Təzəxan Mirələmliyə cəza istənildi

T.Mirələmli

Özünü videobloqer kimi təqdim edən Ata Abdullayevə görə "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə 1 il azadlığın məhdudlaşdırılması (elektron qolbaqla gəzmə) cəzası istənilib. İyunun 18-də Xətai Rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror deyir ki, T.Mirələmlinin A.Abdullayevi vurmaqla xuliqanlıq etməsi məhkəmədə təsdiqləndi.

A.Abdullayev bu cəzayla razılaşmayıb, deyib ki, ona CM-in 221.1 (xuliqanlıq) maddəsində nəzərdə tutulmuş ən ağır cəza verilməlidir. Bu da 2 il azadlıqdan məhrumetmədir.

Prokurorun çıxışından əvvəl ifadə verən T.Mirələmli isə özünü təqsirli bilməyib. Deyib ki, fevralın 26-da Xocalı faciəsinin ildönümü ilə əlaqədar Milli Şura üzvləri "Ana harayı" abidəsini ziyarət edəndə o da həmin yerdə çəkiliş aparıb. Həmin vaxt A.Abdullayev çəkilişə mane olub, təhqiramiz ifadələr səsləndirib, təxribata çəkməyə çalışıb: "Mən ondan bu cür hərəkətlərə son qoymasını tələb etdim".

T.Mirələmli A.Abdullayevin məhkəmə prosesindən öncə saytlarda yayımlanmış açıqlamasının araşdırılmasını istəyib: "Orada deyir ki, məndən şikayətçi olmaqda başqa məqsədi var - Əli Kərimli məhkəməyə gəlsin, onu təhqir etsin. Özü etiraf edib".

Məhkəmə iyunun 25-də davam edəcək. Həmin iclasda T.Mirələmli son sözünü deyəcək, ardınca hökm oxunacaq.

T.Mirələmli AzadlıqRadiosuna bildirib ki, prokurorun istədiyi cəza ilə razılaşmır: "Bu, faktiki məni daim nəzarətdə saxlamağa, fəaliyyətimi məhdudlaşdırmağa yönəlik cəzadır".

T.Mirələmli həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. AXCP onun cinayət məsuliyyətinə cəlb edilməsini partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirir.

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını bildirir.