artıq Azərbaycanın altı kəndi işğaldan azad olunub: "Həmin gündən başlayaraq 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedərək torpaqlarımızı işğaldan azad edirdi. Bunun zirvə nöqtəsi noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Müharibə gedişatında 300-dən artıq kənd və şəhərlərimiz işğaldan azad edildi".
"Ermənistan elə bilirdi ki, Rusiya buna imkan verməz"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna deyib ki, Qarabağ münaqişəsi ilə bağlı 27 il danışıqlar gedib və bu danışıqların nəticəsinin olmayacağı aydın idi: "Biz bilirdik ki, müharibə qaçılmazdır. Amma Ermənistan tərəfi elə bilirdi ki, Azərbaycan heç vaxt müharibə başlamaz, Rusiya buna imkan verməz, başqa hesabları nəzərə alırdı".
Onun sözlərinə görə, 2016-cı ildə Rusiya təzyiq etdi və Azərbaycan dörd gündən artıq savaşa bilmədi: (2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhədə atəşkəs pozuldu, ağır silahlar işə düşdü və hər iki tərəf itkilər verdi) "Amma ötən ilin yayında Ermənistanın təxribatları baş verdi və müharibəyə hazırlıqlar başladı. Müharibə 44 gün çəkdi. Savaş iki cəbhədə getdi. İkinci cəbhədə müxtəlif dövlətlərin Azərbaycana etdiyi təzyiqlər olub. Bu dəfə Ermənistanın hesaba qatmadıqları Türkiyə var idi və Türkiyə Azərbaycana dəstək verdi".
"Müəyyən şifahi razılaşmalar da var"
Onun fikrincə, son hadisələri izləyəndə görünür ki, 10 noyabr yazılı bəyanatından başqa müəyyən şifahi razılaşmalar da var: "Çünki 10 noyabrdan sonra müəyyən söhbətlər var idi, Qazaxın 7, Naxçıvanın isə 1 kəndinin qaytarılması haqqında deyilirdi. İndi isə başqa mövzu müzakirə olunur ki, Xocalı, Xocavəndin bir hissəsi, Ağdərə tərəfdə də mövqelər Azərbaycana qaytarılacaq. Ola bilməz ki, biz 10 noyabr bəyanatına razılaşaq, amma Xocalı məsələsini həll edə bilməyək".
Amma bu mövzuda AzadlıqRadiosuna danışan başqa ekspertlər belə müzakirələri əsassız sayırlar. Onlar düşünür ki, belə söz-söhbətlərin ortalığa atılmasında maraqlı dairələr var. Həmin şəxslər hesab edirlər ki, belə söz-söhbətlərin yaranmasında hakimiyyət də maraqlıdır.
Xatırlatma
2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Hər iki müharibədə Azərbaycanın 20 min civarında insan itirdiyi bildirilir.
ATƏT-in Minsk qrupu uzun illər bu münaqişənin tənzimlənməsində vasitəçi olub. ABŞ, Rusiya və Fransa qurumda həmsədrlər olublar.