Prezident dövlət qurumlarının rəhbərlərini tənqid edib

İlham Əliyev

“Dedim ki, a kişi Şuşada sərhəd var?”

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra qurumların işğaldan yeni azad edilən Şuşa şəhərində nümayəndəliklərini açmaq istəməsinə mənfi münasibətini bildirib.

O, “Mərkəzi Bankın sədri Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirib və bu məsələyə münasibətinizi öyrənmək istərdik”, - sualına belə cavab verib:

“Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz, kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir.”

“Subordinasiya olmalıdır”

Prezident vurğulayıb ki, burada subordinasiya olmalıdır:

“Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır.”

Prezidentin dediyinə görə, bütün işlər ardıcıllıqla edilir:

“Mina sahələrinin xəritələrini vermirlər”

“Mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur.”

Prezident qeyd edib ki, mina təmizləməklə əlaqədar işlər başa çatmalıdır:

“Ondan sonra ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təzminat davasında da uğur qazana bilmərik.”

Buna da bax: Rusiya Qarabağda Abxaziya və Cənubi Osetiyadakı kimi 'davrana bilməz'

“Heç kim özbaşınalıq edə bilməz”

Prezidentin dediyinə görə, sonra infrastruktur layihələri icra edilməlidir:

“Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan duracaq deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu... Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bir. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir...”

Prezident daha sonra sual edib:

“İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə.”

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezidentin təyin etdiyi analitik:"Xocalı köçkünlərinin qayıtması hələ real deyil"

“Bu, prinsipcə absurddur.”

Prezident başqa dövlət qurumlarının da adını çəkib:

“Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin. AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur.”

“Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?”

Prezidentin dediyinə görə, Dövlət Gömrük Komitəsi də Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib:

“Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, “icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində”. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah.”

Sizin brauzer HTML5-i dəstəkləmir

Şuşa necə idarə olunacaq?

“Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm”

Prezident Dövlət Sərhəd Xidmətinin də adını çəkib:

“Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasını da yaradaq. Dedim ki, “a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox?” Deyir “yoxdur”. Deyirəm “bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına...””

Prezident daha sonra deyib:

“Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı, necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub...”

Prezident sonda da deyib:

“İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz.”

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezidentin şəxsi nümayəndəsi Qarabağda nə işlərə cavabdeh olacaq?

Müsahibədə adı çəkilən qurumların rəhbərlərindən prezidentin dediklərinə, hələlik, münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.